BMU-nun tələbələri “İ2B-İdeyadan Biznesə” layihəsinin qalibləri sırasında

“İ2B-İdeyadan Biznesə” layihəsinin Bakı və region finalçıları arasından 2019-cu il üzrə qalibləri müəyyən edilib. Qaliblər sırasında Bakı Mühəndislik Universitetinin (BMU) tələbələri də var.

 

Qeyd edək ki, ölkəmizin 12 regionunda keçirilən startap turlarında 153 komanda iştirak edib. Startap turları zamanı dövlət qurumlarının, müxtəlif inkubasiya mərkəzlərinin, texnoparkların, eləcə də nüfuzlu İKT şirkətlərinin nümayəndələri iştirakçılar üçün təlim və seminarlar təşkil edib, onlara startap ekosistemi, ideyanı biznesə çevirməyin yolları barədə məlumat veriblər.

 

Bakı, Sumqayıt, Şamaxı, Şəki, Zaqatala, Tovuz, Göyçay, Gəncə, Lənkəran, Mingəçevir, Sabirabad və Naxçıvanda təşkil olunmuş startap turlarında 17 komanda yarımfinala keçib. Sonuncu seçim mərhələsində uğur qazanan 10 komanda “İ2B-İdeyadan Biznesə” layihəsinin respublika finalında mübarizə aparıb.

 

“InnoWeek-İnnovasiya həftəsi” çərçivəsində  Heydər Əliyev Mərkəzində təşkil olunan final tədbirində layihələr mütəxəssislərdən ibarət münsiflər heyəti qarşısında təqdim edilib. 10 komanda onlara ünvanlanan sualları cavablandırıb. Münsiflər tərəfindən ideyanın unikallığı, bazar potensialı, investisiyanın mənfəət müddəti, ilkin xidmətin/prototipin hazırlanmasına tələb olunan müddət, komandanın ideyanı gerçəkləşdirmə qabiliyyəti kimi meyarlar dəyərləndirilib.

 

Nəticələrə əsasən, BMU-nun  İqtisadiyyat və idarəetmə fakültəsinin tələbəsi  Fidan Fərzəliyevanın rəhbərlik etdiyi “Buqələmun” komandası 2-ci yerə layiq görülüb. “Buqelemun.com onlayn elmi və sosial inkişaf platforması”nın rəhbərləri BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin tələbələri Aslan Məmmədli və Nurlan Umarovdur. Yarışmada 1-ci yerin qalibi “Heal With”, 3-cü yerin  qalibi  isə “Palliativ Plus” komandaları olub.

 

Məlumat üçün nəzərə çatdıraq ki, 2018-ci ildə keçirilən “İdeyadan Biznesə” layihəsinin  startap turunda BMU-nun “Go Next” komandası I yerə layiq görülmüşdü.

 

Təşkilatçılar və tərəfdaşlar tərəfindən ilk üç yerin qalibinə ideyalarını biznesə çevirmək üçün maliyyə dəstəyi göstəriləcək. Qaliblər 3-6 dekabr tarixlərində təşkil ediləcək  25-ci “Bakutel” Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgi-konfransında öz layihələrini təqdim etmək imkanı qazanıblar.

 

Onu da bildirək ki, “İ2B - İdeyadan Biznesə” layihəsi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, İnnovasiyalar Agentliyi, “Azercell” və “Microsoft” şirkətləri tərəfindən birgə reallaşdırılır.



25.10.2019 | 16:32