Rəqəmsal maliyyə müzakirə edilib

Bakı Mühəndislik Universitetinin (BMU) Maliyyə kafedrası elmi seminarlar silsiləsindən növbəti tədbir keçirib. Budəfəki seminar “Rəqəmsal maliyyə və Azərbaycanda tətbiqi” mövzusuna həsr olunub.

  

Maliyyə kafedrasının müdiri Füzuli Əliyev kafedranın daim aktual məsələlərə aid elmi müzakirələr apardığını və seminarlar təşkil etdiyini bildirib.

 

Kafedranın professoru Saleh Məmmədov təqdimatla çıxış edib və iştirakçılara “Elektron hökumət” sistemi, onun əsas elementi olan rəqəmsal maliyyə haqqında ətraflı məlumat verib.

 

Seminarda elektron maliyyə əməliyyatları, vasitələri, mobil bankinq, e-maliyyənin proqram təminatı və texnologiyası haqqında geniş söhbət açılıb. Azərbaycanda e-maliyyənin sürətlə inkişaf etməsinə, bunun bir nümunəsi olaraq “Asan-finans” sisteminə toxunulub. Bildirilib ki, sistemin məqsədi maliyyə xidməti göstərən qurumların dövlət informasiya ehtiyatları və sistemlərinə elektron çıxış platformasının yaradılmasıdır.

  

Daha sonra rəqəmsal maliyyənin inkişafına əngəl olan faktorlar, onların aradan qaldırılması yolları, 4-cü sənaye inqilabı və e-maliyyə münasibətləri geniş müzakirə olunub.

 

 



31.10.2019 | 14:00