Məktəblərdə Dövlət Müstəqilliyi Günü qeyd olunub

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində 18 oktyabr-Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə əlaqədar tədbirlər keçirilib.

 

Belə ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 28-ci ildönümünə həsr olunan konfranslar, mühazirə və “Dəyirmi masa”lar, vətənpərvərlik mövzusunda bədii qiraət gecələri təşkil edilib. Eləcə də məktəblərdə bayram münasibətilə fotostendlər, bülletenlər hazırlanıb, məktəblilər arasında rəsm, bədii qiraət və inşa yazı müsabiqələri, intellektual oyunlar, şagirdlərin əl işlərindən ibarət sərgilər təşkil olunub.        

 

“18 oktyabr-Azərbaycanın Dövlət Müstəqilliyi Günü”, “Yaşa Azərbaycan!”, “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi əbədidir!”, “Müstəqilliyimiz milli sərvətimizdir!”, “Vətən mənim bugünüm”,  “Müstəqil Azərbaycan”, “Müstəqilliyimiz əbədidir!” adlı tədbirlərdə BŞTİ-nin, rayon icra hakimiyyətlərinin, müxtəlif idarə və təşkilatların nümayəndələri, təhsil müəssisələrinin pedaqoji və şagird  kollektivləri iştirak ediblər.

 

Tədbirlərdə çıxış edənlər 28 il əvvəl oktyabrın 18-də Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edildiyini və bu sənədin tariximizin ən şanlı səhifəsində öz layiqli yerini tutduğunu bildiriblər.

 

Ulu öndər Heydər Əliyevin Azərbaycan tarixində əvəzsiz xidmətləri, onun Azərbaycanda hakimiyyətə qayıtması ilə ölkənin bütün çətinliklərdən xilas olması barədə məlumatlar bir daha şagirdlərin diqqətinə çatdırılıb. Qeyd olunub ki, vaxtilə ulu öndər Heydər Əliyev tərəfindən qorunub saxlanılan müstəqilliyimiz Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilir və onun əbədiliyi təmin edilir.

 

Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 28-ci ildönümünə həsr olunmuş tədbirlərdə iştirak edən şagirdlər söylədikləri şeirlər, ifa etdikləri mahnılar ilə Vətənə olan sevgilərini nümayiş etdiriblər. Məktəblilər tərəfindən göstərilən ədəbi-bədii kompozisiyalar tədbirlərə əlavə rəngarənglik qatıb.

 

Tədbirlərdə dövlət müstəqilliyindən bəhs edən videoçarx və sənədli filmlər nümayiş etdirilib.

 



18.10.2019 | 15:00