Gənc alim beynəlxalq jurnalın redaksiya heyətində

AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun Sorbsiya prosesləri laboratoriyasının rəhbəri, kimya üzrə fəlsəfə doktoru Günel Məmmədova nüfuzlu beynəlxalq elmi jurnallarda dərc olunan məqalələrinin səviyyəsinə, aktuallığına görə Sinqapurun “Materialşünaslığın Tədqiqi və Tətbiqi” beynəlxalq jurnalının redaksiya heyətinə üzv seçilib.

 

Gənc alim Naxçıvanın təbii mineralı-seolitlə bağlı müasir analiz metodlarından istifadə etməklə yüksək nailiyyətlər əldə edib. Elmi-tədqiqat işlərinin nəticələri dünyanın bir neçə xarici ölkələrinin nüfuzlu beynəlxalq jurnallarında rus və ingilis dillərində işıq üzü görüb.

 

Onun seolitlərin tətbiq sahələrindən, onların alınma şəraitindən və müxtəlif quruluş tipli seolitlərin sintezindən bəhs edən kitab və monqrafiyaları ölkə və xarici nəşriyyatlarda çap olunub.

 

Qeyd edək ki, G.Məmmədova İngiltərənin Kembric Skolars Pablişinq nəşriyyatının “Qeyri- üzvü kimya” jurnalının məsləhətçi redaksiya heyətinin, Новый Университет (Yeni Universitet, Rusiya), həmçinin American Journal of Modern Physics (Müasir fizikanın Amerika jurnalı) və İnorganic chemistry (Qeyri- üzvü kimya) beynəlxalq jurnalının redaksiya heyətinin üzvüdür. 



09.10.2019 | 14:23