Bəşəri şair

Azərbaycan ədəbiyyatında adı tez-tez xatırlanan şairlərdən olan İmadəddin Nəsiminin həyatı ilə yanaşı, yaradıcılığı da janr baxımından çoxşaxəlidir. Onun adı Yaxın Şərqdə mərdlik, fədakarlıq və iradə rəmzi kimi hörmətlə çəkilir. Nəsimi məsləki uğrunda dara çəkilən, bəzi mənbələrə görə ən ağır cəza kimi diri-diri dərisi soyulan, son nəfəsinə kimi əqidəsindən dönməyən şəxs olmuşdur. Nəsimi həm də Azərbaycan dilində ilk şeir nümunələri yazan bir şairdir.

 

Nəsimi üç dildə - Azərbaycan, ərəb və fars dillərində yüksək səviyyəli poetik nümunələr yaratmışdır. O, Nizami, Xəqani, Məhsəti, Fələki Şirvani, Zülfiqar Şirvani, Arif Ərdəbili, Mahmud Şəbüstəri, Marağalı Əhvədinin əsərlərindən bəhrələnmişdir. Yaxın Şərqin tanınmış simaları olan Cəlaləddin Rumi, Rudəki, Sədi və başqalarının əsərlərini dərindən mütaliə etmiş, gənc yaşlarından özü də şeir yazmağa başlamışdır.

 

Nəsiminin yaşadığı dövrdə müxtəlif təriqətlər mövcud idi. Nəsimi mövcud təriqətlər içərisindən Sufiliyi seçmiş, sufizmin yaradıcısı və təbliğatçısı olan Nəiminin yaxın silahdaşı, şagirdi, dostu olmuşdur.

 

O dövrdə feodal zülm və istismarına qarşı çıxanlar yeni-yeni təriqətlər yaradaraq, hakim qüvvələrə qarşı mübarizə aparırdılar. Bu da ən çox şairlərin belə təriqətlərə cəlb olması ilə nəticələnirdi.  Təbii ki, o dövrdə təbliğat mexanizmi kimi canlı qüvvədən istifadə olunurdu. Şairlər isə bu təbliğatın önündə gedirdilər.

 

Bu zaman bir çox hallarda kəndli üsyanlarına, feodal toqquşmalarına səbəb olurdu. Məhz elə buna görə də həmin təriqətin yaradıcıları və rəhbərlərinə qarşı çox sərt cəza tədbirlərini gerçəkləşdirib, xalqın əzmini qırmağa çalışırdılar.

 

Sufizmin davamı kimi qiymətləndirilən hürufiliyin əsasını Fəzlullah Nəimi qoysa da, onun layiqli davamçısı İ.Nəsimi oldu.

Nəimi hürufi təriqətinin nəzəri əsaslarını özünün məşhur “Cavidannamə”, “Məhəbbətnamə”, “Növmnamə” əsərlərində şərh etmişdir.

 

Tərəfdaşlarını artırmaq məqsədi ilə Nəimi Yaxın Şərqdən Şirvana, Bakıya gəlmiş, özünə xeyli tərəfdaşlar toplamışdır. O, Naxçıvana səfəri zamanı Teymurləngin oğlu Miranşahın adamları tərəfindən tutularaq həbs edilmiş, Naxçıvan yaxınlığındakı Alınca şəhərində amansızlıqla edam olunmuşdur.

 

Nəsimi bundan sonra Nəiminin davamçısı kimi bu işə daha səylə yanaşır.

 

Nəsimi ilə bağlı müxtəlif şayiələr dolaşmağa başlayır. Nəsimisevərlər, hətta qohumlar, xüsusən, qardaşı Şah Xəndan Nəsimiyə ehtiyatlı olmağı, bu işi tərəfdaşlarına həvalə etməyi tövsiyə etsə də, o, bu yoldan dönmür, özü təbliğatın əsas qüvvəsinə çevrilir.

 

 

 

Dəryayi-mühit cuşə gəldi,

Kövnilə məkan xruşə gəldi.

Sürri-əzəl oldu aşikara,

Arif necə eyləsin müdara?

 

Nəsiminin ölümü haqqında müxtəlif əhvalatlar söylənsə də, diri-diri dərisinin soyulduğu təsdiqlənmişdir.

 

İnsana, onun ləyaqətinə, qüdrətinə olan yüksək inam Nəsimi şeirlərində öz əksini tapmışdır. Nəsimi insana böyük dəyər verərək, insanı həyati gözəlliklərin əsas mənbəyi kimi vəsf etmişdir. Əsərlərinin çoxu rəqiblərinə yönəldilmişdir. O, əks tərəfi həyatı dərk etməyə, onu duymağa, kainatın əşrəfi sayılan insana dəyər verməyə səsləyir:

 

Mərhaba, xoş gəldin, ey ruhi rəvanım, mərhaba!

Ey şəkərləb yari-şirin, laməkanım, mərhaba!

Könlümə heç səndən özgə nəsnə layiq görmədim,

Surətim, əqlim, üqulim, cismü canım, mərhaba!

 

Nəsiminin əksər şeirlərində “İNSAN” ilahiləşdirilir, dəyərləndirilir, ən yüksək mərtəbəyə qaldırılır. O, nadanlara müraciət edərək, söyləyir ki, Allahı görmək, dərk etmək istəyirsənsə, mələksifətli insanların üzünə diqqətlə baxsan, Allahı onların simasında, bənizində hiss edərsən, həmin kəlməni insanın üzündəki cizgilərdə taparsan. Allahın “OL” kəlməsi ilə yaranan insana zülm göstərmə, rişxənd etmə, ona dəyər ver.

 

Nəsimi heç vaxt şeirlərində nə Allahı, nə də “Quran”ı inkar etməyib, Allahı kainatın, bəşər övladının yaradıcısı, “Quran”ı isə bəşəriyyətin bütün sirlərinin açarı hesab edib:

 

Canənə mənim sevdiyimi can bilir ancaq,

Könlüm diləyin dünyada canan bilir ancaq.

 

***

Bildim, tanıdım elmdə məbudu, yəqin ki,

Şöylə bilirəm kim, anı Quran bilir ancaq.

 

Bəziləri Nəsimini gözdən salmaq məqsədi ilə “ənəlhəqq” ifadəsini təhrif edərək, Nəsiminin Allahı inkar etdiyini söyləmişlər. Nəsimi daim Allaha tapınır, ondan kömək diləyir:

 

Yarəb nə səbəbdəndir olur taqətimiz taq,

Çoxdan bəridir, çeşmimiz ol çeşminə müştaq.

Allah ilə ol imdi, niyaz eylə, Nəsimi,

Başəd ki, suçundan keçə lütf eyləyə müştaq.

 

Nəsimi həqiqətən də dünyəvi, bəşəri şair kimi tarixə düşmüş bir şəxsdir.

 

Nəsimi külliyyatında bütün peyğəmbərlərin, tanınmış ədəbi nümayəndələrin adlarına bu və ya digər formada dəfələrlə rast gəlinir.

 

Aşağıda verilən bəzi nümunələr söylənən fikirlərin bariz nümunəsidir:

 

Heç kimsə Nəsimi sözünü kəşf edə bilməz,

Bu quş dilidir, bunu Süleyman bilir ancaq.

 

***

Kim ki, sevdasından oldu sayru şəhla gözlərin,

Şərbəti-şirin ləbindir, İsəvi nitqin təbib.

 

Nəsimi yaradıcılığı daim xalqımız tərəfindən sevilmiş, dövlət səviyyəsində diqqət mərkəzində olmuşdur. Dünya xalqları da onun yaradıcılığına böyük dəyər verirlər. 2017-ci ilin may ayında Parisdə UNESCO-nun baş qərargahında Nəsiminin vəfatının 600 illiyi qeyd edilmiş, 2018-ci ilin sentyabr ayında isə ölkəmizdə Nəsimi şeir, incəsənət və mənəviyyat festivalı keçirilmişdir.

 

Nəsimi irsinin müasir humanitar düşüncənin tələbləri kontekstində aktuallığını, milli mədəni-mənəvi dəyərlərin təbliği baxımından xüsusi əhəmiyyətini nəzərə alaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən 2019-cu il ölkəmizdə “Nəsimi ili” elan edilmişdir.

 

Nəsimi yaradıcılığı ümumbəşəridir. Fikrimi dahi şairin məşhur bir beyti ilə tamamlayıram.

 

Dedi Seyyidi Nəsimi, nə zəri sevdi, nə simi,

Əbədi sevdim Nəimi, hurilə cananə gəldim!

 

Alı SƏFOLU (Alıyev)

fəlsəfə doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-publisist



05.10.2019 | 15:46