Məmməd Cəfər Cəfərov anılıb

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU)  Əməkdar elm xadimi, akademik, görkəmli ədəbiyyatşünas, tənqidçi Məmməd Cəfər Cəfərovun 110 illik yubileyinə həsr edilmiş tədbir keçirilib.

 

ADPU-nun rektoru Cəfər Cəfərov bildirib ki, akademik Məmməd Cəfər Cəfərov ömrünün 60 ilə yaxın bir dövrünü ölkədə ədəbi-nəzəri fikrin inkişafına həsr etmiş, ədəbiyyatın tarixi və nəzəriyyəsi, ədəbi əlaqələr və eləcə də estetikanın aktual məsələrinə dair fundamental araşdırmaları ilə Azərbaycan ədəbiyyatşünaslığını əhəmiyyətli dərəcədə zənginləşdirmişdir:” Onun geniş əhatəli elmi irsində Nizami Gəncəvi, Məhəmməd Füzuli, Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Hüseyn Cavid və Səməd Vurğun kimi qüdrətli söz ustalarının yaradıcılıqlarının fəlsəfi-estetik mahiyyətini dünya ədəbi təcrübəsi ilə vəhdətdə dolğun şərh edən, yüksək elmi-nəzəri ümumiləşdirmə gücünə malik əsərləri xüsusi yer tutur. Azərbaycan ədəbiyyatında romantizm cərəyanının təşəkkülü və inkişafının ilk müfəssəl tədqiqi Məmməd Cəfər Cəfərovun adı ilə bağlıdır. Pedaqoji sahədə uzun müddət uğurla çalışan və qiymətli dərsliklər müəllifi olan alim, həmçinin elmi kadrların hazırlanması istiqamətində təqdirəlayiq fəaliyyət göstərmişdir”.

 

Sosial və humanitar məsələlər üzrə prorektor, professor Fikrət Rzayev çıxış edərək M.C.Cəfərovun yaradıcılığından, Azərbaycan ədəbiyyatı nəzəriyyəsində rolundan və yeniliklərindən, ədəbi tənqidçi kimi fəaliyyətindən bəhs edib. 

 

ADPU-nun Ədəbiyyat kafedrasının professoru Təyyar Salamoğlu “Azərbaycan ədəbi tənqidinin tarixində Məmməd Cəfər Cəfərovun yeri”  mövzusunda məruzə ilə çıxış edib. O,  məruzəsində Azərbaycan ədəbi tənqidinin tarixində M.C.Cəfərovun müstəsna mövqeyindən, alimin ədəbi tənqid sahəsindəki və ədəbiyyat tarixi istiqamətindəki fəaliyyətindən bəhs edib. M.C.Cəfərovun ədəbi tənqidində poeziya məsələlərinin də əhəmiyyətli yer tutduğunu   bildirərək qeyd edib ki, alim ədəbi tənqidə ilk növbədə teatr tənqidçisi kimi gəlmiş və onun ədəbi proseslə bağlı ilk məqalələrinin əksəriyyəti teatr tənqidinə həsr olunmuşdur:”  S.Vurğunun “İnsan”  dramı ideya-tematik və obrazların səciyyəsi baxımından kifayət qədər mübahisələrə yol açmış, tənqid və ədəbiyyatşünaslıqda əsər haqqında bir-birini təkzib edən mülahizələr söyləmiş, əsərin ideyası və aparıcı qəhrəmanı “mücərrəd fəlsəfəçilik” tendensiyası ilə bağlanmışdır. İnsan dramının həqiqi təhlili M.C.Cəfərovun “Ünvansız məktub”unda tapılır.  “İnsan” dramı kimi Mir Cəlalın “Açıq kitab” romanı da ədəbi tənqiddə kifayət qədər mübahisə doğurmuşdur. M,C.Cəfərov “Açıq kitab”a nəsrimizdə “həqiqətin üzünə dik baxan bir neçə qiymətli” əsərdən biri kimi dəyər verib”.  

 

Tədbirin sonunda AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun M.C.Cəfərov haqqında yazılmış 3 kitabı universitetə təqdim edilib.



16.10.2019 | 11:31