“Azərbaycan dünyada tolerant ölkə kimi tanınır”

Bakı Slavyan Universitetində (BSU) Azərbaycan multikulturalizmi və  ölkəşünaslıq kafedrasının təşkilatçılığı ilə 16 noyabr -Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş dəyirmi masa keçirilib.

 

BSU-nun Tərbiyə işləri üzrə prorektoru Xanım Sultanova Azərbaycanda tolerantlığın dərin köklərinin olduğunu, ölkəmizdə yaşayan insanların tarix boyu bir-birinin inam və etiqadına, etnik müxtəlifliyinə hörmət və ehtiramla yanaşdığını  bildirib. Prorektorun sözlərinə görə, Beynəlxalq Tolerantlıq Gününün təsis edilməsində məqsəd dünya xalqlarının bir-birinə dözümlülük nümayiş etdirərək onları mehriban qonşular kimi yaşamağa səsləməkdir.

 

Azərbaycan multikulturalizmi və  ölkəşünaslıq  kafedrasının müdiri İbrahim Quliyev Beynəlxalq Tolerantlıq Gününün yaranması və onun tarixi haqqında   məlumat verərək, Azərbaycanın hazırda bütün dünyada tolerant ölkə kimi tanındığını diqqətə çatdırıb. Ulu öndər Heydər Əliyevin ölkəmizdə tolerantlığın qorunub saxlanılması istiqamətində həyata keçirdiyi tədbirlər barədə söhbət açan İ.Quliyev Azərbaycanın bu gün müxtəlif milli və mədəni dəyərlərin qovuşma müstəvisi olduğunu da deyib.

 

Tədbirin sonunda  Diplomatiya və xarici siyasət kafedrasının müdiri, dosent Əsgər Əhməd, Azərbaycan multikulturalizmi və ölkəşünaslıq kafedrasının dosenti Hacı Rauf Azərbaycanda tolerantlıq mühiti və multikultural dəyərlər mövzusu ətrafında fikir və rəylərini bildirib.



18.11.2019 | 11:19