Azəralüminiumda kafedra filialının açılışı

Azəralüminium zavodunda Azərbaycan Texnologiya Universitetinin (UTECA) Kimya və Metallurgiya mühəndisliyi kafedrasının filialının açılışı olub.

 

Rektor Akif Süleymanov bildirib ki, müvafiq ixtisasın tələbələri bundan sonra həftənin müəyyən günləri zavodda, tədris üçün zəruri inventarlarla təchiz edilmiş kabinetdə təhsil alacaq, bununla da metallurgiya ixtisasının sirlərinə daha yaxından bələd olacaqlar: ” Yəni, tədris prossesində nəzəri təlimlərlə paralel uyğun sexlərdə əyani hazırlıqlar aparılacaq. Nəticədə gələcəyin texnoloqları müasir texnologiyalar əsasında işləyən müəssisə təcrübəsinə malik olacaqlar. Həmin 2 və 3-cü kurs tələbələrin gələcəkdə təcrübə müddətinin də  Azəralüminiumda keçiriləcəyi nəzərdə tutulub”.

 

Akif Süleymanov qeyd edib ki, elm və istehsalatın bu kimi əyani əməkdaşlığı ölkənin metallurgiya sənayesinə töhfə verəcək.

 

Azəralüminiumun istehsalat üzrə direktoru  Oqtay Rəfiyev və Gəncə Alüminium Kompleksinin istehsalat üzrə rəhbəri Cəmil Səfərov  tələbələrin zavodun işçiləri üçün nəzərdə tutulmuş təlim proqramlarından xüsusilə yararlanacaqlarını, əsasən təcrübə xarakterli olduğu üçün tədrisin daha asan və maraqla mənimsəniləcəyini bildiriblər.

 

3 minə yaxın tələbəsi olan Azərbaycan Texnologiya Universiteti tədrisin keyfiyyətini yüksəltmək üçün hazırda 32 sənaye müəssisəsi ilə aktiv əməkdaşlıq edir. UTECA tələbələri xidmət və istehsalat sahələrini əhatə edən bu müəssisələrdə təcrübəyə cəlb edilir. Həmin müəssisələrin bir neçəsinin universitetdə müasir standartlara cavab verən tədris-təlim mərkəzləri də qurulub. Bildirilib ki, müəssisələrdə UTECA kafedralarının müvafiq filiallarının açılması prossesi davamlı olacaq. Məqsəd qeyri-neft sektoru sahəsi üçün yüksək ixtisaslı, müasir texnologiyalarla ayaqlaşan kadrlar yetişdirmək, tələbələrin müəssisələrdə tanıdılması və onların iş əlçatanlığının təmin edilməsidir.

 



31.10.2019 | 19:11