Tarix İnstitutuna on minlərlə arxiv sənədi gətirilib

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun Elmi Şurasının genişləndirilmiş iclasında institutun 2019-cu ildəki nəşrlərinin təqdimatı keçirilib.


İnstitutun direktoru, akademik Yaqub Mahmudov qeyd edib ki, institut Türkiyə, Rusiya, Qazaxıstan, Özbəkistan, Pakistan, Albaniya, Macarıstan, Ukrayna, Çin, Bolqarıstan, Polşa, Misir və digər ölkələrin elmi qurumları ilə əməkdaşlıq edir: “Son illərdə instituta Paris, London, Berlin, Dehli, Moskva, Sankt-Peterburq, İstanbul, Ankara və digər şəhərlərdən  on minlərlə arxiv sənədləri gətirilib. Bu il elmi müəssisə Rusiyanın “Voprosı İstorii” jurnalı və Çinin Dünya Tarixi İnstitutu ilə əməkdaşlıq müqaviləsi imzalayıb”.

 

Y. Mahmudovun sözlərinə görə, tariximizə və tarixi şəxsiyyətlərimizə sahib çıxmalıyıq: “Nadir şah Əfşar tarixin gedişini dəyişdirən güclü sərkərdədir. Bu il Nadir şaha həsr olunmuş beynəlxalq elmi konfrans təşkil etdik. 2020-ci ildə isə Nadir şaha həsr olunmuş kitabın təqdimatını edəcəyik”.

 

Bu il “Azərbaycan Xalq Cümhuriyyətinin siyasi sistemində partiyalar və parlament (1918-1920)” (rus dilində), İrəvan xanlığının tarixinə dair 4 adda broşür (ispan və ərəb dillərində), “Real tarix və “Böyük Ermənistan” uydurması” (türk, ərəb və fransız dillərində), “Saxtakarların yalançı elmi, yaxud ermənisayağı “tarix”, “Tiflis əmirliyi”, “Azərbaycanın Şəki bölgəsi 1917-1920-ci illərdə”, “Azərbaycanın Zəngəzur bölgəsi 1918-1920-ci illərdə”, “Azərbaycanın Naxçıvan bölgəsi regional hərbi-siyasi proseslərdə (1917-1920)” və digər kitablar nəşr olunub.

 

Qeyd edilib ki, bu il rusiyalı tarixçi və hüquqşünas Oleq Kuznetsova və Misir-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, professor Usamə Əl-Əbdə Tarix İnstitutunun fəxri doktoru diplomu təqdim olunub.

 

Həmçinin, institutun ilk elektron oxu zalının açılışı olub, elmi müəssisə gənc tarixçilərin ilk respublika elmi konfransını da təşkil edib.

 

Elmi Şuranın iclasında AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva, digər  tarixçi alimlər çıxış edərək Tarix İnstitutunun 2019-cu ildə gördüyü işləri yüksək qiymətləndiriblər.



04.11.2019 | 16:22