Burdan çıxandan sonra...

Burada hər gün zəng çalınır, hər gün dərs keçilir. Amma şagirdlərin sayı illə deyil, ayla dəyişir. Gah artır, gah azalır. Onların da çoxlu kitabı var, bir otaq dolusu kitabı. İstəyəndə oxumalarına heç kim mane olmur. Əksinə, oxumaq istəyənə hardan olsa kitab tapıb verirlər. Təki oxusunlar.  Onlar da həvəslə oxuyurlar. Hətta hərf öyrənməyə, söz hecalamağa belə, burada başlayanlar var. Bura gəlib çıxana qədər bir kitabı vərəqləməyənlər birdən-birə oxumaq həvəsinə düşürlər. Bəlkə bir-iki şeir, bəlkə bir-iki hekayə oxuyar, bir gün də belə gedər ümidi ilə.   Bəli, onlar burada gün sayırlar. “Sayılı gün tez keçər” - deyənlərə də qulaq asmırlar. Təcrübələrindən bilirlər ki, onlara “İŞ” kəsilərək verilən illər saymaqla bitmir, yaşanaraq bitir: 2 il “iş”, 3 il “iş”, 5 il “iş”...

 

“İş alan”lardan 17-55 yaş arasında 196 nəfər 2018/2019-cu tədris ili üzrə buraxılış imtahanlarında iştirak edib. Müəyyən müddətə azadlığı məhdudlaşdırılan həmin şəxslərdən 2 nəfəri 18 yaşına çatmayan məzunlardır. Onların nə işi var oxumaqla, deməyin. Nə çoxdur həbsə girib əlində kitabla çıxan.

 

Hər il cəzaçəkmə müəssisələrində də imtahan keçirən Dövlət İmtahan Mərkəzindən bildirilib ki, builki imtahanlarda xüsusi fərqlənən olmasa da, cəzaçəkmə müəssisələrinin indiyədək nəticələri ilə öyünən məzunları da olub. 2013-2019-cu illərdə 18 yaşına çatmayan 12 nəfər məktəbi bitirib. Onlardan 6 nəfər həmin imtahanlarda fərqlənib. Ümumiyyətlə, 2013-2018-ci illər ərzində keçirilən buraxılış imtahanlarında 19 şagird imtahan nəticələri ilə fərqlənib.

 

Kitab onların çıxış yoludur

 

Deyilənə görə, kitab burda ən yaxşı çıxış yollarından biridir. Bu müəssisəyə girən əlinə kitab alır. Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin tərbiyə müəssisəsində yaşı az olsa da, barəsində artıq cinayət işi açılan, işi məhkəmə instansiyalarında təsdiqini tapan, axırda illəri əlindən alınan 45 nəfər cəza çəkir. Bütün planları, hətta xəyalları, arzuları belə, cəzalarının bitdiyi gündən başlayır. Hər planın əsasında azadlıq dayanır. “Burdan çıxandan sonra”! Bu cümləni çoxu işlədir. Amma elə həmin çoxluq da burdan çıxandan sonrakı günlərdə nə edəcəkləri ilə bağlı qərarsızdır. Dağı dağ üstünə qoyacaqlar?

 

Bir anın peşmanlığı hələ 2 il çəkəcək

 

2016-cı il oktyabrın 3-ü. Payız özünü göstərməyə başlamışdı. Həmin il İ.R. IX sinifdə oxuyurdu. Bir qızı sevəcək, o qız uğrunda davaya girəcək qədər böyüdüyünü düşünürdü. Ancaq sonrakı 2 il göstərdi ki, sən demə, hələ böyüməyibmiş. Bu həyatda öyrənməli olduğu çox şey var. Cəza çəkdiyi  7 ayda anlayıb artıq.

 

İ.R.-nın hekayəsi çox maraqlıdır. Belə potensiallı bir gəncin azadlığının məhdudlaşdırıldığına, gələcəyinin kölgələndiyinə inanmaq olmur. Ancaq reallıq budur. O, ailəvi yaxınlıqları olan yaşıdı ilə qız üstündə dalaşıb. Yıxıb onu yerə, ürəyi soyuyana qədər əzişdirib. Ən çox da üzünə vurub. Sonra ona dəstək olan dostları ilə oradan uzaqlaşıb. Bir neçə saatdan sonra polis şöbəsindən zəng edib, onu ifadə verməyə çağırıblar. Orada öyrənib ki, demə, onun əlində daş da olub. Dostunun çənəsini sındırıb. Məhkəmə müstəvisində mübarizə aparmağa çalışsa da, istəyinə nail ola bilməyib. Uzun məhkəmə prosesi onun üçün uğursuz tamamlanıb və XI sinifdən məzun olub yaşıdları kimi universitetə deyil, tərbiyə müəssisəsinə göndərilib. Tələbə həyatına yox, məhbusluq həyatına başlayıb.

 

Ailəsi İ.R-nı yaxşı yetişdirib. Ana dilindən savayı ingilis və rus dillərində də bilir. İnformatika fənnini sevib və bacardığı qədər yaxşı öyrənməyə çalışıb. “4” və “5” qiymətlərlə orta ümumtəhsil pilləsində təhsilini 214 nömrəli tam orta məktəbdə tamamlayıb. Hələ azadlıqdaykən bir kitab yazıb. Azadlığı məhdudlaşdırılana qədər kitabını bitirib. Həmin kitabının qəhrəmanı 17 yaşlı oğlandır. Ruhuna tülkünün  ruhu girmiş bir oğlan. Kitabda xeyirlə şərin mübarizəsi xeyrin qələbəsi ilə yekunlaşır. Fantastik janrda yazdığı kitabını “Alore Virus” təxəllüsü ilə  internet kitabxanasına yerləşdirib və artıq 1000 nəfər oxuyub. “Əsəri ilə özünün oxşarlığı varmı”, - deyə maraqlanırıq: “Elə mənim də ruhumu başqası ələ almışdı. Artıq dəyişmişəm. Hətta bir il əvvəl, hələ həbsə düşmədən dəyişdim. İşə başlamışdım. Ailəmə işləyib kömək edirdim. İndiki ağlım olsa, o davanı etməzdim. Ağlım başıma gələndə gec idi. Ancaq öz üzərimdə işlədim, özümü inkişaf etdirdim, dəyişdirdim”.

 

Artıq ikinci kitabını yazmağa başlayıb. Lermontovu, Yesenini sevə-sevə oxuyub. İndi də oxumağa davam edir. Azadlığı məhdudlaşdırılandan bəri artıq 40-a yaxın kitab oxuyub. Tərbiyə müəssisəsində onu tapıntı hesab edirlər. “Belə uşaqlar həmişə ələ düşmür”, - deyirlər. Yaxşı ki də düşmür. Ona görə də yetkinlik yaşına çatmasına baxmayaraq, böyüklər üçün cəzaçəkmə müəssisəsinə köçürülməməsi ilə bağlı məhkəmə qərarı çıxarılıb. İ.R. 20 yaşına qədər, yəni cəza müddəti bitənə qədər tərbiyə müəssisəsində qalacaq. Burdan sonrakı yol xəritəsini də cızıb. Əvvəlcə ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak edəcək. Azadlıqdan məhrum edilənlər ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak edə bilmədiyindən bununla bağlı planını azadlığa çıxandan sonrakı dönəm üçün qurub: “Burda qaldığım müddətdə bildiklərimi unutmayım deyə kitablar oxuyuram. Ali təhsil müəssisələrinə qəbul imtahanlarının  proqramını da götürüb ona uyğun burada hazırlaşıram. Burada müəllimlər mənə lazım olan köməyi edirlər”.

 

Deyir ki, burda oxumaq, hazırlaşmaq və bir çox şeyə nail olmaq daha asandır: “Azadlıqda olanda insan vaxtını boş yerə sərf edir. Gəzir, əylənir. Oxumağa az vaxt tapır. Ancaq azadlığı məhdudlaşdırılan şəxslərin gəzib əylənməyə vaxtı olmadığı kimi, oxumağa və düşünməyə də çoxlu vaxtı olur. Məsələn, mən artıq bilirəm ki, oxumaq mənim üçün çox vacibdir. Azadlıqda olanlar oxumaqdan daha maraqlı məşğuliyyətlər tapır, burada isə oxumaqdan maraqlı heç bir məşğuliyyət yoxdur”.

 

Bu tələbatını tərbiyə müəssisəsinin kitabxanası ödəyirmi? İ.R. istədiyi kitabı tapıb oxuyur. Burada  böyük kitabxana var. Ancaq tapa bilməyəndə lazım olan kitabı anası gətirir. 

 

Neft mühəndisi olmaq istəyir. Atasının dənizdə işləyən dostlarından bu işlə bağlı maraqlı əhvalatlar dinləyə-dinləyə uşaqlıqdan arzusu formalaşıb. Ancaq sonra Rusiyaya gedəcək. Deyir qohumlarının çoxu Rusiyadadır.

 

İkinci kitab hazırlığı

 

İkinci kitabını da yazacaq. Artıq başlayıb belə: “Burda qaldığım müddətdə çox şey öyrəndim, çox şey dərk etdim. İlk növbədə səbrin nə olduğunu bilmirdim, burada səbir etməyi öyrəndim. Bu yaşda insan çox vaxt valideyninin dəyərini dərk etmir. Tərbiyə müəssisəsində qaldığım müddətdə anladım ki, valideynlərimi nə qədər çox sevirəm. İnsan hansı yaşda olursa-olsun, valideyninə ehtiyac hiss edir. İndi özümü daha yaxşı tanıyıram. Həyatımla bağlı çox düşündüm. Harda nəyi səhv etdiyimi təhlil etdim. Bir yandan düşünürəm ki, yaxşı ki, bura düşdüm. Həyatımın dəyərini anlamağımda azadlığımın məhdudlaşdırılması çox böyük rol oynadı”.

 

Tərbiyə müəssisəsində öyrəndiyi, qazandığı bir məşğuliyyət də var: heykəltaraşlığa başlayıb. Kurslarda maraqla iştirak edən İ.R.-ın burada da bir tülkü “qəhrəman”ı var: “Mən tülküyə fərqli prizmadan yanaşıram. Tülkü çox ağıllı heyvandır.  Çıxılmaz vəziyyətlərdən çıxmağı, çıxış yolu tapmağı bacarır. Harda qaçmaq lazımdır, harda yox, bunu çox yaxşı bilir.

 

Bir sözlə, onun çox məşğul olan məhbəs həyatı davam edir. Arada tərbiyə müəssisəsinin kompüterlərindən faydalanır. İnternetə çıxışı olmasa da, bu sahədə bilik və bacarıqlarını qorumaqda ona kömək edəcəyini istisna etmir: “Kompüterdə oyun da oynayıram. Amma ən çox heykəltaraşlıqla maraqlanıram. Heykəltaraşlıq mənim üçün həbsdəki qazancımdır. Çünki bununla məhz həbsdə olduğum üçün maraqlandım, azadlıqda olsam maraqlanmazdım”.

 

Bir sözlə, 3 kompüteri və 3000-dən çox kitabı olan kitabxana İ.R.-ın ixtiyarındadır. Ona hər cür şərait yaradılır  ki, təki İ.R. bundan sonra cəza çəkəcəyi iki ili dəyərləndirsin.

 

Polis mayorunun quldur oğlu kitaba bağlanıb

 

B.C. isə 17 yaşındadır. Quldurluqda günahkar bilinərək həbs olunub. B.C. bir nəfər dostu ilə yanacaqdoldurma məntəqəsinə silahlı basqın edib. Kassanı aça bilməyib, ancaq bir işçinin cibindən pul götürə biliblər. Hərəkətin məsuliyyətini sonradan anlayan B.C. cəzasını da layiqincə çəkir. Günahkar axtarmır, bütün məsuliyyəti cinayət ortağına yükləmir: “4 ildir işləyirdim. Maşın düzəldirdim. Ancaq istəyirdim pulum çox olsun. Ona görə də başqa bir dostumla qərara gəldik ki, basqın edib çoxlu pul götürək”.

 

Quldurluğu ailəsindən, anasından xəbərsiz edib. Deyir ki, maşın düzəldərək aldığı əməkhaqqını anasına verib, soyğunda qazandığını özü götürüb: “Soyğunda götürdüyüm puldan anama versəydim, anlayacaqdı. Yanında işlədiyim maşın ustası qohumumuz idi. Ona görə də soyğundan nə qazansam, özüm üçün xərcləyirdim. Restorana gedir, əylənirdik”.

 

Yolu tərbiyə müəssisəsinə düşənə qədər kitablarla heç maraqlanmayıb. Amma bura gələndən Çingiz Aytmatovun artıq 11 kitabını tamamlayıb. Kitabxanaya gedib və o gündən  kitablara aludə olub. Deyir ki, həm vaxtı gedir, həm də beyni inkişaf edir.

 

Cinayətkar “karyerası” kimi, məktəb həyatı da uğursuz başlayıb. Evləri yandığından sənədləri vaxtında hazır olmayıb və onu məktəbə qoymayıblar. Hərfləri evdə öyrətməklə kifayətlənib. Atası vəfat edib, polis mayoru anasının himayəsində olub. Uşaqlarla iş üzrə inspektor kimi fəaliyyət göstərən ana B.C. üçün də əlindən gələni etməyə çalışıb. Sənədləri üzündən məktəbə gedə bilməyən oğluna yazıb-oxumağı öyrətməsi üçün müəllimlə razılaşıb. Evdə təhsil alan B.C. hərfləri çətinliklə öyrənib: “Tərbiyə müəssisəsinə gələndə kitabları hecalayaraq oxuyurdum. Artıq sürətimi kifayət qədər artırmışam”.

 

İndi tərbiyə müəssisəsində fəaliyyət göstərən Xətai rayonu 45 nömrəli axşam tam orta məktəbinin dinləyicisi, şagirdidir. Azadlıqda fürsət tapıb öyrənə bilmədiklərini burada məcburən öyrədirlər. O, tez-tez heykəlciklər də düzəldir. İt, ayı, şaxta baba düzəltmək istəyib, müəllimi də ona kömək edib. “Qardaşımın heykəlini düzəltmək istərdim”, - deyir: “Böyük qardaşım qəzada həlak olub. Bu yolla onu öz həyatımda əbədiləşdirəcəyimə inanıram”.

 

Buna baxmayaraq, ona kitab oxumaq heykəl düzəltməkdən daha maraqlı gəlir. Deyəsən, kitab soyğundan da önə keçib. Deyir daha soyğunçuluq etməyəcək. Quldur B.C.-ni kitabsevən B.C. əvəz edib.

 

Həbsə düşənlər kitab oxuyur, heykəl yaradır, maşın düzəldirlər

 

Zahidin (ad şərtidir) isə 16 yaşı var. Oğurluqda günahkar bilinərək həbs edilib. 3 dost mağaza yarıb, sonra isə ələ keçib. Ancaq elə bilməyin ki, əziyyətə qatlaşmayıb. Öz əməyi ilə yaşamağa uşaqlığından başlayıb. Kuryer olub. İş yerinin motosikleti ilə sifarişi ünvana çatdırıb: “Motosiklet özümün olsa, ona görə də əlavə pul verirdilər. Mən də borc-xərc edib özümə motosiklet aldım. Şirkətin sifarişlərini öz motosikletimlə aparır, buna görə daha çox pul alırdım. Motosiklet almaq üçün götürdüyüm borcu da qaytarmışdım”.

 

Atası rəhmətə gedib. Anası başqası ilə ailə qurub. Qardaş-bacısı atalığı ilə normal yaşasa da, Zahid tez-tez problemlər yaradıb, ailədə söz-söhbətə səbəb olub: “Hər gün səhər 11-12-yə qədər yatırdım. Sonra durub bir siqaret çəkib, acqarına işə gedir, axşama qədər ac-susuz işləyirdim”.

 

Günə siqaretlə başlayan Zahidin gündəlik rejimi artıq dəyişib. Bütün məhkumlarla normal münasibət qurub. Ancaq ən çox rəis müavini Elçin Orucovla dərdləşdiyini deyir.

 

Tərbiyə müəssisəsində rəis müavini Elçin Orucovun sözlərinə görə, burada yeniyetmələri cəmiyyətə qazandırmaq üçün əllərindən gələni edirlər. Vətənpərvər, xalqına və millətinə bağlı insan kimi yetişdirməyə çalışırlar: “Hər səhər onlar himnimizi eşidir, oxuyur. Günə himnlə başlayırıq. Tərbiyə müəssisəsində tam orta təhsilli 2 məhkum var. Ancaq onları da məktəbə cəlb edirik. 14.30-da məktəbimizdə dərslər başlayır. Bütün məhkumlar dərslərə cəlb edilir”.

 

Rejimlə yeyib, rejimlə yaşayan məhkumlar üçün tez-tez maarifləndirici tədbirlər təşkil olunur. Bu məsələdə QHT-lər fəallıq göstərirlər. Spirt, tütün, narkomaniya və başqa zərərli vərdişlərlə bağlı mütəmadi seminar, treninqlər təşkil edilir.

 

E.Orucov tərbiyə müəssisəsindən çıxıb ali məktəbə gedənlərin belə olduğunu vurğulayıb: “Azadlığa çıxdıqdan sonra hətta Bakı Dövlət Universitetinə qəbul olunan var. O.K. adlı bir nəfər isə burada heykəltaraşlıq öyrənib və hazırda azadlıqda heykəltaraşlıqdan dərs deyib pul qazanır”. 

 

18 nömrəli peşə məktəbinin avtomobil çilingəri ixtisası üzrə tərbiyə müəssisəsində daimi hazırlıq təşkil olunur. Maraqlanan yeniyetmələr bu imkandan yararlana bilirlər. Ayrı-ayrı peşələr üzrə də mütəmadi kurslar təşkil olunur. Müəyyən dövrü əhatə edən həmin kurslardan fərqli olaraq avtomobil çilingəri və heykəltaraşlıq üzrə daimi hazırlıq həyata keçirilir: “Heykəltaraşlıq üzrə müəllim Elxan Zeynalov mütəmadi olaraq gəlib bildiyini burdakı uşaqlara da öyrədir. Düzdür, bəzən məktəbdən yayınmaq üçün də heykəltaraşlıqla maraqlanırmış kimi görünənlər olur. Ancaq biz bunu bilirik. Marağı və bacarığı olanlarla Elxan müəllim çox həvəslə məşğul olur. Uşaqların artıq xeyli əl işi də var. “Saf rənglər” Beynəlxalq Rəsm Yaradıcılıq Festivalında da sərgilənən və mükafatlanan əl işləri olub. Məsələn, Əşrəf Əhmədov adlı yeniyetmənin “Buqələmun”u qiymətləndirilib”.

***

Onlar üçün heç nə hələ bitməyib. Oxumaq, təhsil böyük əksəriyyətini cəmiyyət sıralarına faydalı insan kimi qaytaracaq.

 

Ruhiyyə DAŞSALAHLI



25.10.2019 | 12:48