İstedadlı uşaqların xüsusi sinfində

Oktyabrın 29-da istedadlı uşaqlar üçün xüsusi siniflərin fəaliyyət göstərdiyi Bakı şəhəri 220 nömrəli məktəb-liseyə mediatur təşkil edilib.

 

Mediaturun məqsədi ümumi təhsil müəssisəsində təşkil edilən xüsusi siniflərlə tanışlıq, bu siniflərdə tədris prosesi ilə bağlı media nümayəndələrini məlumatlandırmaq olub. Bildirilib ki, ötən tədris ilində Bakı, Sumqayıt, Gəncə, Mingəçevir şəhərləri,  Ağdaş, Bərdə, Xaçmaz, Quba, Şəki, Şəmkir, Zaqatala, Kürdəmir, Ağcabədi, İsmayıllı, Qəbələ və Sabirabad rayonlarında ümumilikdə 47 ümumtəhsil məktəbində VII və VIII siniflər üzrə istedadlı şagirdlər üçün 60 xüsusi sinif təşkil edilib. 7-ci siniflər üzrə riyaziyyat-informatika, 8-ci siniflər üzrə təbiət elmləri təmayüllü siniflər yaradılıb. 2019-2020-ci tədris ilində isə xüsusi istedadlı uşaqlar üçün siniflərin şəbəkəsi genişləndirilib, 47 rayonda 83 məktəb üzrə 102 xüsusi sinif yaradılıb.

 

Respublika üzrə hazırda ümumilikdə Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan şəhərləri ilə yanaşı 47 rayon, 117 məktəbdə 162 xüsusi sinif fəaliyyət göstərir.  Ümumilikdə 4000-ə yaxın şagird sözügedən siniflərdə təhsillərini davam etdirir.

 

Mediaturda Təhsil İnstitutunun İstedadlı uşaqlarla iş şöbəsinin müdiri Fuad Qarayev  jurnalistlərə açıqlamasında bildirib ki, bu siniflərin komplektləşdirilməsində əsas meyar kimi ötən tədris ilinin fənn müsabiqələrinin nəticələri götürülüb: “Təhsil Nazirliyi tərəfindən artıq 5 ildir ki, VI, VII siniflər arasında riyaziyat, kimya, fizika, biologiya və informatika üzrə  fənn müsabiqələri keçirilir.  Fənn müsabiqələrində yüksək nəticə göstərən şagirdlər xüsusi siniflərə cəlb ediliblər. Bununla yanaşı, sinif komplektləşdirilməsində həmin şagirdlərin sayı kifayət etmədikdə, yerlərdə əlavə imtahan keçirilib və həmin imtahan nəticəsi əsasında əlavə şagirdlər də bu siniflərə cəlb ediliblər. Burada şagirdlərin məntiqi biliklərinin inkişafına təkan vermək, onlara beynəlxalq, yerli olimpiadalar və bu kimi digər bilik yarışlarında iştirak təcrübəsi qazandırmaq, istedadlı, xüsusilə məntiqi təfəkkürü ilə fərqlənən şagirdləri aşkara çıxarmaq, onların həvəsləndirilməsi və elmə olan marağının artırılması əsas önəm daşıyır. Biz inanırıq ki, bu siniflərdə oxuyan şagirdlərimiz  müvafiq olaraq fənləri daha dərindən öyrənərək, gələcəkdə istər ölkə daxilində, istərsə də ölkə xaricində keçirilən yarışlarda,  müsabiqələrdə və olimpiadalarda çıxış edərək ölkəmizi layiqli şəkildə təmsil edəcəklər”.

 

Qeyd edək ki, xüsusi siniflərin təşkil olunmasında məqsəd istedadı ilə seçilən şagirdlərin elmi potensiallarını inkişaf etdirmək, onların müvafiq istiqamətlər üzrə daha keyfiyyətli hazırlaşmasını təmin etməkdir. Müvafiq siniflər üzrə il ərzində bir neçə dəfə səviyyə müəyyənləşdirmə imtahanı, müəllimlərin peşəkarlıq səviyyələrinin yüksəldilməsi istiqamətində seminar və mühazirələr təşkil edilir. Xüsusi siniflərdə dərs deyən müəllimlər rayon (şəhər) üzrə müvafiq fənnən diaqnostik balı yüksək olanlar arasından seçiliblər. Xüsusi siniflərin tədris planı və tədris proqramı digər siniflərdən fərqlidir.

 

Daha sonra media nümayəndələri 220 nömrəli məktəb-liseydə fəaliyyət göstərən riyaziyyat-informatika təmayüllü xüsusi siniflərdə tədris prosesi ilə tanış olub, müəllim və şagirdlərlə söhbət aparıblar.

 

Məktəb-liseyin VIII “r” sinfinin şagirdlərinin maraqlı fikirləri ilə siz də tanış olun.

 

Fərid Əfəndiyev: “İmtahan verib yaxşı nəticə göstərib bu sinfə keçmişəm. Mən ötən il ölkəmizdə keçirilən  Lütfi Zadə adına Məktəblilərarası IV Məntiq Olimpiadasının qalibi olmuşam. İstəyirəm ki, beynəlxalq olimpiadalarda iştirak edim, yüksək nəticə göstərən Azərbaycan məktəblisi kimi tarixə düşüm”.

 

 

 

 

Nəzakət Əvəzova: “Bu sinifdə oxumağın əsas şərtlərindən biri də məsuliyyətli və çalışqan olmaqdır. Biz seçilmiş uşaqlar gələcəyin parlayan ulduzlarıyıq. Bizlər  xüsusi seçilmiş  şagirdlərik. Bizim üzərimizə düşən əsas vəzifə müəllimlərimizin tapşırıqlarına əməl etmək və onların etimadlarını doğrultmaqdan ibarətdir”.

 

 

 

Zərifə Məmmədli: “Bu sinifdə oxumaq mənə riyaziyyat fənnini daha dərindən öyrənməyimə kömək oldu. Mən ötən il kimya fənni üzrə  Bakı şəhəri ümumi təhsil məktəblərinin VI-VII sinif şagirdləri arasında keçirilən V Respublika fənn müsabiqəsində iştirak edərək III yerə layiq görüldüm. Bu, mənim üçün çox böyük uğur idi. Hədəfim beynəlxalq müsabiqələrdə və olimpiadalarda layiqli iştirakımla ölkəmizi təmsil etməkdir”.

 

Rəşad ZİYADOV



29.10.2019 | 13:02