Peşəkarların hazırlandığı məkan

Ölkəmizin sosial-iqtisadi inkişafında prioritet istiqamətlərdən biri modernləşdirilmə, qabaqcıl beynəlxalq təcrübə əsasında dayanıqlı inkişafın təmin edilməsi və əhalinin həyat səviyyəsinin yüksəldilməsidir. Bəs, buna necə nail olmaq mümkündür?

 

Ötən əsrin ikinci yarısından etibarən tarixində və taleyində dönüş edən Cənubi Koreya Respublikası öz təcrübəsi ilə bu istiqamətdə Azərbaycan üçün uğurlu “bələdçi” ola bilər və artıq bu istiqamətdə bir addım atılıb. Bu tədris ilindən kadr hazırlığına başlayan Cənubi Koreya standartları əsasında yaradılan Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində keçirilən “Sənaye - peşə təhsili: birgə əməkdaşlıq, birgə inkişaf” mövzusunda konfransda koreyalılar hazırkı vəziyyətə necə gəlib çıxdıqlarından, azərbaycanlılar isə mövcud təcrübədən necə yararlanacaqlarından danışıblar.

 

Beynəlxalq hesabatlarda əksini tapan nəticələr

 

Ölkəmizdə insan kapitalının inkişafı, təhsilalanların müasir səriştələrə yiyələnməsinin təmin edilməsi milli təhsil sistemi qarşısında duran əsas vəzifələrdən biridir.

 

Bu baxımdan peşə təhsili iqtisadiyyatın real sektoruna və əmək bazarına ən yaxın təhsil pilləsi olmaqla, bütün seqmentlər üzrə ixtisaslı kadrların hazırlanmasında, məşğulluğun təmin edilməsində, ÜDM-in səviyyəsinin artırılmasında, idxaldan asılılığın azaldılmasında müstəsna əhəmiyyətə malikdir. Təhsil naziri Ceyhun Bayramov son illərdə Azərbaycanda insan kapitalının inkişaf etdirilməsi, məşğulluğun təmin edilməsi və keyfiyyətli əmək bazarının formalaşdırılması sahəsində həyata keçirilən tədbirlərin beynəlxalq hesabatlarda əksini tapan nəticələrindən danışıb: “Dünya İqtisadi Forumunun təqdim etdiyi Qlobal Rəqabətlilik Hesabatının 2018 və 2019-cu illər üzrə müqayisəli təhlili göstərir ki, Azərbaycan ümumilikdə 11 pillə irəliləyərək 69-cu yerdən 58-ci yerə yüksəlib. Hesabatın tərkib hissəsi olan “Bacarıqlar” kateqoriyası üzrə isə Azərbaycan öz mövqeyini 6 pillə yaxşılaşdıraraq 48-ci pillədə qərarlaşıb. Bu müsbət dinamikanın əldə olunmasında peşə hazırlığının səmərəliyinin artırılması, işəgötürənlərin peşə təhsilinə inteqrasiyası və ölkə iqtisadiyyatı üçün rəqabətqabiliyyətli ixtisaslı kadrların hazırlanması kimi amillər, ən başlıcası isə ölkə Prezidentinin peşə təhsilinin inkişafına böyük diqqəti, bu sahədə qəbul etdiyi əhəmiyyətli qərarlar mühüm rol oynayıb”.

 

İnkişafın əsas səbəblərindən biri işəgötürənlərlə sıx əməkdaşlıqdır

 

Nazir peşə təhsili sisteminin inkişaf etdiyi ölkələrin təcrübəsini əsas gətirərək hesab edir ki, inkişafın əsas səbəblərindən biri işəgötürənlərlə sıx əməkdaşlıq əlaqələrinin qurulmasıdır: “Bu gün peşə təhsili sistemini işəgötürənlərsiz təsəvvür etmək mümkün deyil. Təsadüfi deyil ki, “Peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”ndə işəgötürənlərin peşə təhsili və təlimi sisteminə inteqrasiyası əsas strateji hədəflərdən biri kimi müəyyən olunub”.

 

Bu istiqamətdə əhəmiyyətli addımlardan biri kimi 2018-ci ildə “Peşə təhsili haqqında”  Qanunun qəbul olunması və müvafiq normativ hüquqi bazanın formalaşdırılmasını göstərən nazirin fikrincə, çoxsəviyyəli peşə təhsili sisteminin yaradılması (ilk peşə təhsili, texniki peşə təhsili və yüksək peşə təhsili), iş yerində təcrübə, qeyri-formal/informal təhsilin tanınması, dövlət-biznes tərəfdaşlıq mexanizmini özündə ehtiva edən qanunun qəbul edilməsi bu sahədə çevik islahatların aparılması üçün əlverişli şərait yaradıb.

Qanunda qısa və uzunmüddətli perspektivdə işəgötürənlərin stimullaşdırılması ilə bağlı güzəştləri özündə əks etdirən son dərəcə vacib müddəalar nəzərdə tutulub. Bu istiqamətdə işəgötürənlərin peşə təhsilinə cəlb edilməsi üçün Peşə Təhsili üzrə Dövlət Agentliyi və peşə təhsili müəssisələri ilə işəgötürənlər arasında 115 anlaşma memorandumu imzalanıb. Memorandumlar çərçivəsində minlərlə tələbə müxtəlif sənaye müəssisələrində istehsalat təcrübəsi keçib. İşəgötürənlərlə birgə əməkdaşlıq çərçivəsində 37 yeni kurikulum, 166 modul dərs vəsaiti hazırlanıb.

Artıq bu ildən etibarən peşə təhsili müəssisələrində tələbələrin bilik və bacarıqlarının qiymətləndirilməsi prosesinə işəgötürənlərin nümayəndələrinin cəlb olunması məcburi status qazanıb: “Belə ki, Təhsil Nazirliyinin Kollegiya Qərarı ilə təsdiq edilmiş “Peşə təhsili pilləsində təhsilalanların attestasiyasının aparılması Qaydası”na əsasən yaradılan Dövlət Attestasiya komissiyalarının sədrləri məhz işəgötürənlərin nümayəndələri təyin ediləcək”.

 

Ceyhun Bayramov bu gün qarşıda duran əsas çağırışlardan biri kimi peşə təhsilinə marağın və onun nüfuzunun artırılması olduğunu düşünür: “Bu təhsil pilləsinə uğursuz karyera seçimi kimi baxılması stereotipləri tam aradan qaldırılmalı, peşə təhsili mərkəzlərinə peşəkarların hazırlanması məkanı kimi yanaşılmalıdır. Bu istiqamətdə həm təhsil müəssisələri, həm də sahibkarlar birgə çalışmalı, gənclərimizin və valideynlərin maarifləndirilməsi, cəmiyyətdə peşə təhsilinin ictimai statusunun yüksəldilməsi üçün səylərini əsirgəməməlidirlər”.

 

Peşə təmayüllü siniflər yaradılır

 

Təhsil naziri təhsilalanların peşə seçiminə və əmək fəaliyyətinə hazırlanması, məşğulluğunun təmin edilməsi məqsədilə ölkəmizdə ilk dəfə olaraq peşə təmayüllü siniflərin yaradılmasından da danışıb: “Bakı, Abşeron, Sumqayıt, Gəncə, Şirvan, Masallı, Cəlilabad, Xaçmaz, Salyan, Biləsuvar, Şəki, Qusar, Şəmkir və Sabirabadda yerləşən 20 ümumi təhsil müəssisəsində belə siniflər yaradılıb. Növbəti tədris ilində isə peşə təmayüllü siniflərin sayının və əhatə dairəsinin artırılması nəzərdə tutulub. Peşə təmayülü üzrə təhsil alan şagirdlər təhsili başa vurduqda tam orta təhsil haqqında sənədlə yanaşı, öyrəndikləri peşə üzrə təhsil sənədi də əldə edəcəklər ki, bu da onların əmək fəaliyyətinə başlamasına imkan verəcək”.

 

Nazir bu yeni təşəbbüsün həyata keçirilməsində qarşıya qoyulan məqsədi belə izah edib: “Məqsədimiz əmək bazarının tələbatına çevik uyğunlaşan, sürətlə inkişaf edən sənaye üçün yeni bilik, bacarıq və kompetensiyalara malik insan kapitalı yetişdirən peşə təhsili sistemi qurmaqdır. Bildiyiniz kimi, süni intellekt, rəqəmsal texnologiyalar dövrünə qədəm qoymuşuq. Bu yeni çağırışların öhdəsindən gəlmək üçün işəgötürənlərlə yaxından əməkdaşlıq edən, gələcək əmək bazarının tələblərinə uyğun müasir və qabaqcıl təhsil modelləri əsasında fəaliyyət göstərən peşə təhsili sisteminin qurulması tələb olunur. Bunun üçün peşə təhsili müəssisələrinin infrastrukturu, maddi-texniki bazası və mühəndis-pedaqoji heyətinin bilik və bacarıq səviyyəsi mühüm əhəmiyyət kəsb edir. Qeyd edilən istiqamətlərlə əlaqədar Təhsil Nazirliyi tərəfindən qabaqcıl ölkələrin təcrübələri öyrənilir, beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində bir sıra layihələr həyata keçirilir”.

 

Ceyhun Bayramov həmin layihələr sırasında Avropa İttifaqının maliyyələşdirdiyi “Azərbaycanda peşə təhsili və təlimi mərkəzlərinin müasirləşdirilməsi” Proqramı çərçivəsində görülən işlərə diqqət çəkir. Onun sözlərinə görə, Gəncə və Qəbələ şəhərlərində, Cəlilabad, Qax, İsmayıllı və Bərdə rayonlarında infrastrukturun müasirləşdirilməsi, yeni kurikulumların hazırlanması və mühəndis-pedaqoji heyət üçün təlimlərin təşkili ilə bağlı BMT-nin İnkişaf Proqramı, Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatı tərəfindən pilot layihələr icra olunur. Bu layihələrin məqsədi peşə təhsilinin əmək bazarının tələblərinə uyğunlaşdırılması və iş yerində təcrübənin təşkili, kompetensiya yönümlü kurikulumların və tədris materiallarının hazırlanması, sənaye, kənd təsərrüfatı, turizm sahələri üçün ixtisaslı kadrların hazırlanmasında peşə təhsili müəssisələrinin potensialının artırılmasıdır.

 

“British Council” və turizm-xidmət sektorunun nümayəndələri ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilən “Turizm üzrə kadrların hazırlanması və iş yerində təcrübə” proqramı da uğurla davam edir. Bu proqramın məzunlarının 60 faizindən çoxu turizm və xidmət sektorunun təmsilçiləri olan “JW Marriott”, “Hilton”, “Fairmort”, Bulvar Hotel kimi beşulduzlu mehmanxanalarda işlə təmin olunur. Bu da keyfiyyətli kadr hazırlığının göstəricisidir. Təhsil naziri qeyd edir ki, uğurlu nəticələri nəzərə alınaraq, layihə Qəbələ, Quba və Qusar regionlarına doğru genişləndirilib. Növbəti mərhələdə isə Gəncə və ətraf regionları da əhatə edəcək.

 

Sənaye və İnnovasiyalar üzrə Peşə Təhsil Mərkəzinin yaradılmasını beynəlxalq tərəfdaşlarla birgə böyük uğurla həyata keçirilən layihələrdən biri kimi qeyd edən nazirin sözlərinə görə, Strateji Yol Xəritəsinə uyğun olaraq ölkənin bütün peşə təhsili müəssisələrinin infrastrukturu, maddi-texniki bazası qiymətləndirilib. Əmək bazarının tələbləri nəzərə alınmaqla prioritet sahələr üzrə ixtisaslı kadrlar hazırlayacaq 10 pilot peşə təhsili müəssisəsi seçilib. Bunlarla yanaşı, Təhsil Nazirliyi tərəfindən 7 pilot peşə təhsili müəssisəsinin (Bakı, Sumqayıt, Saatlı, Bərdə, Mingəçevir, Cəlilabad və Lənkəran) tikintisi və yenidən qurulması ilə bağlı işlərə start verilib. Təhsil nazirinin qənaəti belədir: “Bu gün tələbələrimizə yalnız nəzəri biliklər deyil, öz işini qurmaq üçün sahibkarlıq bacarıqlarının aşılanması çox vacibdir. Bu o deməkdir ki, təhsil müəssisələrimiz ənənəvi modellərdən kənara çıxmalı, beynəlxalq təcrübəyə uyğun müasir təhsil modelləri tətbiq etməli, innovativlik və dövlət-biznes əməkdaşlığı əsasında əlverişli tədris şəraiti yaratmalı, iqtisadiyyatın prioritet sahələri üçün peşəkar kadrlar hazırlamalıdırlar. Bu baxımdan, özəl sektorla peşə təhsili arasında sıx əməkdaşlıq əlaqələrinin qurulması “Birgə əməkdaşlıq - birgə inkişaf” məqsədimizə daha çox töhfə verə bilər”.

 

Tələbələrin marağı olmasa, burada təhsil uğursuz nəticə verəcək

 

Cənubi Koreyanın Azərbaycandakı səfiri Kim Tong Op peşə təhsili sahəsində öz ölkəsinin inkişaf yoluna diqqət çəkib. Diplomat ötən əsrin 50-ci illərində Koreyanın iqtisadi vəziyyətinə nəzər salıb və həmin dövrlə müasir Koreya arasında müqayisə aparıb. Onun sözlərinə görə, Cənubi Koreyada 60-cı illərdə adambaşına düşən ümumi daxili məhsul 100 dollar da deyildi. Təbii sərvətləri də olmayan koreyalılara əcdadlarından heç bir miras qalmamışdı. Ona görə də Cənubi Koreyanın prezidenti və xalqı anlayırdı ki, inkişafa ancaq insan resursu hesabına nail ola bilərlər: “Hamı oxumalı idi. 1960-cı illərin ortalarında özünüyetişdirmə və təhsilə yönələn hərəkat başladı. Hər kəs uşağını məktəbə göndərirdi. 90-cı illərin ortalarına qədər ağlımıza da gəlmirdi ki, Cənubi Koreyanın “Samsung”u Yaponiya istehsalı olan məhsulları geridə qoya bilər. Amerikada hamı məzuniyyətə gedəndə bizim ölkədə hər kəs gecə-gündüz, istirahət nə olduğunu bilmədən çalışdı. Nəticədə bir çox şirkətlərimiz inkişaf etdi və ölkənin inkişafına, o cümlədən peşə təhsilinin sürətlə irəliləməsinə öz töhfəsini verdi. Koreya indiyədək 19 dəfə beynəlxalq peşə təhsili müsabiqələrində qalib gəlib. Peşə təhsilinin inkişaf səviyyəsinə görə dünyada öncül ölkələrdənik”.

 

Səfir Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tikilməsi və qurulmasına sevgi və maraqla yanaşdıqlarını deyərək, mərkəzin tələbələrinə müraciət edib: “Bu müəssisəni tikdik, avadanlıqlarla tam təchiz etdik. Müəllimlərin Cənubi Koreyada təlimlərdən keçməsini təmin etdik. Lakin bu şəraitə baxmayaraq, tələbələrin buna marağı olmasa, burada təhsil uğursuz nəticə verəcək. Halbuki biz beynəlxalq peşə təhsili üzrə müsabiqələrdə, yarışlarda məhz bu təhsil müəssisəsinin tələbələrini qalib görmək istəyirik”. 

 

Bu əməkdaşlıq daha səmərəli nəticələrin əldə edilməsinə şərait yaradacaq

 

İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov peşə təhsili və sənaye arasında əlaqələrin daha da dərinləşdirilməsi istiqamətində güclərin səfərbər edilməsinin tərəfdarıdır.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli isə iqtisadiyyatın gücləndirilməsində peşəkar kadrların əvəzsiz rol oynayacağını düşünür. Onun fikrincə, bu əməkdaşlıq daha səmərəli nəticələrin əldə edilməsinə şərait yaradacaq.

 

Peşə təhsili sənayenin inkişafına təkan verir

 

Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Pərviz Yusifov da peşə təhsilinin sənayenin inkişafında rolunu xüsusi qeyd edir. Azərbaycanda peşə təhsilinin tarixinə nəzər salan agentliyin direktoru bu istiqamət üzrə kadr hazırlayan və 1879-1920-ci illərdə yaradılan peşə məktəblərinin fəaliyyətinə diqqət çəkir. Naxçıvanda xarratlıq və çilingərlik üzrə peşə məktəbləri, Şəkidə ipəkçilik məktəbi, Gəncədə və Bakıda sənət məktəbləri ölkəmizin ilk peşə təhsili verən müəssisələri olaraq tarixdə yerini alıb. 1914-cü ilə sayı 10-a çatan sənət məktəblərinin şəbəkəsi Sovet İttifaqı dövründə də genişləndirilib, maddi-texniki bazası möhkəmləndirilib. Bu prosesin nəticəsində 80-ci illərdə ölkədə 300 peşə üzrə 100 mindən artıq insanın təhsil aldığı 185 peşə təhsil müəssisəsi fəaliyyət göstərib.

 

80-ci illərin sonu 90-cı illərin əvvəllərində ölkənin sosial-iqtisadi həyatında baş verən hadisələr peşə təhsilinə təsirsiz ötüşməyib. Planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçid peşə təhsilinə təsirini göstərib.1991-ci ildə fəaliyyətdə olan 176 peşə təhsili müəssisəsindən hazırda 80-i qalıb. Sayı 82 mini keçən tələbələrin sayı isə hazırda 24024-dür.

 

Peşə təhsilində bu illər ərzində çox böyük dəyişikliklər baş verib. Artıq bir çox istiqamətdə keyfiyyətə nail olunub. Məsələn, peşə təhsili müəssisələrinin maliyyələşməsinin təkmilləşdirilməsi məqsədi ilə burada çalışan işçilərin orta aylıq əməkhaqlarının və tələbələrin təqaüdlərinin 2016-cı və 2019-cu illər üzrə müqayisəsi də artım göstərir. 2018-ci il yanvarın 1-dən dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşları orta hesabla 2 dəfə artırılıb. Bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış dövlət peşə təhsili müəssisələrində idarəetmə, təhsil və təlim fəaliyyəti ilə məşğul olan işçilərin vəzifə maaşları sxemi və məbləğləri təsdiq olunub. Peşə təhsili müəssisələrinin tələbələrinin də təqaüdləri artırılaraq 50 manat təşkil edib.

 

Pərviz Yusifov 2021-ci ilin sonuna kimi 10 pilot peşə təhsili mərkəzinin yaradılacağını qeyd edib. Onun sözlərinə görə, 3 pilot peşə təhsili mərkəzi qurulub, 2 pilot peşə mərkəzinin (Bərdə və Cəlilabadda yerləşən ) tikintisinə bu il başlanılıb. 5 pilot peşə təhsil mərkəzinin tikintisi isə gələn ildən start götürəcək.

 

İşəgötürənlərlə 120-yə yaxın əməkdaşlıq Memorandumu imzalanıb. Nəticədə məşğulluq səviyyəsi turizm sahəsində 62.3, xidmət sahəsində 68.4, İT sahəsində isə 73 faiz təmin edilib.

 

Məzunların peşə hazırlığı səviyyəsi işəgötürənləri qane edirmi?

 

Konfransın sonunda dövlət/özəl müəssisələrdə ümumi və spesifik tələblərin müəyyənləşdirilməsi ilə bağlı sorğu keçirilib. Sorğuda iştirak edən işəgötürənlər “Hazırda müəssisənizdə çalışan işçilərin sayı nə qədərdir?”, “Müəssisənizdə işləyən (olduğu halda) peşə təhsili məzunlarının peşə hazırlığı səviyyəsi sizi qane edirmi?”, “Hazırda müəssisənizdə hansı ixtisaslı kadrlara (istiqamət olaraq) ehtiyac duyulur?”, “Ehtiyac duyulan ixtisaslı kadrların sayı nə qədərdir?”, “Peşə təhsili müəssisələri ilə əməkdaşlıq edirsinizmi?”, “Peşə təhsili müəssisələri ilə işəgötürənlər arasında əməkdaşlığın daha effektiv olması ilə bağlı təklifləriniz (bir neçə variantı qeyd etmək olar)”, “Hansı tədbirlər işəgötürənlərin peşə təhsili və təlimi sisteminə inteqrasiya olunmasını stimullaşdıra bilər?”, - kimi sualları cavablandırıblar.

 

Konfransda iştirak edən “Azərsu” ASC-nin İşlər İdarəsinin rəis müavini Rahid Fətəlizadə “Azərbaycan müəllimi” qəzetinə açıqlamasında peşə təhsili müəssisələrinin məzunlarının səviyyəsindən indiyədək razı qalmadıqlarını, amma bunun obyektiv səbəbləri olduğunu vurğulayıb: “Peşə təhsili müəssisələrində elə imkanlar olmayıb. “Azərsu” ASC Su təchizatı və kanalizasiya xidmətləri göstərən yeganə dövlət qurumu olaraq Naxçıvan MR istisna olmaqla ölkəmizin bütün ərazisini əhatə edir. Azərbaycanda gedən inkişaf “Azərsu” ASC-dən də yan keçməyib. Belə ki, bizim qurum da innovativ avadanlıqlar, müasir texnologiya ilə təchiz olunur. Bu da özlüyündə kadr bazasının gücləndirilməsini tələb edir. Bütün ölkə ərazisində xidmət göstərən bir qurum olaraq ən böyük problemlərimizdən biri kadr çatışmazlığıdır”.

 

Elə isə ehtiyac duyduğu kadrların məhz “Azərsu” ASC-də yetişməsi üçün qurum peşə təhsili müəssisələri ilə niyə əməkdaşlıq etmir? Rahid Fətəlizadə “Azərsu” ASC ilə Təhsil Nazirliyi arasında bir neçə il əvvəl imzalanan memorandumun olduğunu, bu sənədə əsasən mərhələli qarşılıqlı əməkdaşlıq həyata keçirildiyini qeyd edib: “2013-2014-cü illərdə regionlarda olan peşə təhsili müəssisələrini bir-bir gəzdik. Düzdür, ehtiyacımız olan kadrları müəyyən qədər təmin etdik. Ancaq onların səviyyəsi bizi qane etmədi. Bu da tələb və təklifin üst-üstə düşməməsi ilə əlaqədar idi. Bizim istəyimiz peşə təhsili müəssisələrinə hələ inteqrasiya olmamışdı. Hesab edirik ki, peşə təhsili müəssisələri sadəcə bizimlə yox, bazarı təşkil edən bütün işəgötürənlərlə əməkdaşlıq etməlidir. Onların iş təcrübəsini öyrənməli, kadrları praktika şəraitində yetişdirməlidir. Biz kadrlara əlavə xərc və vaxt sərf etmək istəmirik. Peşə təhsili müəssisələrinin bizi tam hazır kadrlarla təmin etməyini gözləyirik. Müşahidələrimiz əsasında deyə bilərik ki, son illərdəki dəyişiklik peşə təhsili müəssisələrinin işəgötürənlərin kadr ehtiyacını təmin etməsinə imkan yaradacaq. Elə bu konfrans da “Azərsu” ASC üçün yaxşı bir platforma oldu. Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin bazası ilə tanışlıq imkanı əldə etdik. Gələcəkdə bizi kadrla təmin edəcək təhsil müəssisələrindən birində təhsilin necə təşkil edildiyini gördük. Gördüklərimiz bizim üçün çox maraqlı oldu və bu tanışlığı “Azərsu” ASC-dən gələn bir heyətlə təkrarlamaq, təhsil müəssisəsinin fəaliyyəti ilə daha yaxından tanış olmaq  istəyirik. “Azərsu” ASC-də spesifik sahələr üzrə kadr çatışmazlığı hiss olunur. Məsələn, qurğularla, avtomatika, metereologiya ilə bağlı kadrlara xüsusən regionlarda ciddi ehtiyacımız var. İnanırıq ki, bu təhsil müəssisəsinin yetişdirdiyi kadrlar “Azərsu” ASC ailəsində özünə yer tapacaq”.

 

Ruhiyyə DAŞSALAHLI



18.10.2019 | 09:00