Millət vəkili tələbələr qarşısında

Azərbaycan Dillər Universitetində Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü,  millət vəkili Məlahət İbrahimqızı ilə müəllim və tələbələrin növbəti görüşü keçirilib.

 

Rektor Kamal Abdulla deyib ki, bu gün Azərbaycanın haqq sözünü bütün dünya eşidir.  Onun sözlərinə görə, dünyada və bölgədə gedən proseslərdən asılı olmayaraq Azərbaycan öz müstəqil yolu ilə, inkişaf yolu ilə uğurla gedir və gedəcək.

 

Millət vəkili Məlahət İbrahimqızı dəvətə görə rektora təşəkkür edib, tələbələrlə hər zaman ünsiyyətdə olmaqdan məmnun olduğunu söyləyib:

 

-Bu gün Azərbaycan dünyada öz sözünü deyən və öz siyasəti ilə böyük uğurlara imza atan ölkələrdəndir. Bu uğurların təməlini ümumilli lider Heydər Əliyev qoyub. Onun siyasi kursunu isə cənab prezident davam etdirir. Azərbaycan dinamik inkişaf edir, mütəmadi olaraq çox mühüm nailiyyətlər qazanır. Ölkəmizdə uğursuzluğa düçar olmuş və milli maraqlara zidd hərəkətləri ilə özlərini ifşa etmiş bəzi adamlar xaricə üz tutaraq Azərbaycan əleyhinə qarayaxma kampaniyasında iştirak edir, sosial media vasitəsilə həqiqətlərə uyğun olmayan, uydurma, böhtan xarakterli məlumatlar yayırlar.

 

Millət vəkili hesab edir ki, Azərbaycan cəmiyyəti belələrini dəstəkləmir, onların öz uğursuzluqlarını ört-basdır etmək üçün yalan məlumatlar dövriyyəyə buraxdıqlarını, anti-milli çağırışlar səsləndirdiklərini bilir:” Azərbaycanda xalq-iqtidar birliyi mövcuddur, ölkəmizdə sabitlik və inkişaf hökm sürür. Azərbaycan xalqı reallıqları görür və yüksək qiymətləndirir. Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə böyük inkişaf yolu keçərək regionun lider dövlətinə çevrilib, paytaxt Bakının və regionların siması əhəmiyyətli dərəcədə dəyişilib, əhalinin sosial müdafiəsi daha da gücləndirilib və bütün bunlar Azərbaycanın qüdrətinin artmasını təmin edib”. 

 

Görüşdə tələbələrin, məhz Azərbaycan prezidentinin ətrafında sıx şəkildə birləşməsi, onun siyasi fəaliyyətinə bir vətəndaş olaraq dəstək olması və beləliklə Azərbaycanın növbəti uğurlarında yaxından iştirak etməsi kimi vacib missiyanın qarşıya qoyulduğu  vurğulanıb. Qeyd olunub ki, Azərbaycan gəncləri öz bilik və bacarıqlarını, istedadlarını Azərbaycanın parlaq gələcəyi, işıqlı sabahı naminə istifadə etməlidirlər.  



09.10.2019 | 16:00