Cəmiyyətin düşüncə tərzini yaxşıya doğru dəyişmək

Bakı Ali Neft Məktəbinin (BANM) təşkilatçılığı ilə dünyaca məşhur TED layihəsinin “TEDxBHOS” konfransı keçirilib.

 

Əsas missiyası “Yayılmağa dəyər fikirlər” olan bu konfransa müxtəlif sahələrdən və universitetlərdən dinləyicilər qatılıb.

 

Konfransın əsas məqsədi cəmiyyətin müsbət mənada düşüncə tərzini dəyişdirmək və onların fikirlərini yaxşıya doğru inkişaf etdirməkdir.

 

BANM –ın rektoru Elmar Qasımov konfransın qeyri-kommersiya təşkilatı olan TED-in lisenziyası əsasında təşkil edildiyini bildirib:”Konfransın gündəliyi olduqca zəngindir. Müxtəlif sahələri təmsil edən, uğurlu karyera hekayələri olan insanlar bugünkü tədbirdə maraqlı təqdimatlarla çıxış edəcəklər. İnanıram ki, Bakı Ali Neft Məktəbinin dəstəyi ilə tələbələrin uzunmüddətli əziyyəti bahasına başa gələn konfras iştirakçılar üçün də  faydalı olacaq”.

 

Daha sonra “TEDxBHOS” konfransının bir-birindən maraqlı 6 spikerinin innovativ və motivasiyaedici çıxışları dinlənilib.

 

Spikerlər arasında  məşhur “ZehinX” platformasının yaradıcısı Fuad Əliyev, SOCAR Türkiyənin Maliyyə Riskləri və Xəzinə Koordinatoru Ali Ağaoğlu, BP şirkətinin Rəqəmsal və ənənəvi kommunikasiyalar üzrə meneceri Turxan Əhmədov, “Benish GPS Azərbaycan” şirkətinin Marketinq direktoru Türkan Fərzəliyeva, Müasir Psixologiya Mərkəzinin müdir müavini, psixoloq-konsultant Aida Nəbiyeva, “EY Azərbaycan” şirkətinin meneceri  Könül Məlikova yer alıb.  

 

Onlar  “Çoxşaxəli olmaq bacarığı: Limitsiz fürsətlərin sirri”, “Ailə ağacı və onun kökləri” və.s mövzular ətrafında təqdimatla çıxış ediblər.

 

TEDx TED-in “Yayılmağa Dəyər Fikirlər” missiyasının ruhunda yaradılıb. TEDx proqramı ictimai birlikləri, qurumları və fərdləri danışıq və əlaqələrə təşviq etmək üçün nəzərdə tutulub. Hər bir fərd öz yaşadığı şəhərdə və ya oxuduğu təhsil müəssisəsində  fərdi olaraq TEDx konfransını təşkil edə bilər.

 

Qeyd edək ki, Bakı Ali Neft Məktəbinin tələbə heyəti ötən ildən etibarən TED-in lisenziyası əsasında “TEDxBHOS” konfransını təşkil edir.



14.10.2019 | 17:19