“Aida İmanquliyeva müasir ərəb ədəbiyyatının tədqiqində yeni səhifə açıb”

Gəncə Dövlət Universitetində (GDU) görkəmli şərqşünas alim, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın anadan olmasının 80 illik yubileyi münasibətilə konfrans keçirilib.

 

GDU-nun rektoru, professor Yusif  Yusibov  Aida İmanquliyevanın şərqşünaslıq elminə töhfələrindən danışıb. Bildirib ki, 1939-cu ildə Azərbaycanın görkəmli jurnalisti, elm xadimi Nəsir İmanquliyevin ailəsində dünyaya gələn Aida xanım, 132 saylı orta məktəbi qızıl medalla bitirib. 1957-1962-ci illərdə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb şöbəsində təhsil alıb. Aida İmanquliyeva Moskvada SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda ərəb filologiyası üzrə aspiranturanı bitirib. Azərbaycan Elmlər Akademiyasının Yaxın və Orta Şərq Xalqları İnstitutunda kiçik elmi işçi, sonra baş elmi işçi, ərəb filologiyası şöbəsinin müdiri, elmi işlər üzrə direktor müavini, həmin institutda direktor vəzifəsində çalışıb.

 

Aida İmanquliyeva 52 yaşında dünyadan köçsə də, şərqşünaslıq elmində gördüyü böyük işlər, insan və ziyalı xanım kimi gözəl əməlləri bu günədək yaddaşlarda yaşayır.

 

“Biz ona çox minnətdarıq. Bu minnətdarlıq təkcə onun elmi fəaliyyətinə görə deyil, həm də ona görədir ki, Aida xanım cəmiyyətə, ölkəmizə iki gözəl xanım bəxş edib və bu gün onlar Azərbaycanı beynəlxalq aləmdə layiqincə təmsil edirlər...Nərgiz Paşayeva şərqşünaslıq elmi üzrə fəaliyyət göstərməsə də, məşğul olduğu elm sahəsində öz sözünü demiş  bir akademikdir. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva haqqında saatlarla danışmaq olar. Bütün bunlar onların Aida xanımdan tərbiyə almasının nəticəsidir”-deyə professor Yusif Yusibov söyləyib.

 

Humanitar məsələlər üzrə prorektor Gülsüm Fətəliyeva bildirib ki, Aida İmanquliyeva gələcək nəslin yolunun üstündə parlayan bir mayakdır. İstedadlı alim, ictimai xadim, gözəl qadın və ana olan Aida xanım İmanquliyeva 1989-cu ildə Tbilisi şəhərində doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək ilk azərbaycanlı qadın-ərəbşünas elmlər doktoru olub.

 

Çıxış edən digər məruzəçilər  bildiriblər ki, ömrünü Şərq mədəniyyətini və məhcər ədəbiyyatını öyrənməyə sərf edən Aida İmanquliyeva müasir ərəb ədəbiyyatının tədqiqində yeni səhifə açıb, öz fundamental araşdırmaları ilə təkcə Azərbaycan şərqşünaslığını deyil, dünya şərqşünaslığını da zənginləşdirib və inkişaf etdirib.

 



29.10.2019 | 17:54