“Gələcəyin müəllimi” təqaüdü dörd tələbəyə verilib

Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov  Təhsil Nazirliyinin təsis etdiyi “Gələcəyin müəllimi” təqaüdünə layiq görülən birinci kurs tələbələri ilə görüşüb.

 

Rektor pedaqoji kadr hazırlığı aparılan ali təhsil müəssisələrinin müəllimlik ixtisaslarına yüksək balla qəbul olunmuş tələbələr üçün məqsədli təqaüd təsis edilməsi barədə məlumat verib. O bildirib ki, “Gələcəyin müəllimi” təqaüdünün təsis edilməsində  əsas məqsəd “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq peşəkar bilik və kompetensiyalara malik pedaqoji kadrların hazırlanmasından ibarətdir.

 

“Riyaziyyat və informatika müəllimliyi” ixtisası üzrə birinci kurs tələbələri Alsu Məmmədova və Elmira Xəlilova, “Tarix müəllimliyi” ixtisası üzrə birinci kurs tələbələri Sevinc Əhmədova və Anar Hüseynovu təbrik edən Ş.Bayramov 2019-cu ildə MDU-nun dörd tələbəsinin bu təqaüdə layiq görülməsini, bununla da ali məktəb üzrə həmin təqaüdü alanların sayının səkkizə çatmasını yüksək qiymətləndirib.

 

“Gələcəyin müəllimi” təqaüdünün cəmiyyətdə müəllim peşəsinin nüfuzunun artırılması istiqamətində atılan mühüm addımlardan biri olduğunu qeyd edən rektor bu təqaüdün həmin tələbələrin tərcümeyi- halında əhəmiyyətli yer tutacağına və onların müasir dövrün tələblərinə cavab verən innovativ düşüncəli müəllim kimi yetişməsində mühüm rol oynayacağına əminliyini bildirib.

 



31.10.2019 | 15:27