Məktəblərarası natiqlik müsabiqəsi

Avropa Azərbaycan Məktəbinin təşkilatçılığı ilə “AAM- 2019 Bakı Natiqlik müsabiqəsi” adlı məktəblərarası müsabiqə keçirilib. Bu müsabiqə vasitəsilə Bakı şəhərinin müxtəlif məktəblərinin 11-18 yaşlı şagirdləri yaradıcı natiqlik, bədahətən natiqlik və şifahi şərh olmaqla, üç istiqamətdə bacarıqlarını sınayıblar.

 

Müsabiqədə şagirdlər “Dəyişən dünya” mövzusunda öz yaşlarına uyğun qlobal məsələlərə münasibət bildirərək, müxtəlif məktəblərdən olan həmyaşıdları ilə akademik yazı, publika qarşısında  natiqlik üzrə bilik və bacarıq yarışı nümayiş etdiriblər.

 

Müsabiqədə Bakının 6 məktəbi 54 şagirdlə təmsil olunub. Müsabiqə iştirakçıları iki yaş kateqoriyasında yarışıb – 11-15 və 15-18 yaş qrupları. Müsabiqədə hər məktəb iki komanda ilə iştirak edib.  

 

Yaradıcı natiqlik kateqoriyası üzrə müsabiqədə şagirdlər öz seçdikləri mövzü üzrə nitq hazırlayıb. Bu kateqoriya üzrə - iqlim dəyişikliyi, ailə dəyərləri, uşaq əməyi, nəsillərarası münasibətlər mövzusunda şagirdlərin çıxışları dinlənilib. Müsabiqədə bütün yaş qrupları üzrə şagirdlər iştirak edib.

 

Bədahətən natiqlik kateqoriyası üzrə müsabiqədə aşağı sinif şagirdləri yarışıb. Şagirdlərə onların təhliletmə qabiliyyətini yoxlamaq üçün münsiflərin tərtib etdiyi siyahıdan bədahətən bir ideya verilib və şagirdlər 90 saniyə ərzində onu təhlil edərək, üç dəqiqəlik bir nitq söyləyib.

 

Müsabiqədə Avropa Azərbaycan Məktəbi, “Dünya” məktəbi, TİSA, Bakı Oksford Məktəbi, “British School in Baku” və T. Həsənov adına 23 saylı tam orta məktəbin şagirdləri iştirak ediblər.

 

Gərgin keçən mübarizənin sonunda bu məktəblər qalib elan olunublar:

 

I yer – TİSA

II yer – Baku Oksford Məktəbi

III yer – “British School in Baku”

 

Avropa Azərbaycan Məktəbinin direktoru, əməkdar müəllim Asif Cahangirov belə müsabiqələrin şagirdlərin dünyagörüşünün formalaşmasında, dostlar qazanmasında, bilik və bacarıq mübadiləsində əvəzsiz rolundan danışıb və  qaliblərə medallar, sertifikatlar təqdim edib.



12.11.2019 | 17:50