Bal arılarını gənədən təmizləyən qurğu 6 min manat pul mükafatı qazanıb

Gəncə Dövlət Universitetində rektor, professor Yusif Yusibovun sədrliyi ilə Elmi Şuranın növbəti iclası keçirilib.

 

Rektor 2019-2020-ci tədris ilində əldə olunan nailiyyətlər və qarşıda duran vəzifələr barəsində danışıb.

 

O, Bakıda Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi, Aqrar Elm və İnnovasiya Mərkəzinin, “Startap Azərbaycan” və “İNNOLAND” Akselerasiya Mərkəzi tərəfindən həyata keçirilən “AgroX” startap müsabiqəsində qalib olan  İnnovasiyalar Departamentinin ekspert-konsultantı Rəşad İsgəndərovu və Fizika kafedrasının dosenti Vaqif Rüstəmovu təbrik edərək onlara uğurlar arzulayıb.

 

Bildirilib ki, “Antivarron” layihəsinin icraçı direktoru Rəşad İsgəndərovdur. Fizika kafedrasının dosenti Vaqif Rüstəmovun hazırladığı qurğu isə arıları gənədən təmizləmək üçün istifadə edilir. Bu qurğunun vasitəsilə, heç bir kimyəvi preparatdan istifadə etmədən, saf bal əldə etmək mümkündür.

 

Qurğu “Antivarron” layihəsi çərçivəsində “AgroX” startap müsabiqəsində 1-ci yerə layiq görülərək 6 min manat pul mükafatı qazanıb.

 

Universitetin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru, dosent Fəxrəddin Məmmədovun 2019-2020-ci tədris ilinin I yarımili üçün fakültələr üzrə sərbəst iş, kollekviumların keçirilməsi, aylıq məlumat formalarının doldurulmasına dair hesabatı dinlənilib.

 

Elm və innovasiyalar üzrə prorektor, millət vəkili Pərvin Kərimzadə isə Beynəlxalq əlaqələrin gücləndirilməsi istiqamətində görülən işlərə dair məruzə ilə çıxış edib. Prorektor universitetin xarici universitetlərlə imzaladığı  müqavilələrdən, Beynəlxalq əlaqələr şöbəsinin qazandığı mükafatlardan, iştirak etdiyi konfranslardan və İnnovasiyalar Departamentinin davam edən uğurlarından danışıb.

 

Daha sonra Arifə Əhmədlinin Coğrafiya kafedrasının dosenti elmi adını almağa dair vəsatəti səsə qoyularaq qəbul edilib.



29.10.2019 | 11:25