“Dünya çempionu olmaq sevindiricidir”

“Təhsil” Respublika İdman Mərkəzinin 3 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin yetirməsi Aydın Süleymanlı Hindistan Respublikasının Mumbay şəhərində 14, 16 və 18 yaşlı oğlanlar və qızlar arasında keçirilmiş şahmat üzrə dünya çempionatında 11 oyundan 9 xal yığmaqla 14 yaşlı oğlanlar arasında dünya çempionu olub. 14 yaşlıların yarışına ilk turlardan liderlik edən Aydın Süleymanlı sonuncu turda Qazaxıstan təmsilçisi Sultan Amanzolu məğlubiyyətə uğradaraq çempion tituluna sahib olub.

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva yeniyetmə şahmatçı Aydın Süleymanlını dünya çempionatında qalib olması münasibətilə təbrik ediblər.

 

Gəlin 14 yaşlı şahmatçımızı daha yaxından tanıyaq. 2005-ci ildə Bakıda ziyalı ailəsində anadan olan Aydın altı yaşından şahmatla  məşğul olur. O, 249 nömrəli tam orta məktəbin IX sinif şagirdidir.  Aydın Süleymanlı yeniyetmələr arasında ikiqat Avropa çempionudur. O, 2013-cü ildə Monteneqronun Budva şəhərində keçirilmiş qitə birinciliyində 8 yaşlı şahmatçılar arasında birinci olub. Həmin ilin dekabrında şahmat üzrə dünya çempionatında eyni yaş kateqoriyasında üçüncü yeri tutan Aydın Süleymanlı 2014-cü ilin noyabrında 10 yaşlı şahmatçılar arasında blits və rapid növləri üzrə Avropa çempionatında hər iki yarışın qalibi olub. İstedadlı şahmatçımız 2017-ci ildə Rumıniyanın Mamaya şəhərində 12 yaşlı oğlanlar arasında Avropa çempionatında da qalib gəlib.

 

Biz də “Azərbaycan müəllimi” qəzetinin oxucuları üçün dünya çempionunun təəssüratını öyrənmək istədik.  Aydın bizimlə söhbətinə belə başladı: “İlk növbədə, idmanın inkişafına və bu sahəyə göstərilən böyük diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə  bütün idmançılar və idmansevərlər adından öz minnətdarlığımı bildirirəm. İdmanın şahmat növünü  sevən bir yeniyetmə  kimi onu deyə bilərəm ki, bu gün dövlətimiz tərəfindən biz idmançılar üçün hər cür şərait yaradılıb. Ölkəmizdə uşaq və gənclərlə iş bu gün möhkəm zəmin əsasında qurulur. Gənclərin asudə vaxtlarını maraqlı  və səmərəli keçirmələri, pis vərdişlərdən uzaq olmaları üçün bu olduqca vacibdir. Bu idman növü ilə məşğul olmağa başladınsa  ciddi olmaq lazımdır. Müəllimlərin tapşırıqlarına əməl edir və şahmat dərslərinə  ciddi yanaşıram. Bütün uğurlarıma görə müəllimlərimə minnətdaram.   Hər bir işdə ağıl və səbr ilə hərəkət etmək lazımdır. Təbii ki, dünya çempionu olmaq çox sevindirici bir haldır. Onun sevincini yaşayıram. Ölkə başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən təbrik məktubunu almaq mənim sevincimi daha da artırdı. Mənim  yarışımı izlədikləri üçün onlara minnətdarlığımı bildirirəm. Söz verirəm ki, bundan sonra da böyük arenalarda ölkəmizi layiqli təmsil edəcəyəm”.

 

Dünya çempionumuz bu uğuru ilə kifayətlənmək niyyətində deyil.  Qarşısına qoyduğu hədəfləri var. “Özümə inanırdım ki, çempion olacam. Ümumiyətlə, mən heç vaxt bir qələbə əldə etdikdən sonra onunla kifayətlənmirəm. Düşünürəm ki, bundan sonra yeni qələbələrimlə xalqımızı sevindirim. İdman maraqlıdır. Onun şahmat növü isə daha da maraqlıdır”.

 

Vüqar Həşimov, Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov kimi şahmatçıların vətənində 14 yaşlı dünya çempionunun da olmağı qürurvericidir.  Aydın Süleymanlı şahmatda özünə kumir də seçib... “Mənim şahmatda kumirim dünya çempionu Carlsen, Magnusdur. Onun oyunlarına çox baxıram və bəyənirəm”.

 

- Aydın şahmata maraq səndə hardan yarandı?  

- 5 yaşım olanda ilk dəfə bağçada şahmat oynamağa başladım. Evdəkilər mənim bu idman növünə olan marağımı görüb mənə şahmat aldılar. Sonradan valideynlərim də şahmatla məşğul olmağıma şərait yaradaraq məni “Təhsil” Respublika İdman Mərkəzinin 3 nömrəli Uşaq-Gənclər İdman məktəbinə qoydular. Şahmatın sirlərini həmin məktəbin şahmat müəllimi Xalid Atababayevdən, daha sonra beynəlxalq qrossmeyster Fərid Abbasovdan öyrənməyə başladım. İlk vaxtlarda  oyunlarda  mən  şahmat yoldaşlarıma məğlub olardım. Ancaq buna baxmayaraq, şahmata həvəsim azalmırdı. Əksinə, daha da mübarizə aparıb özümdən güclülərə qalib gəlməyə çalışırdım. Bəli, güclü idmançı olmaq üçün öz üzərində həmişə həvəslə işləməlisən. Ən böyük arzum dünya üzrə tanınmış güclü şahmatçı olmaq, şahmat tacını ölkəmizə gətirməkdir”.

 

- Aydın, şahmata yeni başlayan dostlarına nə demək istərdin?

- Yaxşı şahmatçı olmaq üçün siz müxtəlif bacarıqları inkişaf etdirməlisiniz və buna yalnız təcrübə və məşq yolu ilə nail olmaq olar. Yaddaş müasir şahmatın böyük bir aspektidir. Yaradıcılıq və məntiq vacibdir. Rəqibə qalib gəlmək üçün çətin yaradıcı ideyalar barədə düşünmək lazımdır, lakin şahmat həmçinin praqmatik və praktik olmağı tələb edir. Uzun və çətin üsulları axtararaq yerinə yetirməklə asan üsulları unutmamaq vacibdir. Məntiqlə fikirləşin və siz uğurlu gedişlər etməyin yolunu tapa bilərsiniz.

 

Biz Aydının  uğurları haqqında şahmat müəllimi Xaliq Atababayev və  beynəlxalq qrossmeystr Fərid Abbasovun fikirlərini öyrəndik:

 

- Xalid müəllim, Aydını   digər idmançılardan fərqləndirən nədir?

- Aydının  digər idmançılardan fərqi daha çox elmli və şahmata olan həvəsinin çox olmasıdır.  Onun oyun səviyyəsi və ağıllı şəkildə  düşünərək addım atmağı digər idmançılara nisbətən daha çoxdur. O, digərlərindən daha istedadlı olması ilə də fərqlənir. Əgər idmançı kifayət qədər uğur əldə etdikdən sonra arxayınlaşmağa məruz qalırsa, onun gələcəyi haqqında rəy vermək çətin olur. İdmançının gələcək uğurları onun öz üzərində daha çox çalışması və məqsədinə çatmaq üçün mübarizə aparmasından asılıdır. İdmançı əgər məşqlərə gün ərzində 3 saat vaxt ayırırsa, kifayət qədər uğur qazandıqdan sonra 6 saat vaxt ayırmalıdır. Bu şəkildə davam etməsə, gələcəkdə onun üçün qabağa getmək çox çətin olacaq. Mən inanıram ki, Aydın bütün ümidlərimizi  və arzularımızı doğruldacaq.

 

- Fərid müəllim, Aydın  haqqında  hansı fikirdəsiniz?

- Ümid edirəm ki, Aydının qazandığı uğurlar stimul verəcək ki, gələcəkdə də o, daha böyük yaş qruplarında çempion olub, ölkəmizə medallar gətirib bizi sevindirəcək və dünyada  kişilər  arasında tanınmış şahmatçı olacaq.  Aydın tam fərqli yolla gedir. Özünün bəyəndiyi dünya çempionu Carlsen, Magnus kimi oynayır. Hər bir müəllim kimi mən də yetirməmin uğurlarını öz uğurum kimi qiymətləndirirəm. İnanıram ki, o bundan sonra daha böyük qələbələrə imza atacaq.

 

Aydın həm də dərs əlaçısıdır. Bakıdakı 249 nömrəli tam orta məktəbdə bütün müəllimləri onun nümunəvi və yaxşı oxuyan şagird olmasından danışdılar.

 

Rəşad ZİYADOV



18.10.2019 | 16:50