Qədim tarixə malik Azərbaycan-Çin əlaqələri

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu “Azərbaycan və Çin Böyük İpək Yolunda” mövzusunda dəyirmi masa keçirib.

 

Tədbirdə AMEA-nın Tarix İnstitutunun alimləri və Çin İctimai Elmlər Akademiyasının (ÇİEA) Dünya Tarixi İnstitutunun direktoru, professor Van Çaoquanqın rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

 

Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov bildirib ki, institut Türkiyə, Rusiya, Çin, Bolqarıstan, Polşa, Misir və digər ölkələrin elmi qurumları ilə əməkdaşlıq edir. O deyib ki, Azərbaycan-Çin əlaqələri qədim tarixə malikdir: “Qədim İpək Yolu Şərq və Qərb sivilizasiyalarını, Çin ilə Aralıq dənizi arasındakı mədəniyyətləri bir-birinə bağlayıb. Orta əsrlərdə Azərbaycan dünyanın ən inkişaf etmiş ölkələrindən biri idi. Şəhərlərimiz məşhur beynəlxalq ticarət mərkəzlərinə çevrilmişdi. Dünyanın müxtəlif yerlərindən gələn tacirlər buradan ipək parça, ədviyyatlar, zinət əşyaları və digər malları alaraq, başqa ölkələrə aparırdılar. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci ildə Bakıda tarixi İpək Yolunun bərpasına həsr olunmuş beynəlxalq konfrans keçirilib”.

 

Professor Van Çaoquanq  Çinlə Azərbaycanı dost ölkə adlandırıb. Onun sözlərinə görə, Qədim İpək Yolu xalqlarımız arasında dostluq münasibətlərinin əsasını qoyub və Çin-Azərbaycan əlaqələri tarixinin araşdırılması yeni faktları üzə çıxaracaq”.

 

Məlumat verilib ki,  yaxınlarda “Azərbaycan-Çin əlaqələri tarixindən” kitabı nəşr olunacaq. Kitabın müəllifləri tarixçi alimlər Nərgiz Axundova və Xou Aytszyun, elmi redaktoru isə Yaqub Mahmudovdur.

 

Sonda AMEA-nın Tarix İnstitutu ilə ÇİEA-nın Dünya Tarixi İnstitutu arasında hər iki ölkədə Azərbaycan-Çin əlaqələri tarixini araşdıran mərkəzlərin yaradılması barədə müqavilə imzalanıb. Müqaviləyə əsasən, bu mərkəzlərdə iki ölkə arasındakı qarşılıqlı əlaqələrin tarixi qədimdən müasir dövrədək araşdırılacaq. Həmçinin, Çinli alimlərin əsərləri Azərbaycanda, azərbaycanlı alimlərin əsərləri isə Çində nəşr olunacaq.

 

Qonaqlara İrəvan xanlığı, Qarabağ və Naxçıvanın tarixinə həsr olunmuş kitablar təqdim olunub.

 



14.10.2019 | 19:30