Dünya Bankının missiyası AzTU-da

Azərbaycan Texniki Universitetində (AzTU) Dünya Bankının   “Azərbaycanda dəmir yolu və logistikanın inkışafı” layihəsini reallaşdırmaq üzrə hazırlıqlara başlayan missiyası ilə görüş keçirilib.

 

Missiyanın üzvləri - Dünya Bankının Nəqliyyat və İKT Departamentinin infrastruktur üzrə baş mütəxəssisi Nicat  Vəliyev, “Transport Europe” sektorunun nəqliyyat üzrə baş iqtisadçısı Viktor A. Araqones və  gender üzrə mütəxəssisi Nato Kurşitaşvili layihənin təşəbbüsçüsünün “Azərbaycan Dəmir Yolları” QSC-nin olduğunu  bildirərək qeyd ediblər ki,  onun komponentlərindən biri dəmir yolu və logistika sahəsində kadr potensialını, mütəxəssis hazırlığını gücləndirməklə bağlıdır.

 

Missiya  bu istiqamətdə AzTU-nun imkanlarını dəyərləndirmək  niyyətini açıqlayıb.

 

AzTU-nun rektoru, professor Vilayət Vəliyev  son illərdə Azərbaycanın iri tranzit və logistik mərkəzə çevrilməsi yolunda atılan addımlardan danışıb. Onun sözlərinə görə,  əlverişli coğrafi mövqeyi, həyata keçirilən irimiqyaslı layihələr, nəqliyyat infrastrukturunun qlobal çağırışlara uyğun qurulması sahəsində görülən işlər ölkəmizin tranzit və yükdaşıma potensialından daha səmərəli istifadəyə imkanlar açır.

 

Rektor AzTU-nun Azərbaycanda nəqliyyat və logistika sahəsində fəaliyyət göstərən və kadr hazırlayan yeganə ali təhsil ocağı olduğunu,  bu yaxınlarda universitetdə ölkə ali məktəbləri praktikasında ilk olan “Nəqliyyat və logistika fakültəsi”nin yaradıldığını vurğulayıb.

 

Maraqlıdır ki, logistika sahəsində kadr problemi olduğunu deyən Viktor A. Araqones görüşdə logistika ixtisası ilə bağlı müzakirə açmağı planlaşdırdıqlarını  və AzTU-da artıq belə fakültənin açılmasından məmnun qaldıqlarını bildirib.

 

Qeyd edilib ki, Azəbaycanda bütün nəqliyyat növləri üzrə kadr potensialını artırmaq, maarifləndirməni  gücləndirmək, bu işləri, o cümlədən logistikanı beynəlxalq səviyyəyə çatdırmaq lazımdır.

 

Görüşdə layihə üzrə əməkdaşlığın forma, mexanizm və istiqamətləri ətrafında müzakirələr aparılıb,  işbirliyi üçün AzTU-nun geniş imkanlara sahib olduğu qeyd edilib.



31.10.2019 | 14:33