Anadilli fəlsəfi şeirin banisi

Azərbaycan muğamının, çoxsaylı nemətlər arasında yüksək mövqeyini hər vaxt  saxlayan, heç vaxt qiymətdən düşməyən təbii bala olduqca bənzəri var. Əlbəttə, təkcə  həzinlikdən  doğan  şirinliyi ilə ruha  dad  verdiyinə  görə  yox,  həm  də  bədii  sözün  şəhd-şirəsini  canına  çəkdiyi üçün. Tarixin  dərin  qatlarından  üzü  bəri  sənədən-sənəyə,  qərinədən-qərinəyə arı zəhmətsevərliyinə, arı  fədakarlığına  qadir  ustad  xanəndələr  tərəfindən  böyük bir missiya  həyata  keçirilib: Xaqani, Nizami,  Məhsəti,  Nəsimi,  Xətai,  Füzuli,  Vaqif,  Vidadi,  Zakir, Nəbati, Natəvan,  Seyid  Əzim,  Abbas Səhhət, Vahid,  Səməd  Vurğun,  Şəhriyar,  Süleyman  Rüstəm,  Bəxtiyar  Vahabzadə kimi  şairlərin  yaradıcılığında  dönə-dönə  aramalar  aparılıb.  Səsə  rahat  oturuşan,  dinləyicinin  ovqatına  müsbət  təsir  göstərən, gücünə güc  qatan  şeirlər,  xüsusən  qəzəllər seçilib repertuarlara salınıb. Bu  minvalla  zövqdən-zövqə,  yaddaşdan-yaddaşa  fasiləsiz,  ardı  kəsilməyən  musiqili-poeziyalı uzun  yol  gəlinib.

 

Zamandan-zamana həmin fenomenal  sıraya  yeni  düşənlər  də  olub, oradan  yoxa  çıxanlar  da.  Poetik  səviyyəsinin  melodik  tələblər  qarşısında  duruş  gətirməsi  sayəsində    ön  yerlərdə  əbədi  qərar  tutan  müəlliflərdən  biridir Seyid  Əli  İmadəddin  Nəsimi. Hərçənd,  tərcümeyi-halına,  özündən  sonrakı  ədəbi  taleyinə  nəzər  yetirəndə  görürük  ki,  o,  bu  sayğıya-şərafətə  asanlıqla  yetməyib...

 

XIV  əsrin  axırlarında  bölgəmizdə  hadisələrin  gedişatı  ürəkaçan  deyildi.  İranla  Qafqazı  növbəti  şikarına  çevirmək  istəyən  Əmir  Teymur,  təbiidir  ki,  Azərbaycanın  işğalını  da  qara  planına  daxil  etmişdi.  Artıq  Qəbələ  şəhərini  viran  qoymuş,  Əlincə  qalasını  mühasirəyə  almış, Naxçıvanda  tükürpədici  qırğınlar  törətmişdi.  Səltənətinin  də  əvvəl-axır  oxşar  aqibətlə  üzləşəcəyini yaxşı  anlayan  Şirvan  hakimi  Şeyx  İbrahim  onunla  sülh  müqaviləsi  bağladı  və  bu  yolla  bir  müddət  dövlətinin  əmin-amanlığını  qoruya  bildi.  Həmin  illərdə  gənc  Nəsimi  hələ  ki, üsyankar  çağırışlardan,  siyasətdən  uzaq  aşiqanə  lirikası  ilə  insanları  sehrinə  salmaqda  idi.

 

Həsrət yaşı hər ləhzə qılır bənzimizi saz,

Bu pərdədə kim, nəsnə bizə olmadı dəmsaz.

Üşşaqmeyindən qılalı işrəti-Novruz,

Ta  Rast  gələ çəngi-hüseynidə sərəfraz.

 

Ya  Çargahi lütf qıl,  ey hüsnü-Büzürgü,

Küçik  dəhənindən bizə, ey dilbəri-tənnaz.

 

Zəngulə sifət nalə qılam zar Segaha,

Çün əzmi-hicaz eyləyə məhbubi-xoşavaz.

 

Çün suzə gəlib, eşq sözün qılsa Nəsimi,

Şövqündən  onun cuşə gələr Sədiyi-Şiraz.

 

“Üşşaq”ı, “Novruz”u, “Rast”ı, “Çahargah”ı, “Büzürgü”nü, “Segah”ı  belə heyranlıqla  tərənnüm  edirdisə,  yəqin  ki, “Könlümün şəhrini  çün  kim  eylədi  yəğmayi-eşq”,  “Firqətin dərdi, nigara,  bağrımı  qan  eylədi” kimi qəzəlləri muğam  üstündə  məclislərdə  oxunurdu  da...  

 

Amma  şairin  həyatının  bu  sakit,  azadə,  şux  axarı  çox  az  çəkdi.  Çünki  ehtimal  edilən  möcüzə  baş  vermədi:  Əmir  Teymurla  Toxtamış  xan  nəinki  toqquşub  bir-birlərini  zəiflətmədilər,  əzmədilər,  əksinə,  qısa  zaman  kəsiyində - 1385-1399-cu  illərdə  hərəsi  üç dəfə Azərbaycanı  və  ona  qonşu  dövlətləri  qana  bələdi,  xarabalığa  çevirdi.  Gördüyü  qorxunc  səhnələr,  eşitdiyi  fəryadlar-nalələr  iyirmi  dörd-iyirmi  beş  yaşlı  Nəsimini  dəhşətə  gətirdi.  Ruhu,  düşüncəsi,  dünyaya  baxışı  tamamilə  dəyişdi.  1394-cü  ildə  Bakıda  Nəimi ilə  görüşərək, o  dövrdə  yeganə  nicat  yolu  sanılan  hürufiliyə  tapındı.  Ustadının  amansızcasına  öldürülməsindən  sonra  təriqətin  bayraqdarına  çevrildi.  Nəticədə  isə  qələmi  nikbin  gözəlləmələrdən  soyudu,  yazı  tərzinə  siyasi-fəlsəfi  motivlər  hakim  kəsildi.  Məsnəvilərinə,  tərcibəndlərinə  ictimai  ab-hava  hopdu.  Yaradıcılığında  dərvişlərin  asan  əzbərləyə,  çevik  yaya  biləcəyi  yığcam  tuyuğlar,  dördlüklər  geniş  yer  aldı. Qəzəlləri də kövrəkləşməklə  yanaşı  kəskinləşdi,  mübarizə  elementləri  ilə  cilalandı:

 

...Zalım oldun, zülm əkərsən yenə kəndi tarlana,

Zalımın zülmü şərindən tarlada üsyan bitər.

 

...Söhbət etmə, söhbət etmə, dəgmə hər nadan ilə,

   Nadanın  tərbiyəsindən həm yenə nadan bitər.

 

Beləcə, nadanlıqdan  xilası,  kamilliyə  qovuşmağı,  özünüdərki  xoşbəxtliyin  qızıl  açarı  kimi  zəmanəsinə,  bizə,  gələcəyə  təqdim etdi.

 

Dəfələrlə  məhbəsə  salınan,  illərcə  qəriblik  keçirən, didərginlik  yaşayan,  fiziki  ömrü  işgəncəli  ölümlə  sonuclanan  bu  əqidə  şəhidinin  elə  əsərləri  də  özü  kimi  yetərincə  qadağalar,  məhrumiyyətlər  görüb.  Azərbaycan  əruzunun  əzəmətli  nümayəndələrindən  biri,  anadilli  fəlsəfi  şeirin  banisi  olmasına  rəğmən,  qəzəlləri-qitələri  muğamatın  formalaşıb  pərvəriş  tapdığı  saraylara  əsrlər  boyu  yaxın  buraxılmayıb.  Musiqi  ilə  vəhdətdən  kənar  qalıb.

 

Yetmiş  illik  mövcudluğunun  son  iyirmi  iki  ilini  çıxsaq,  heç  sovet  dönəmində  də  dahi  şairə  münasibət  tam  səmimi  deyildi.  Bir  yandan  saflaşıb  müdrikləşməklə  Allahın  bəyəndiyi  dərəcəyə  ucalmaq  mənasında  işlətdiyi “ənəlhəq”  ifadəsi  israrla  ateizmə  yönəldilərək  “Mənəm Allah!” küfrünə  yozulur, o biri  yandan  “Həqqin  kəlamı  məndədir,  sanma  məni  həqdən  iraq”  kimi Yaradana  itaət  bildirən  misrasının əsl  şərhindən  qaçılırdı.

 

Bir  çox  ədəbi  simalar  kimi, Nəsiminin  də  taleyinə  gur  işığın  düşməsi ulu  öndərin  adı  ilə  bağlıdır.  Məhz  Heydər  Əliyevin  respublikaya  ilk  rəhbərliyi  zamanı,  1973-cü  ildə  keçirilən  600  illik  yubileyi  zəminində  şairin  nüfuzu  layiq  olduğu  həddə  yüksəldi.  Şəxsiyyəti,  şeiriyyəti ədəbiyyatla paralel, kinoda, teatrda,  rəssamlıqda,  heykəltaraşlıqda  əsas  mövzuya  döndü. O cümlədən, musiqiyə  sirayət  edib,  bəstəkarların  yaradıcılığında  öz  əksini  tapdı. Haqqında  vokal-xoreoqrafik  poemalar,  kantatalar,  simfonik  əsərlər yarandı, sözlərinə  mahnılar,  romanslar  bəstələndi.

 

Milli  ruhla  bəşəri  ruhu  özündə  birləşdirən  sənət  hər  dövrdə,  hər  formasiyada  aktual  olur  və  vaxtdan-vaxta  ictimai  çəkisini  artırır.  Möhtərəm  Prezidentimiz  İlham  Əliyevin  2019-cu  ilin  “Nəsimi  ili”  elan  edilməsi  barədə imzaladığı Sərəncamda  bu  hikmətli  deyim  şairə  ünvanlanaraq  onun  650  illiyinin  keçirilməsini  zəruriləşdirən  səbəb  kimi  göstərilmişdir.  “Azərbaycan  xalqının  çoxəsrlik  ənənələrə  malik  bədii  və  fəlsəfi  fikrində  dərin iz  qoymuş  mütəfəkkir  şair  İmadəddin  Nəsiminin  zəngin  irsi  bu  gün  də insanların  mənəvi-əxlaqi  kamilləşməsində  mühüm  əhəmiyyətə  malikdir...”.İmzaladığı  qərarlarda  həmişə dövlətimizin  mənafeyini  önə  çəkən  ölkə  başçımızın  sözlərindən  aydın  görünür  ki,  bu  yubiley  təkcə  görkəmli  qələm  sahibinə  ehtiram  naminə  gündəmə  gətirilməyib,  eyni  zamanda,  praktiki  məqsəd  daşıyır. 

Aparılan  islahatlarda,  irimiqyaslı  layihələrin  gerçəkləşdirilməsində,  işğal  altındakı  torpaqlarımızın  geri  qaytarılması  uğrunda  savaşda  əsas  qüvvə  sayılan  gənclərimiz  Nəsiminin  yaradıcılığından  örnək  kimi  bəhrələnə  bilərlər.  Ən  vacibi,  mərdlik,  dözüm,  sədaqət  əxz  edərlər. 

 

Sözün  musiqi  fonunda,  şirin  səs  avazında  daha  yaxşı  mənimsənildiyini  nəzərə  alsaq,  bu işin keyfiyyəti  həmin  incəsənət  sahəsində fəallıqdan  da  çox  asılıdır.  Təqdirə  layiqdir  ki,  Azərbaycan  Respublikasının Birinci  vitse-prezidenti  Mehriban  Əliyevanın  şəxsi  təşəbbüsü, Heydər  Əliyev  Fondunun  dəstəyi  sayəsində  müntəzəm  olaraq  keçirilən  muğam  müsabiqələrində  Nəsimi  poetikasına  geniş  yer  verilir.  Musiqi  ixtisaslı  orta  məktəblərdə,  liseylərdə,  kolleclərdə,  konservatoriyada,  müəllim  kimi  fəaliyyət  göstərdiyim  Mədəniyyət  və İncəsənət  Universitetində  şairin  yaradıcılığı  kifayət  qədər  əhatəli tədris  edilir.

 

Nəsiminin  qəzəlləri o  qədər  rəngarəngdir  ki,  aralarında  muğamlarımızın  hər  birinə  aid  seçim  aparmaq  olur.  Həm  “Tələb  eylə”,  “Degil”,  “Bitər”,  “Bəllidir”  kimi, mübarizə  əhvali-ruhiyyəli  “Çahargah”a,  “Rast”a,  “Mahur-hindi”yə,  “Bayatı-Qacar”a, “Heyratı”ya  münasib  üsyan  saçanları  var,  həm  də  “Etməgil”,  “Dönməzəm”,  “Xoşmudur”,  “Gerçək  imiş”  kimi,  yanıqlı,  amma    vüsala  ümidli  “Segah”a,    “Mirzə  Hüseyn  segahı”na,  “Zabul  segahı”na,  “Orta  segah”a  uyğunları.  Həm  “Neylərəm ”,  “Qandasan”  (Hardasan)  kimi, nakam məhəbbəti tərənnüm  edən  “Bayatı-kürd”ə yaraşanları  var, həm  də “Mərhəba”,  “Verməzəm”  kimi,  nikbin  ovqatlı  “Şur”a  yarayanları.

 

...Qərib  bir  yolçu qəmgin-qəmgin xəyala dalaraq üzü yoxuşa  yol gedir. Yorulub  taqətdən  düşsə  də,  inadkarlıq  göstərərək  hərəkətlərinə-düşüncəsinə  bir an ara  vermir.  Sanki  yeriməsə  düşünə  bilməyəcəyindən,  düşünməsə  ayaqları  tutulacağından  qorxur. Budur, nəhayət, sonuncu aşırımdadır. Lakin onu keçərkən nədənsə sürətini birdən-birə yavaşıdır, hətta hərdən dayanıb nəfəs də dərir. Sakitliyinə, təmkininə səbəb nədir görəsən? Qarşıda işıqmı görüb? Ya sadəcə qisməti ilə razılaşıb?.. Təxminən belə bir  melodik  məzmuna malik “Bayatı-Şiraz” ən emosional  muğamlarımızdandır. Bu cəhətinə  görə  qətiyyən  ondan  geri  qalmayan  Nəsimi  lirikası  ilə  qoşalaşarkən,  sözsüz  ki,  daha  effektli  olar.  Şairin  “Cananə  mənim  sevdiyimi  can  bilir  ancaq, Könlüm  diləyin  dünyada  canan  bilir  ancaq”  mətləli, yaxud  “Bəri  gəl”  rədifli, fəlsəfi çalarlarla zəngin  aşiqanə  qəzəllərindən  istifadə  etməklə,  şöbədən-şöbəyə  həmin  obrazı  dinləyicinin  şüurunda  canlandırmaq  mümkündür.  Təhlilimizi  ikinci  qəzəl  üzərində  qursaq,  ilk  beytlər  muğamın  “Bərdaşt”ına  çeviklik,  büsat,  xoş  ahəng  gətirir:

 

Susadım  vəslinə,  ey  çeşməyi-heyvan,  bəri  gəl,

Yaxma hicrində məni bunca, gəl, ey can, bəri  gəl.

 

Firqətin  şərbəti  acıdır  ani  içəməyəm,

Ey  ləbin  gül  şəkəri  dərdimə  dərman, bəri  gəl.

 

Aşiqin  tamusi  yarından  iraq  olduğudur,

Ey  camalın  irəmi  rövzeyi-rizvan,  bəri  gəl.

 

Növbəti  şöbələrdə - “Mayeyi-Bayati-Şiraz”  və  “Nişibi-fəraz”da  aramlı,  ahəstə,  tədricən  qəmginliyə  səmt  götürən  inkişafın  şahidi  oluruq:

 

Ənbərin sünbül zülfün düşəli məndən iraq,

Qəti aşüftəyəm, ey zülfi pərişan, bəri gəl.

 

Könlümün həsrəti göz yaşına qərq etdi məni,

Bunca ağlatma məni, ey gülü-xəndan, bəri gəl.

 

Beləcə, psixoloji eniş-yoxuş başlanır.  “Nişibi-fəraz”  duyğusal  misralarla  “Mayeyi-Bayatı-Şiraz”ı  “Bayatı-İsfahan”a  bağlayır:

 

Kirpigin şövqi oxun bağrıma, ey can, vuralı,

Yürəyimdən gözümə hər dəm içər qan, bəri gəl.

 

Ardınca  gələn,  daha  gur  səs,  daha  şaqraq  zəngulə  tələb  edən  şöbələr -  “Zil  Bayatı-Şiraz”,  “Xavəran”  və  “Hüzzal”  mənaca  hər  cür  yüksəkliyə  boy  verən Nəsimi beytləri ilə  bitkinləşib  sevimli,  kövrək,  həzin  “Dilrüba”nı  qarşılayırlar:

 

Firqətin qəhri məni yaxdı, göyündürdü əzim,

Mədətin qandadır ey rəhmətü-rəhman, bəri gəl.

 

Aləmi tutdu bu gün hüsnü-rüxün dastanı,

Afərin, hüsnünə, ey fitneyi-dövran, bəri gəl.

 

“Bayatı-Şiraz”  muğamı  çox  təmkinli  tərzdə  tamamlanır.  Şair  möcüzəsinə  bax  ki,  elə  qəzəl  də  eyni  məqamda atəşin  xitablardan  qurtulub,  sakit  məcraya  toxtayır:

 

Zülfü  rüxsarını  görməklik  üçün  leylü  nahar,

Oxuram  səbi  məsani  ilə  Quran,  bəri gəl.

 

Eyləmiş canını çün eşqə Nəsimi təslim,

Nə ziyan eylər ana qeyd ilə zindan, bəri gəl.

 

Nəsimi  şeiriyyəti  zamansızdır.  Dünənin  çətin sınaqlarından  zəfərlə  çıxıb,  bu  günsə  öyrənilib  dillər  əzbərinə  çevrilir. Sabah  yenə  yaşayacaq  və  digər  şairlərimizlə  çiyin-çiyinə  muğamlarımızı  da  minilliklərə  doğru daşıyacaq...

 

Ruzə İBİŞOVA,

respublikanın  Əməkdar  artisti,  AMEA-nın  doktorantı, Azərbaycan  Dövlət  Mədəniyyət  və  İncəsənət  Universitetinin Muğam  Sənəti  kafedrasının  müəllimi



23.11.2019 | 11:39