İmadəddin Nəsimi yaradıcılığı və mənəvi-əxlaqi dəyərlərimiz

Ədəbiyyat tariximizdə yeni və bənzərsiz poeziyası ilə özünə əbədiyyət qazanmış İmadəddin Nəsiminin yaradıcılığı zəngin və çoxcəhətlidir. Şairi bizdən uzaqlaşdıran 650 illik zaman onun sözünün qüdrəti qarşısında acizdir: Nəsiminin əsərlərini hər dəfə  oxuduqca çağdaş oxucunu ovsunlayan poetik fikirlər onu müasirimizə çevirir, misraların arasından boylanan müdrik və nurlu siması gözlərimiz önündə canlanır, qəlbdən süzülüb gələn söz və ifadələr ruhumuzu oxşayır, beləliklə, Nəsimi  yaşayır, yaşıdımız olaraq bizimlə danışır...

 

Ölməz şairimizin yaradıcılığına həsr etdiyimiz bu yazıda məqsəd onun şeirlərində bu gün də müasir yeniyetmə və gəncliyə, gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olan insanlara, o cümlədən valideynlərə gərəkli və faydalı olan nümunələrə diqqəti cəlb etmək, uşaqların mənəvi-əxlaqi cəhətdən formalaşmasına müsbət təsir edən fikirlərlə oxucularımızı tanış etməkdir. Nümunələr şairin “Lider” nəşriyyatında çap olunmuş ikicildlik əsərlərinin ikinci cildindən (Bakı, 2004)  götürülmüşdür. 

 

Lirik şeirlərində kamil insanı vəsf edən şair didaktik ruhlu qəzəllərində də öz əqidəsinə sadiq qalır. Ayrı-ayrı qəzəllərində, eləcə də beyt və təkmisralarda əsl insan olmağın yollarını göstərir, oxucusunu yüksək milli dəyərlərimiz əsasında tərbiyələndirməyə çalışır. Öz dövrünün oğlu kimi, müsəlman etiqadlı müdrik bir insan kimi möminlərə tövsiyə edir ki, qəlbən lətif və xeyirxah təbiətli ol, bağışlamağı və mərhəmət göstərməyi bacar, səxavətini əsirgəmə, Allahın buyurduğu kimi  ibadət elə. Xoşbəxtlik və səadət içində yaşamaq üçün bunlar vacib əməllərdir:

 

Əya, mömin, gər istərsən səadət,

Özünə peşə qıl daim se adət.

Əvvəl təbi-lətifü xülqi-niku,

İkinci həm kərəm, cudü səxavət.

 Üçüncü, olma hərgiz bivüzu sən,

Yeri, həq buyruğun tut, qıl ibadət.

 

 

Nəsiminin düşüncəsinə görə, üç xasiyyət var ki, ona sahib olan insanlar pak və rahat yaşayarlar: həya, ədəb, bir də qiyamət qorxusu. Bundan əlavə, daha üç hərəkət: kitab (“Quran”) oxumaq, axar suya baxmaq, israfçılıq etmədən  seyrə çıxmaq, qəm-qüssəni dağıtmaq üçün gəzmək də insana rahatlıq gətirər.

 

Biri müshəf, biri axar su derlər,

Bu iki nəsnəyə baxsan kifayət.

Üçüncü, süni-həqdi hüsni-ziba,

Təsərrüfsüz təfərrüc qıl fərağət.

 

Şair insanın həyatına qəmginlik və gərginlik gətirən səbəblərə də toxunur. Pis qonşu, bədxah yoldaş, yalan danışmaq, qeybət etmək, paxıllıq, ədavət, böhtan, şit və yersiz zarafat da insanı hörmətdən salan, onun özünə ziyan vuran xasiyyətlər kimi qeyd olunur. Şair oxucularını bunlardan uzaq olmağa çağırır:

 

Yaman qonşu, yaman yoldaşi-bədxu, 

Yaman övrət siyasətdir, siyasət.

Yəqin cənnət üzün görməz bir adəm

Ki, var canında anın üç əlamət:  

Biri kəzzablıq, birisi qeybət,

Biri olmaq bəxil, əhli-ədavət.

Gəlir üç nəsnədən azari-mərdüm,

Var, etmə özünə anı sənaət.

Biri böhtan, biri kəcgəngəl etmək,

Biri küstaq olub, qılmaq zərafət.

 

 

O adamlar xalqın hörmətini qazanır, camaatın gözündə ucalır ki, alicənablıq və mərdliyə adət etmişdir, xoş xasiyyət və gözəl əxlaq sahibidir. Belə insanlar kiməsə həqarətlə, alçaldıcı nəzərlə baxmır. Hər kim bu göstərilən nəsihətlərə əməl etsə, həyatı səadət içində keçər.

 

Nəsimi, sən yəqin əhli-nəzərsən,

Bu üç nəsnəyi qıl kəndunə adət:

Biri lütfü kərəm, həm xülqi-niku,

Biri - heç kimsəyə baxma həqarət.

Bu sözlər xoş nəsihətdür bilənə,

Seadətdir, vəli eyni-səadət.

 

Şair nəsihətamiz şeirlərində də müasirlərinin dünya malı uğrunda savaş və  yürüşlərinə qarşı etiraz səsini qaldırır. Bəzi beyt və misralarda lovğalığı böyük bəla sayır, bu dünyanı “tozlu cahan” adlandırır və insanlara üz tutub ətəklərini onun tozuna bulaşdırmamağa çağırır. Bir sözlə, dünya malından dördəlli yapışanlar kordur. Tamah insanın vücudunda ən pis illət, qənaət isə ondan gələn bəlanı dəf etməyə qadir gözəl xasiyyətdir. Hər kim muradına yetmək istəyirsə, öz mənini uca tutmalıdır. Çünki mənliyini uca tutmayanın “qumaşı dəğəl çıxdığı” üçün təmiz mətahı olmaz. Odur ki, onun bazarından  uzaq durmaq daha münasibdir:

 

Həm təkəbbürlük adəm oğlunda

Ki, əzim ol bəlavü afətdir.

...Dünyada mülkə, mala sən aldanma, ey məlik

Kim, dünyanın mətahi bəğayət həqirdir.

Tozlu cahana silkin ətək kim, nəiminə

Hər bibəsər kim, oldu müqəyyəd əsirdir. 

Mənlik satanın çünki dəğəl çıxdı qumaşı,

Var, ari mətah istə, bu bazara yapışma!   

 

Klassik ədəbiyyatımızda mərifət anlayışı geniş məna daşıyır. Buraya əxlaq, ləyaqət və mədəniyyətlə yanaşı, elm, savad, kamillik də daxildir. Nəsimi də insanda mərifəti üstün tutur, onu “xalis altun” adlandırır. Mərifətdən məhrum olanlar naqis vücudlardır ki,  bunlara daim nöqsan gəlir. Kamil olmaq lazımdır ki, kamala nöqsan tuta bilməzlər:

 

Mərifətdir xalis altun, sikkəsi fəzlü hünər,

Altunu tanı, zəğəldən ari dinar istəmə!

Naqis vücuda çün kim, nöqsan gəlir həmişə,

Cəhd eylə kamil ol kim, gəlməz kamala nöqsan.

 

Nəfsə tabe olmaq nadanlıqdır, nadanlar gövhərin qədrini bilməzlər. Aldadıb gövhəri əllərindən alarlar. Nəfsini tanıyan, ona tabe olmayan insan Allahını tanıyar, hirs və həsəddən uzaq olar. Canını bunlardan qurtara bilənlər daim özünü azad hiss edərlər.

 

Sən bu sərayi-fanidə istər isən eyni-bəqa,

Nəfsini əvvəl tanı kim, həqqi derisən tanıyam...   

...Nəfsi-xəbisə uymaq nadanların işidir,

 İşin nədir gör axır, fikr eylə, olma nadan.

...Hirsü həsəd sifatın tərk eylə, ayrıl andan,

Neçin kim, ol sifətdən nacidir ayrılan can.

 

Nəsimi elmə yüksək qiymət verir, oxuduğuna əməl etməyənləri qınayır. Möminlərin elmi bu dünyada həccin, ibadətin, axirətdə behiştin qapısını onların üzünə açar. Cahilin dili alimin önündə lal olmalıdır. Mərifət əhli olmayan adam hansı mərifətdən danışa bilər? Əməli ilə elmi düz gəlməyənlər şairin kəskin ittihamı önündə aciz qalırlar:

 

Bu elmi oxuyuban bilmədinsə kəndözünü,

İlət şu dəftərini tez bazarda bir pula sat!

... Söz bilə cahilin dili alim önündə lal ola,

Mərifəti nə söyləyə olmayan əhli-mərifət?

 

Yaxşılıq etməyə çağıran şair bildirir ki, Allah yaxşılıqları əvəzsiz qoymur. İnsan etdiklərinin əvəzini görür və görəcəkdir. Nəhayətdə xeyir də, şər də əslinə qayıdır. Ona görə də ağıllı insan özünə xeyirxahlığı və yaxşılığı peşə etməli, yamanlıq və pisliklərdən uzaq olmalıdır. Hətta yamanlarla  da yaxşı rəftar etmək yaxşıdır:

 

Yaxşılıq eylə sən, sənə yaxşılıq eyləyə xuda,

Aqibət əslinə qılır xeyr ilə şər müraciət.

 

Nəsimi buraya qədər qeyd etdiklərinə sanki özü aşağıdakı beytlə yekun vurur: Yaxşı tərbiyə, doğruçuluq və dürüstlük, yüksək mərifət kəsb etmiş adamlar hörmətə layiqdir:

 

Əmali-saleh, mərifət elmi-lüdəndir kəsb edən,

Bimərifət adam haman əhməq gedər, hümqan gəlir.

 

Nəsiminin nəsihətamiz fikirləri milli dəyərlərimizin ifadəsidir. Digər əsərlərinin dili ilə müqayisədə belə misra və beytlərdə dil sadəliyi, xalq dilinə yaxınlıq daha aydın görünür:

 

Bir şaha sən qulluq eylə, söhbətindən can bitər,

Bir sədəfdən çaşnı dadgil, dürr ilə mərcan bitər.

Söhbət etmə, söhbət etmə dəgmə hər nadan ilə,

Nadanın tərbiyətindən həm yenə nadan bitər.

Qafil olma əhli-dillər söhbətindən bir zaman,

Əhli-dillər söhbətindən şöleyi-iman bitər...

Ol əli kəsgil, buraxgil, xeyri yoxdur, şərri çox,

Dutgil imdi ol əli kim, xeyr ilə ehsan bitər.

Zalım oldun, zülm əkərsən yenə kəndi tarlana,

Zalımın zülmü şərindən tarlada üsyan bitər.

 

Ulu şairimizin irsində qiymətli fikirlərin bir qisminə diqqəti cəlb etməklə bədii sözünün qüdrəti ilə əbədiyyət qazanmış şairimizə 650 ildən sonra məhəbbətimizi və vətəndaşlıq ehtiramımızı ifadə etmək istədik.

 

Hüseyn ŞAHBƏNDƏYEV,

Əməkdar müəllim



24.11.2019 | 09:36