Qafqazşünaslıq İnstitutu öz fəaliyyətinin hesabatını təqdim edib

AMEA Qafqazşünaslıq İnstitutu Elmi Şurasının iclası keçirilib.

 

İnstitutun direktoru, professor Musa Qasımlı qurumun 2019-cu ildə elmi-tədqiqat və elmi-təşkilati fəaliyyətinə dair hesabatını təqdim edib.

 

Bildirib ki, institut bu il 1 elmi istiqamət, 5 mövzu ilə bağlı 16 tədqiqat işi aparıb. Ötən illə müqayisədə elmi fəaliyyətin genişliyi və məhsuldarlığı bu il, demək olar  fərqlənir.

 

Əməkdaşların məqalələri Rusiya, Türkiyə, Bolqarıstan, Ukrayna, ABŞ, Almaniya, Hindistanda dərc edilib. 2018-ci ildə impakt faktorlu jurnallarda 2 məqalə dərc edilib, hesabat ilində isə onların sayı 6 olub. Qəzetlərdə və internet saytlarında dərc olunan məqalələrin sayı 45-dir. Ümumiyyətlə, institut əməkdaşlarının əsərlərinin sayı  2018-ci ildə 173 idisə, 2019-cu ildə bu rəqəm 209 olub.

        

2019-cu ildə institutda Azərbaycan, Rusiya, Türkiyə, ABŞ, İran, Qazaxıstan, Belarus, Özbəkistan, Şimali Makedoniya, Ukrayna və Gürcüstandan 223 alim və tədqiqatçının iştirakı ilə Qafqazşünasların İkinci Beynəlxalq Forumu keçirilib. Forumda Qafqaz ölkələrinin geosiyasi şəraiti, regionda baş verən siyasi, sosial-iqtisadi və b. proseslər, Qafqazda münaqişələr və Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, Qafqazda sivilizasiyaların və mədəniyyətlərin qarşılıqlı əlaqəsinə həsr olunan 250-yə yaxın məruzə 24 bölmə iclasında müzakirə edilib.

 

İnstitut  noyabrın 28-də “Qafqazda terror” mövzusunda respublika elmi konfransı da keçirməyə hazırlaşır.

 

Qafqazşünaslıq İnstitutunun www.caucasusstudies.az saytı fəaliyyət göstərir.

 

İnstitutun 3 dildə nəşr ediləcək “Qafqazşünaslıq” adlı elmi jurnalı beynəlxalq standart seriya nömrəsini alıb. Jurnalın www.jcs.az veb saytı da fəaliyyət göstərir. Bu, ölkədə beynəlxalq münasibətlər, regionşünaslıq və siyasi tarix üzrə ilk beynəlxalq standart seriya nömrəli və elektron jurnaldır.

 



31.10.2019 | 18:27