MDU-da respublika elmi konfransı

Mingəçevir Dövlət Universitetində (MDU) “Şəxsiyyət, cəmiyyət, dövlət: qarşılıqlı münasibətlərə müasir yanaşmalar” mövzusunda respublika elmi konfransı keçirilib.

 

MDU-nun rektoru Şahin Bayramov tədbirin təşkil olunmasında əsas məqsədin indiki mərhələdə şəxsiyyət, cəmiyyət və dövlət arasında qarşılıqlı münasibətlərin məzmunu, xarakteri və inkişaf istiqamətləri üzrə elmi diskussiyaların aparılmasından, eləcə də mövzu üzrə müasir yanaşmalar, yeni nəzəri konsepsiyalar haqqında elmi məruzələrin dinlənilməsindən ibarət olduğunu bildirib. Qeyd edib ki, böyük maraq göstərildiyindən, doqquz elmi istiqaməti əhatə edən konfransa respublikanın 22 ali təhsil müəssisəsindən, AMEA-nın 16 sahə elmi-tədqiqat institutundan və 5 digər təşkilatdan, ümumilikdə 300-ə yaxın məqalə və tezis daxil olub.

 

“Müasir dünyanın multikultural xarakteri: mövcud vəziyyət və Azərbaycan reallıqları” mövzusunda məruzə edən rektor müasir dünyada daimi sülh, davamlı tərəqqi və qarşılıqlı anlaşma mühitinin formalaşması, dayanıqlı inkişafın təmin olunması zərurəti nəticəsində yaranan multikulturalizm fenomeni barədə ətraflı məlumat verib. Ş.Bayramov cəmiyyətlərin hansı istiqamətlərdə inkişaf etməsindən asılı olmayaraq multikultural dəyərlərin və prinsiplərin təsir mexanizmlərini qoruyub saxladığını diqqətə çatdırıb.

 

Konfransda Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov “İctimai-siyasi proseslərin inkişafında postmodern şəxsiyyətin rolu və əhəmiyyəti” mövzusunda məruzə ilə çıxış edib. Mövzu ilə bağlı müasir elmi yanaşmalardan bəhs edən İ.İsmayılov çağdaş cəmiyyətin inkişafında mühüm rol oynayan şəxsiyyət amili barədə ətraflı məlumat verib.   

 

“Qloballaşma şəraitində dinin cəmiyyətdə yeri və rolu” mövzusunda məruzə edən Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov müasir Azərbaycan cəmiyyətində dinin əhəmiyyətindən və bu sahəyə göstərilən yüksək dövlət qayğısından bəhs edib. Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasının əhəmiyyəti, sağlam nəslin yetişdirilməsinin vacibliyi, dini sahədə maarifləndirmə işinin gücləndirilməsi məsələlərinə toxunan C.Məmmədov müasir Azərbaycan cəmiyyətində dinlərarası dialoqa, tolerantlığın inkişafına və birgəyaşayış normalarının təmin olunmasına xüsusi diqqət yetirildiyini deyib.

 

“Müasir dövrdə Azərbaycanın milli iqtisadi inkişaf modelinin formalaşmasında şəxsiyyət, cəmiyyət və dövlət amilləri” mövzusunda məruzə ilə çıxış edən MDU-nun Elmi işlər üzrə prorektor əvəzi, professor Veysəl Əyyubov milli iqtisadi inkişafımızın xarakterik xüsusiyyətləri barədə ətraflı məlumat verib.

 

Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadi Araşdırmalar Elmi Tədqiqat İnstitutunun direktoru, professor Yadulla Həsənli konfransın əhəmiyyəti və aktuallığı barədə danışıb, mövzu üzrə müasir nəzəri yanaşmalar və praktiki təcrübələr haqqında ətraflı məlumat verib.

 

Konfrans işini üç bölmədə (Hümanitar; İqtisadiyyat və idarəetmə; Texnika və Ekologiya) davam etdirib.

 

Konfransın təşkilində Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü Proqramının MDU-nun tələbələrindən ibarət komandası fəal iştirak edib.



09.12.2019 | 13:29