Məktəblilər üçün master-klass

Bakı Mühəndislik Universitetinin (BMU) Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyası (AREA) ilə birgə əməkdaşlığı çərçivəsində universitetdə məktəblilər üçün ilk master-klass keçirilib.

 

BMU-nun Elmi işlər üzrə prorektoru Elçin Süleymanov robotexnika və onun əhəmiyyəti haqqında məlumat verib. O, müasir dövrdə robot texnikasının mühəndisliyin ən inkişaf edən istiqamətlərindən biri olduğunu və Yaponiya, Cənubi Koreya kimi ölkələrin bu texnikadan istifadə edərək öz iqtisadiyyatlarına çoxlu gəlir gətirdiklərini bildirib.

 

Prorektor qlobal internet cəmiyyətinin aktiv oyunçuları olan şagirdlərin bu sahədə daha şanslı olduqlarını bildirib və internet texnologiyalarının surətlə inkişaf etdiyini, bütün cəmiyyət və tədris həyatını asanlaşdırdığını sözlərinə əlavə edib: “Son illər Azərbaycanda robot texnikasına maraq məktəb illərindən artmağa başlayıb. Bununla əlaqədar müxtəlif yarışlar və həvəsləndirici tədbirlər keçirilir. Bu tədbir də məktəblilərin robot texnikasına həvəsininin artırılması, bu həvəsin mühəndis bilikləri ilə inkişaf etdirilməsi, həmçinin müxtəlif bacarıqlar qazanması məqsədilə keçirilir”.

   

Prorektor hər il dekabr ayının son həftəsində “Qış elm festivalı”nın keçirildiyini də diqqətə çatdırıb. O, bu layihədə əldə etdikləri bacarıqlarla şagirdlərin robotlar dizayn edərək bu il də həmin festivala qoşula biləcəklərini söyləyib.

  

Sonda məktəblilərin iştirakı ilə robotlar hazırlanıb və proqramlaşdırılıb.



08.11.2019 | 17:58