“Karyera imkanlarının artırılması”

Oktyabrın 31-də Bakıda “British Council” təşkilatının Azərbaycan nümayəndəliyi tərəfindən “Karyera imkanlarının artırılması” mövzusunda beynəlxalq konfrans keçirilib. Tədbirdə  Azərbaycan Respublikasının Təhsil naziri Ceyhun Bayramov, Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp, “British Council” təşkilatının Azərbaycan nümayəndəliyinin başçısı Samr Şah, Böyük Britaniya Baş nazirinin ticarət elçisi Emma Nikolson, ali təhsil müəssisələrinin, karyera və biznes qurumlarının təmsilçiləri, tələbələr iştirak ediblər. 

 

Konfransda  çıxış edən Təhsil naziri Ceyhun Bayramov Dünya İqtisadi Forumun Qlobal Rəqabətlilik İndeksi üzrə Azərbaycanın  göstəricilərinin  yüksəlməsini diqqətə çatdıraraq “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq ölkəmizdə insan  kapitalının formalaşması,   yüksəkixtisaslı mütəxəssis hazırlığı, ali məktəb məzunlarının iş və karyera inkişafı sahəsində görülmüş işlərdən danışıb.  Təhsil naziri qeyd edib ki, bu məsələ  Azərbaycanda dövlətçilik fəlsəfəsinin əsasını təşkil edir.  O bildirib ki, müasir dövrdə rəqabətə davamlı, hərtərəfli  mütəxəssis hazırlığına nail olmaq üçün Azərbaycan hökuməti biliyə əsaslanan iqtisadiyyatın inkişafına mühüm önəm verir. 

 

“Gələcəkdə bilik və bacarıqları artırmaq üçün məhz yeni səviyyədə inkişafa, tənqidi düşüncə tərzinə və yaradıcılıq kimi sahələrə daha çox sərmayələr qoyulmalıdır. Bu isə təhsilin inkişafı üçün vacib amildir”.

 

Nazir qeyd edib ki, müasir iqtisadiyyatda ali təhsil almaqla yaxşı işlə təmin olunmaq mümkündür, amma insan daim öyrənməsə, onun həmin işdə qalacağına heç kim zəmanət verə bilməz: “Həyat boyu öyrənmək artıq maneə deyil. Bu, cari həyatın reallığıdır. Öyrənilən yeniliklər əmək bazarının tələblərinə uyğun olmalıdır. Ona görə də Azərbaycan hökuməti bütün diqqəti təhsilin üzərinə yönəldib. Ali məqsəd neft sərvətini insan kapitalına çevirməklə, innovativ biliklərə əsaslanaraq iqtisadiyyatı daha da gücləndirməkdir”.

 

Nazir bildirib ki, Azərbaycan təhsil sisteminin dünya təhsil sisteminə inteqrasiyasına nail olmaq üçün “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 3500-dən artıq gənc dünyanın nüfuzlu ali məktəblərində təhsil alıb.  “Xaricdə oxuyub gələn tələbələr dövlət və özəl sektorda, eyni zamanda Təhsil Nazirliyində çalışırlar. Forum Birləşmiş Krallıq və Azərbaycan arasında gələcək əməkdaşlığı inkişaf etdirmək və uzun müddətli dövrdə Azərbaycanın iqtisadi inkişafına töhfə vermək üçün gözəl imkandır. Fəaliyyətimiz iki ölkədə təhsil siyasətinin inkişafına töhfə verir və daha güclü təhsil sisteminin qurulmasına kömək edir”.

 

Təhsil naziri ali təhsil sisteminin rəqabət qabiliyyətliliyinin inkişafından danışarkən  Azərbaycan ali təhsil müəssisələrinin dünyanın bir sıra universitetləri ilə həyata keçirilən ikili təhsil proqramları və doktorantura təhsili sahəsində görülmüş işlərin əhəmiyyətini qeyd edib.

 

Ceyhun Bayramov Azərbaycan və Britaniya Şurası arasında təhsil sahəsində əməkdaşlığa yüksək qiymət verərək ölkəmizin təhsil sisteminə verdiyi töhfələrə görə Britaniya Şurasına minnətdarlığını bildirib. Tədbirdə çıxış edən “British Council” təşkilatının Azərbaycan nümayəndəliyinin başçısı Samr Şah   bildirib ki, bu forum yeni ali təhsil proqramının ölkədəki mövcud ali təhsil mühitində əlverişli mövqe qazanmasına kömək edəcək. Samr Şah bu proqram çərçivəsində tədqiqatçıların təcrübə mübadiləsinin baş tutacağını deyib. Qeyd edib ki, konfrans məzunların məşğulluğunu artırmaq, yerli və qlobal iş dünyasında rəqabətliliyini təmin etmək və nəticələri izləmək üçün davamlı olaraq məlumat toplamaq mexanizmini yaratmaq və ali təhsil müəssisələrinin qabiliyyətini inkişaf etdirmək yollarını öyrənmək məqsədi daşıyır.  

 

Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson da öz növbəsində bildirib ki, keyfiyyətli ali təhsil yerli və qlobal əmək bazarında gənclərin imkanlarını genişləndirir. Baronessa Emma Nikolson təhsil sahəsində Azərbaycan və Böyük Britaniyanın əməkdaşlığının vacibliyini qeyd edib və  ölkəsinin gələcəkdə də bu istiqamətdə təşəbbüsləri dəstəkləyəcəyini vurğulayıb. “British Council” təşkilatının “Məşğulluq üçün ali təhsil” proqramının əhəmiyyətinə toxunan Baronessa Emma Nikolsonun sözlərinə görə, proqramın əsas məqsədi ali təhsil müəssisələrinin məzunlarının işədüzəlmə bacarıqlarını inkişaf etdirmək, onları yerli və qlobal səviyyədə daha rəqabətə davamlı etməkdir. “Proqram respublikanın təhsil sisteminin daha güclü olmasına, Böyük Britaniyanın ali məktəbləri ilə Azərbaycan arasında münasibətlərin qurulmasına, gənc azərbaycanlıların beynəlxalq əmək bazarında iş tapmasına kömək edəcək”,- deyə E. Nikolson vurğulayıb.

 

Beynəlxalq xarakter daşıyan tədbir Birləşmiş Krallıq və Azərbaycan arasında gələcək əməkdaşlığı inkişaf etdirmək və ölkəmizin iqtisadi inkişafına uzunmüddətli töhfə vermək üçün gözəl imkandır.

 

Konfransda iki dövlətin ali təhsil müəssisələri və biznes təşkilatları arasında strateji əməkdaşlıq və təcrübə mübadiləsi imkanları müzakirə olunub. Həmçinin, Azərbaycanda “British Council” təşkilatının “Məşğulluq üçün ali təhsil” proqramına start verilib, onun üstünlüklərindən söz açılıb. Bildirilib ki, “British Council” müvafiq proqramın köməyilə uzunmüddətli tərəfdaşlıq qurmaq, real dəyişikliklərə nail olmaq, insanların bilik və bacarıqlarının artmasına, qlobal bazara çıxmaq potensiallarının inkişaf etməsinə kömək etmək istəyir.

 

Daha sonra tədbir məşğulluq, mütəxəssis hazırlığı, karyera imkanlarına həsr olunmuş  təqdimatlarla  davam etdirilib.

 

Oruc MUSTAFAYEV



31.10.2019 | 13:25