İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd edilib

Şabran şəhər S.Zülfüqarov adına 3 nömrəli tam orta məktəbdə İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə tədbir keçirilib.

 

Tədbiri giriş sözü ilə açan Azərbaycan dili və ədəbiyyat müəllimi Fariz Yusifzadə 2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan olunduğunu və dahi şairin 650 illik yubileyinin dövlət səviyyəsində keçirildiyini qeyd edib. O bildirib ki, Şərq xalqlarının mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yer tutan Nəsimi yaradıcılığı uzun illərdən bəri elmi-ədəbi fikrin diqqət mərkəzindədir.

 

Sonra  Azərbaycan dili və ədəbiyyat müəllimi Məhəbbət Rəsulova  ədəbiyyatımızda fəlsəfi şeirin əsasını qoyan Nəsiminin milli Azərbaycan ədəbi dilinin daha da inkişaf etdirilməsi və onun yeni-yeni söz və ifadələrlə zənginləşdirməsində mühüm rol oynadığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

 

Məktəblilər İ.Nəsiminin qəzəllərini söyləyiblər.

 

Daha sonra mütəfəkkirin həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş etdirilib.

 

Gülər HÜSEYNOVA,

Şabran Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi

 



02.11.2019 | 12:46