Beynəlxalq Təhsil sərgisində “Qarabağ rüzgarı”

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti də XIII  Beynəlxalq Təhsil Sərgisində  (“EduExpo”) iştirak edib. Sərgiyə  müxtəlif ixtisaslar üzrə təhsil alan tələbələr - aktyor, rejissor, operator, xanəndə və rəssamlar incəsənətin müxtəlif sahələrinə dair nümunələr təqdim ediblər.

 

Sərgidə dosent Aysel Əzizovanın rəhbərliyi ilə hazırlanmış Rəssamlıq fakültəsinin geyim dizaynı ixtisası üzrə təhsil alan tələbələrin əl işlərindən ibarət “Qarabağ rüzgarı” adlı geyim kolleksiyası təqdim olunub. Rəssam və aktrisa tələbələrin nümayiş etdirdikləri kolleksiya Qarabağın mədəni sərvətlərinin zəngin bədii interpretasiya imkanlarının müasir geyim dizaynı sahəsinə tətbiqi baxımından iştirakçılar tərəfindən maraqla qarşılanıb.

 

Sərgi milli muğam üçlüyünun ifa etdiyi Qarabağ şikəstəsi ilə müşayiət olunub.

 

Tədbirdə Kino və televiziya, Musiqi sənəti, Teatr sənəti fakültələrinin, eləcə də SABAH qruplarının  tələbələri fəal iştirak ediblər. Onlar etüdlər göstərib, müxtəlif musiqi nömrələri, həmçinin mütəfəkkir şair İmadəddin Nəsiminin əsərlərindən nümunələr səsləndiriblər.

 

Gənclər, eləcə də təhsil müəssisələri və şirkətlər arasında ünsiyyət üçün mühüm platforma olan təhsil sərgisinin yaratdığı imkanlardan istifadə edən ADMİU kollektivi sərgiyə qatılan xarici ölkə universitetlərinin təmsilçiləri ilə faydalı işgüzar görüşlər keçirib. Bu görüşlərdə qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulması, birgə layihələrin həyata keçirilməsi, müəllim-tələbə mübadiləsi, birgə seminar və konfransların təşkili  kimi məsələlər müzakirə olunub.



14.10.2019 | 18:28