“Xalqımız islamı qoruyub saxlaya bilib”

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudovun rəhbərlik etdiyi nümayəndə heyəti Küveytin Vəqflər və İslam işləri Nazirliyinin nəzdində fəaliyyət göstərən “İslam Araşdırmaları və Quran elmləri” departamentinin direktoru, doktor Fəhd Əl-Canfavi ilə görüşüb.

 

Görüşdə Y.Mahmudov Azərbaycan ilə Küveytin dost və qardaş ölkələr olduğunu bildirib. O deyib ki, Azərbaycanın xarici siyasətində islam ölkələri mühüm yer tutur: “Sovet dövründə Azərbaycan islam ölkəsi olduğu üçün çox ağır günlər yaşayıb. Sovet imperiyası Azərbaycanda islam dini ilə bağlı olan hər şeyi məhv etməyə çalışıb. O zaman məscidlər bağlanıb, görkəmli islam alimləri və din xadimləri məhv edilib, Qurani-Kərim tonqallarda yandırılıb. Bu qanlı tədbirlərə baxmayaraq, xalqımız islamı qoruyub saxlaya bilib”.

 

Y.Mahmudov ulu öndər Heydər Əliyevin xalqımızın milli-mənəvi dəyərlərinin qorunub saxlanmasındakı mühüm rolunu qeyd edib: “Sovetlər dönəmində dağıdılmış Bibiheybət məscidinin bərpası Ulu Öndərin təşəbbüsü ilə həyata keçirilib. Hazırda ölkəmizdə yüzlərlə məscid var. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva məscidlərin bərpası ilə bağlı məsələlərə xüsusi diqqət yetirir”.

 

“Müasir Ermənistan Respublikasının ərazisi tarixi Azərbaycan torpaqlarıdır. Cənubi Qafqazda erməni dövləti ilk dəfə 1918-ci ildə yaradılıb. Erməni vandalları İrəvan xanlığının torpaqlarında, o cümlədən  İrəvan şəhərində 300-dən çox məscidi yerlə yeksan ediblər. Hazırda erməni vandalizmi işğal altında olan Qarabağ torpaqlarında da davam edir. Orada məscidlərimiz və digər tarixi abidələrimiz məhv edilib”-deyə Y. Mahmudov söyləyib.

 

Görüşdə erməni vandalizmini özündə əks etdirən video-çarx nümayiş etdirilib.



05.11.2019 | 14:25