“Kitabi-Dədə Qorqud”un yeni tapılmış boyu müzakirəyə hazırlanır

Azərbaycan Dillər Universitetində (ADU) AMEA "Türkologiya" jurnalı, Bakı Yunus Əmrə İnstitutu və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun birgə təşkilatçılığı ilə “Kitabi – Dədə Qorqud” dastanına həsr olunmuş Sovet-Türk kollokviumunun 30 illiyinə və dastanın yeni tapılmış “Salur Qazanın yeddi başlı əjdahanı öldürməsi” adlı boyunun müzakirəsinə həsr olunmuş dəyirmi masa keçiriləcək. Dəyirmi masada Azərbaycanın və Türkiyənin görkəmli alimləri iştirak edəcək.

 

Elmi yığıncaq iki hissədən ibarət olacaq. Birinci bölmədə ADU-nun rektoru, Xalq yazıçısı Kamal Abdulla, Yunus Əmrə İnstitutunun direktoru Cihan Özdemir, türkiyəli professorlar Əhməd Bican Ercilasun, Saim Sakaoğlu və başqa alimlərin çıxışı nəzərdə tutulur.

 

İkinci hissə tanınmış türkoloq alim professor Əhməd Bican Ercilasunun və akademik Möhsün Nağısoylunun moderatorluğu ilə Azərbaycan və Türkiyəli alimlərin birgə iştirakıyla keçiriləcək. Bu bölmədə Ege Universitetinin professoru Metin Ekici,  Balıkesir Universitetinin professoru Ali Duymaz, türkiyəli professorlar Əhməd Bican Ercilasun, Osman Fikri Sertkaya, Bakı Dövlət Universitetinin “Türkologiya” kafedrasının müdiri, professor Ramiz Əskər və başqa alimlərimiz  çıxış edəcəklər. 



09.10.2019 | 11:27