“Smart tələbə kartı”nın ilk istifadəçiləri UNEC tələbələri oldu

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Smart tələbə kartı”nın təqdimat mərasimi keçirilib.

 

Tədbirdə Təhsil nazirinin müavini Firudin Qurbanov, Mərkəzi Bankın sədrinin birinci müavini Alim Quliyev, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov, “Mastercard”ın Türkiyə üzrə vitse-prezidenti və Azərbaycan üzrə ölkə müdiri Erdem Çakar, Azərbaycan Banklar Assosasiyasının prezidenti Zakir Nuriyev, Kapital Bankın Baş Korporativ Satış İnzibatçısı Fərid Hidayətzadə, ali təhsil müəssisələrinin rəhbərləri,  müəllim-tələbə heyəti və digər qonaqlar iştirak ediblər.

 

Təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, dünyanın inkişaf istiqaməti də göstərir ki, bütün sahələrdə təkamül məhz informasiya texnologiyalarının tətbiqi səviyyəsindən asılı olacaq: “ Təsadüfi deyil ki, bu gün dünyada ölkələrin rəqabətqabiliyyətliliyi həmin ölkələrdə İKT-dən istifadə səviyyəsindən asılıdır. Ona görə də inkişaf etmiş ölkələrdə bu məsələyə böyük diqqət yetirilir. Hazırda dünyada gedən qlobal  proseslərdən də görünür ki, informasiya texnologiyalarının inkişafında əsas tendensiyalar olduqca maraqlı layihələrlə bağlıdır. Məsələn, rəqəmsal sahədə transformasiyaların əsas modeli kimi süni intellekt çıxış edir. Süni intellekt artıq həyatın bütün sahələrinə tətbiq edilir. Bunun nəticəsidir ki, Avropa Komissiyasına üzv ölkələrə süni intellektlə bağlı milli strategiyanı müəyyən etmələri tövsiyə olunub”.

 

Azərbaycanda da bu prosesə xüsusi diqqət edildiyini vurğulayan nazir müavini bildirib ki,  smart tələbə kartlarının hazırlanması ölkə Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilmiş “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin icrası çərçivəsində həyata keçirilir. Nazir müavini qeyd edib ki, artıq ali təhsil müəssisələrində mövcud olan tələbə biletinin yeni vahid standartının təsdiq edilməsi, onun əsasında müasir ödəniş funksionallı  kartların hazırlanaraq tələbələrə təqdim olunması istiqamətində işlər aparılır: “Hesab edirəm ki, bu, tələbələrin rəqəmsal texnologiyalardan istifadə bacarıqlarını təkmilləşdirilməsinə töhfə verəcək”.

 

Təhsil sistemində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə bağlı bir çox layihələrlə yanaşı, məktəblərdə tədrisin əhəmiyyətini də qeyd edib: “Hazırda çalışırıq ki, orta ümumtəhsil müəssisələrində informatikanın tədrisinə xüsusi diqqət yetirək. I sinifdən XI sinfə qədər informatikanın tədrisi məhz bu fənnə verdiyimiz əhəmiyyətin nəticəsidir. İnformatika üzrə respublika olimpiadaları keçirilir. Bu sahənin  inkişafına verdiyimiz önəmin nəticəsidir ki, bu il beynəlxalq informatika olimpiadası da Bakıda keçirildi”.

 

Mərkəzi Bankın sədrinin birinci müavini Alim Quliyev də bu layihənin ölkədə rəqəmsal ödəniş ekosisteminin inkişafına mühüm dəstək olacağını qeyd edib. O vurğulayıb ki, tələbələrin bu layihəyə cəlbi bütövlükdə, təhsillə bank sistemi arasında sıx əməkdaşlığa yeni imkanlar yaradacaq.

 

UNEC-in rektoru Ədalət Muradov dünyanın aparıcı universitetlərinin tətbiq etdiyi “Smart tələbə kartı”na Azərbaycanda ilk dəfə UNEC tələbələrinin sahib olduqlarını vurğulayıb və bundan qürurlandığını ifadə edib.  Ədalət Muradov UNEC-də son 5 ildə uğurla tətbiq olunan elektron universitet modelinin üstünlüklərindən söz açıb, “Smart tələbə kartı”nın həmin model çərçivəsində həyata keçirildiyini qeyd edib.

 

Tədbirdə çıxış edən “Mastercard”ın Azərbaycan üzrə ölkə müdiri Erdem Çakar da öz növbəsində bu kartın tələbələrə verəcəyi üstünlüklərdən danışıb.

 

Kapital Bankın Baş Korporativ Satış İnzibatçısı Fərid Hidayətzadə isə smart tələbə kartlarının funksionallığı və ödəniş imkanları haqqında məlumat verib. 

 

Sonda smart tələbə kartı barədə təqdimat nümayiş etdirilib və kartlar  istifadəçilərinə təqdim olunub. İnnovativ ödəniş kartını ilk olaraq universitetin birinci kursunda təhsil alan, Prezident təqaüdünə layiq görülmüş 20 tələbə alıb.

 

Məlumat üçün qeyd edək ki, smart tələbə kartı vasitəsilə tələbələr təqaüdlərini alacaq, eyni zamanda ölkə daxilində və xaricdə həmin kartlarla ödənişlər həyata keçirəcəklər. Kart sahibi olan tələbələr regionlarda yaşayan valideynlərinin göndərmək istədiyi maliyyə vəsaitini də məhz bu kartlara yüklənilməklə çox rahat şəkildə əldə edəcəklər. Tələbələr smart kartdan universitet, kitabxana və oxu zallarına giriş üçün də istifadə edə biləcəklər. Gələcəkdə smart tələbə kartının əhatə imkanlarının daha da genişləndirilməsi, ictimai nəqliyyatda, tələbələr üçün xüsusi endirim kampaniyalarında və digər xidmət sahələrində istifadəsi də nəzərdə tutulub.

 

Qeyd edək ki, layihə Təhsil Nazirliyi, Mərkəzi Bank, UNEC, “Mastercard” və Kapital Bankın dəstəyi ilə həyata keçirilib. 

 



01.11.2019 | 15:16