“Xəzərin taleyi Aralın faciəsini yaşamamalıdır”

Azərbaycanda Avrasiya Xalqları Assambleyası günləri çərçivəsində AMEA-nın  Coğrafiya İnstitutunda Milli Elmlər Akademiyası, Təhsil Nazirliyi və “Xəzər-Avrasiya” Mərkəzinin  (Rusiya) dəstəyi ilə “Xəzərin Avrasiya inteqrasiyasına töhfəsi: sülh, harmoniya və mehriban qonşuluq dənizi”  mövzusunda Dəyirmi masa  keçirilib.

 

Tədbirdə beynəlxalq hökumətlərarası və qeyri-hökumət təşkilatları, qeyri-kommersiya təşkilatları nümayəndələri, ekspertlər, elm və mədəniyyət xadimləri, jurnalistlər iştirak ediblər.

 

Avrasiya Xalqları Assambleyasının Avrasiyanın Perspektiv İnkişafı Şurasının sədri, Rusiya Xalqları Assambleyası Şurası sədrinin birinci müavini İqor Kruqovıx bildirib ki, Xəzərin hüquqi statusunu təyin edən Konvensiyanın qəbul etdiyi kommunikedə deyildiyi kimi, Xəzər sülh, həmrəylik və mehriban qonşuluq dənizidir:” Vətəndaş cəmiyyəti olaraq, təşkilatın əsas məqsədi bu istiqamətdə əməli işlərin həyata keçirilməsi üçün konkret tədbirlər planının, yol xəritəsinin işlənib hazırlanmasıdır”.

 

Coğrafiya institutunun rəhbəri, akademik Ramiz Məmmədov deyib ki, sahilində 20 milyon insanın yaşadığı Xəzər dənizi regionunun ekoloji vəziyyəti olduqca gərgindir:”Bəzi yerlərdə çirkləndiricilər normadan 10-20 dəfə  artıqdır. Nərə balığı ehtiyatının tükənmə problemi yaranmışdır. Səviyyəsinin dəyişkənliyi nəticəsində 1989-1995-ci illərdə Azərbaycanda  ekoloji vəziyyət pisləşmiş, evlər, torpaqlar suyun altında qalmış, ölkənin sahil zonasında “ekoloji qaçqınlar” yaranmış, ölkəyə dəyən ziyanın dəyəri 2 milyard ABŞ dolları olmuşdur”.

 

Rusiya çarı I Pyotrun vaxtında Xəzərin nərə balığını simvolizə etdiyini, XX əsrdən isə onun yerini qılınc və qalxan tutduğunu deyən akademik diqqətə çatdırıb ki, əvvəllər dəniz iki dövlətin sərhədində yerləşirdisə, SSRİ-nin dağılması nəticəsində onun ətrafında beş müstəqil dövlət yaranmışdır. Ona görə də bu ərazi geopolitik maraqların toqquşduğu bir regiondur. Və əgər Xəzərin taleyinin Aralın faciəsinə dönməsini istəmiriksə, əl-ələ verib onu məhv olmaqdan qorumalıyıq.

 

Həştərxan Dövlət Universitetinin nümayəndəsi, fəlsəfə elmləri doktoru  Pavel Karabuşenko  Xəzəryanı dövlətlərin  təbiəti, ekologiyası, coğrafiyası, iqtisadiyyatı və tarixini əks etdirən dənizin xüsusiyyətləri ilə bağlı ensiklopediyalar kompleksi hazırlamaq üçün layihələr təqdim edib.

 

İqtisadi lüğətin yaranmasını da vacib hesab edən natiq Xəzəryanı dövlətlərin nümayəndələrini layihəyə qoşulmağa çağırıb. Xəzər mövzusu ilə əlaqəli bütün elmi işləri vahid elmi məkanda birləşdirən Xəzər elmi ekspert mərkəzi və birləşmiş Xəzər elmi fondunun təsis edilməsi təklifi hamı tərəfindən bəyənilib. 

 

Milli Məclisin deputatı, Azərbaycan Rus İcmasının sədri Mixail Zabelin özünün bankını, fondlarını, nəşrini, təsis etməyə,  müxtəlif səpkili tədbirlərin keçirilməsinə  imkan verən Xəzəryanı ölkələrin parlamentlərarası assambleyasının yaradılması təklifini irəli sürüb.

 

 



08.10.2019 | 18:23