“Dəli Kür” romanı ədəbi-mədəni hadisə idi”

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Filologiya fakültəsinin Ədəbiyyat kafedrasının təşkilatçılığı ilə azərbaycanlı nasir, ədəbiyyatşünas, publisist, pedaqoq, ssenarist, Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyinə həsr olunmuş “İsmayıl Şıxlı və milli-mənəvi dəyərlər” mövzusunda respublika elmi konfransı keçirilib.

 

Universitetin rektoru, professor Cəfər Cəfərov bildirib ki, İsmayıl Şıxlı koloritli xarakterlər və yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik surətlərlə, zəngin yaradıcılığı ilə Azərbaycan xalqının bədii fikir salnaməsinə yeni parlaq səhifə yazmış söz ustalarındandır.

 

“Ədibin məşhur “Dəli Kür” romanı ictimai şüurda dönüşə və özünüdərkə yol açan mühüm ədəbi-mədəni hadisə kimi qiymətləndirilib. Sənətkarın klassik irsin ənənələrini davam etdirməklə və folklor xəzinəsindən bəhrələnməklə meydana gətirdiyi əsərlərdə dərin həyat fəlsəfəsi öz dolğun ifadəsini tapıb. Üslubun mükəmməlliyi, bədii dilin obrazlılığı, daxili aləmin təsvirinin genişliyi və əlvanlığı İ.Şıxlı nəsrinə xas olan səciyyəvi cəhətlərdir. Taleyüklü məsələlərə münasibətdə daim vətəndaş ziyalı mövqeyi nümayiş etdirmiş İ.Şıxlının fəaliyyəti bütövlükdə azərbaycançılıq məfkurəsinə sədaqətin və ənənəvi dəyərlərə ehtiramın bariz nümunəsidir”-deyən rektor dövlət başçısının yazıçının 100 illik  yubileyi ilə bağlı sərəncamını İ.Şıxlı yaradıcılığına, keçdiyi həyat yoluna, özündən sonra qoyub getdiyi irsə ən yüksək səviyyədə verilən qiymət adlandırıb.

 

Sonra ADPU-nun Filologiya fakültəsinin dekanı, professor Mahirə Hüseynova “Sənətkarın ədəbi dünyası-İsmayıl Şıxlı şəxsiyyəti xatirələrdə”,  Ədəbiyyat kafedrasının professoru Təyyar Salamoğlu “İsmayıl Şıxlı yaradıcılığı: üz-üzə gələn dünyada” mövzularında məruzələrlə çıxış ediblər.

 

AMEA-nın Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Vüqar Əhməd, Müasir Azərbaycan dili kafedrasının professoru Mirvari İsmayılova çıxış edərək, Xalq yazıçısı ilə bağlı xatirələrindən danışıb və maraqlı məlumatlar veriblər.

 

Konfransda  İ.Şıxlının həyat və fəaliyyətini ək etdirən videoçarx da nümayiş etdirilib.



09.12.2019 | 17:54