Akademik Ramiz Mehdiyev Rusiya Elmlər Akademiyasının vitse-prezidenti ilə görüşüb

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev Rusiya Elmlər Akademiyasının (REA) vitse-prezidenti, akademik Taliya Xabriyeva ilə görüşüb.

 

Ramiz Mehdiyev hər iki ölkə arasında möhkəm dostluq və əməkdaşlıq əlaqələrinin mövcud olduğunu və bu əlaqələrin prezidentlər – Vladimir Putinlə İlham Əliyevin arasında mövcud olan yüksək etimad və şəxsi dostluğa əsaslandığını bildirib. Qeyd edib ki, iki ölkənin elmi strukturları arasında da 2005 və 2019-cu illərdə imzalanan əməkdaşlıq haqqında sazişlərə əsaslanan geniş tərəfdaşlıq münasibətləri yaranıb və uğurla inkişaf edir.

 

Cari ilin mayında iki qurum arasında imzalanan elmi-texniki əməkdaşlıq haqqında sazişin əhəmiyyətindən danışan akademik bildirib ki, sözügedən sənəddə elm və texnologiyaların prioritet istiqamətləri üzrə birgə elmi layihələrin işlənməsi, həyata keçirilməsi, təcrübə və informasiya mübadiləsi, yüksəkixtisaslı kadrların hazırlanması, elmi tədqiqatların koordinasiyası, birgə elmi tədbirlərin keçirilməsi kimi məsələlər öz əksini tapıb və hazırda bu işlər uğurla yerinə yetirilir.

 

Akademik AMEA alimlərinin REA-nın Geologiya və Yer fizikası institutları, Rusiya Dövlət Neft və Qaz Universitetində fəaliyyət göstərən həmkarları ilə sıx əlaqələrinin səmərəli nəticələr verdiyini vurğulayıb. Ölkə alimlərinin Dubnada yerləşən Birləşmiş Nüvə Tədqiqatları İnstitutundakı fəaliyyətindən danışan Ramiz Mehdiyev bildirib ki, hər il AMEA-nın alim və gənc mütəxəssisləri həmin müəssisədə qısamüddətli və uzunmüddətli tədqiqatlar aparırlar.

 

Azərbaycan və Rusiya Federasiyası, o cümlədən Tatarıstan Respublikası arasında mövcud olan qədim dostluq və tərəfdaşlıq ənənələrindən danışan alim həmin ənənələrin bundan sonra da möhkəmlənəcəyinə əminliyini ifadə edib.

 

Rusiya Elmlər Akademiyasının vitse-prezidenti, akademik Taliya Xabriyeva akademik Ramiz Mehdiyevi AMEA-nın prezidenti vəzifəsinə seçilməsi münasibətilə təbrik edib və alimə REA-nın prezidenti, akademik Aleksandr Sergeyevin təbrik məktubunu təqdim edib. Rusiyalı alim iki ölkə arasında elmi əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə və akademiya rəhbərliyinə yüksək təcrübəyə malik dövlət xadimi və görkəmli alimin gəlməyinin bu inkişafa xüsusi stimul verəcəyinə əminliyini bildirib.

 

 “Xəzər dialoqu” layihəsindən söz açan akademik Taliya Xabriyeva bu layihənin təkcə iqtisadiyyat, ekologiya, energetika və etnik miqrasiyalar sahələrində deyil, həmçinin ədəbiyyat, sənətşünaslıq, etnoqrafiya, fəlsəfə, arxeologiya və digər humanitar istiqamətlərdə də birgə tədqiqatların təşkilinə təsir edəcəyini bildirib.

 

Taliya Xabriyeva Rusiya Elmlər Akademiyasının rəhbərliyi adından akademik Ramiz Mehdiyevi Moskvaya dəvət edib. Təklif minnətdarlıq hissi ilə qəbul olunub.



28.10.2019 | 14:28