“Böyük İpək Yolu” üçün eimi mərkəz nəzərdə tutulur

AMEA-nın prezidenti, akademik Akif Əlizadə Çin İctimai Elmlər Akademiyası Dünya Tarixi İnstitutunun direktoru, professor Van Çaoquanqın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

 

Görüşdə AMEA-nın A.A.Bakıxanov adına Tarixi İnstitutunun direktoru, akademik Yaqub Mahmudov çıxış edərək, Azərbaycanla Çin arasında əlaqələrin tarixi köklərindən danışıb.

 

Böyük İpək Yolunun üzərində yerləşən və Şərq-Qərb sivilizasiyalarını birləşdirən hər iki xalqın ümumdünya mədəniyyətinin yaranmasında mühüm rol oynadığını deyən Yaqub Mahmudov orta əsrlərdə Çin hökmdarlarının müharibədə istifadə etmək üçün Azərbaycanın cins atlarını aldıqlarını və bu barədə tarixi faktların yerli mənbələrdə əksini tapdığını söyləyib.

 

Müasir dövrdə iki dövlətin əlaqələrinə də toxunan alim ulu öndər Heydər Əliyevin xarici ölkələrə ilk səfərlərindən birini 1994-cü ildə Çinə etdiyini, 1998-ci ildə onun təşəbbüsü ilə Bakıda tarixi İpək Yolunun bərpasına həsr olunan beynəlxalq konfransın keçirildiyini diqqətə çatdırıb.

 

O, həmçinin Prezident İlham Əliyevin dəfələrlə Çinə səfər etdiyini və bundan sonra iki ölkənin ali elmi qurumları arasında əməkdaşlıq münasibətlərinin genişləndiyini vurğulayıb.

 

Sonra çıxış edən akademik Akif Əlizadə tarixi Çin mənbələrində qədim türk xalqlarına dair mühüm materialların hər iki ölkənin alimləri tərəfindən araşdırılaraq beynəlxalq arenada daha geniş təbliğinə ehtiyac olduğunu vurğulayıb.

 

AMEA ilə Çin İctimai Elmlər Akademiyası arasında 2016-cı ildə əməkdaşlıq müqaviləsinin imzalandığını xatırladan akademik sözügedən sənəddən irəli gələrək birgə tədqiqatları genişləndirməyin vacibliyini diqqətə çatdırıb.

 

Son illərdə ölkəmizin tarixi İpək Yolunun bərpasında aktiv iştirak etdiyini deyən AMEA prezidenti tezliklə alimlərimizin bu məsələyə öz əməli töhfəsini verəcəyini bildirib. Qeyd edib ki, Böyük İpək Yolunun tarixini, mədəniyyətini araşdırmaq üçün AMEA-nın nəzdində elmi mərkəzin yaradılması nəzərdə tutulur.

 

Dünya Tarixi İnstitutunun direktoru, professor Van Çaoquanq çıxışında deyib ki,  Bakıda ilk dəfədir olur;  Qobustan, Atəşgah dövlət qoruqlarını, o cümlədən Heydər Əliyev Mərkəzini, bir sıra muzeyləri ziyarət edib. Ölkəmizin qədim tarixə malik olduğunu söyləyən çinli alim azərbaycanlı həmkarları ilə birgə mühüm tədqiqatlar aparacaqlarını bildirib.



16.10.2019 | 12:27