“Kreativ Azərbaycan” portalının təqdimatı olub

Bakı Konqres Mərkəzində “Kreativ Azərbaycan” portalının təqdimatı və “Yaradıcı sənayelər: dayanıqlı inkişaf və məşğulluq üçün yeni imkanlar” mövzusunda panel müzakirələr keçirilib.

  

Tədbirdə Mədəniyyət naziri Əbülfəs Qarayev,  Təhsil naziri Ceyhun Bayramov,  Əmək və əhalinin əosial müdafiəsi naziri Sahil Babayev, İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Anar Quliyev, Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini  Əli Abdullayev, Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov, "British Council" təşkilatının Azərbaycan üzrə ofisinin rəhbəri Samr Şah, hökumət nümayəndələri, ali məktəblərin rektorları, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

 

Tədbiri Mədəniyyət naziri Əbülfəs Qarayev açaraq qeyd edib ki,  ölkəmizdə qeyri-neft sektorunun inkişafı və islahatların daha sürətlə davam etdirilməsinin zəruriliyi, eləcə də yaradıcı iqtisadiyyat kontekstində yaradıcı sənayelərin milli iqtisadiyyatda vacib rola malik olması və perspektiv imkanları nəzərə alınaraq sənaye sahələrinin inkişafı, yaradıcılıq proseslərinin iqtisadi, sosial təsirlərinin artırılması istiqamətində Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban  Əliyevanın dəstəyi ilə müxtəlif layihələr həyata keçirilir.

 

Tədbirin məqsədi barədə danışan Ə.Qarayev bildirib ki, dünya miqyasında yaradıcı sənaye anlayışı son 10 il müddətində çox böyük kütləni əhatə edərək cəmiyyətin inkişafına dəyərli töhfə verilməsinə şərait yaradır. "Azərbaycanda hazırda yaradıcı sənaye vahid bir idarəetmə təsisatı kimi hələ də cəmiyyət tərəfindən düşünülmür. Bu işə yeni təfəkkür gətirmək, yeni təkan vermək bugünkü tədbirin əsas məqsədlərindəndir. İkinci amil ondan ibarətdir ki, 2021-ci il BMT tərəfindən "Yaradıcı sənayelər davamlı inkişaf naminə" ili kimi qəbul olunub. Üçüncü amil ondan ibarətdir ki, bu il Bakı səhəri UNESCO-nun "Yaradıcı şəhərlər şəbəkəsi"nə daxil edilib. Bakı şəhəri dizayn sahəsi üzrə yaradıcı şəhər adını uzun müddət daşıyaraq öz fəaliyyəti ilə dünya ictimaiyyətinə bu yüksək ada layiq olduğunu sübut etməlidir. Biz hamımız bunun üçün bərabər çalışmalıyıq. Bu işdə həm dövlət orqanları, həm sənaye nümayəndələri, həm də vətəndaşlar fəal iştirak etməlidirlər. Hesab edirəm ki, bugünkü görüş böyük bir tapşırığın yerinə yetirilməsinin ilk addımıdır. Artıq bu işə start verilməsi düşünürəm ki, bu gündən etibarən elan olunacaq”, - deyə nazir vurğulayıb.
 

Tədbirdə çıxış edən Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov  müasir dövrdə  yaradıcı sənayelər anlayışı, onun mahiyyəti, ölkənin inkişafinda mühüm rolu, mədəni sənayelər və kreativ sənayelər arasında fərq, ölkəmizdə innovasiyaların inkişafı barədə fikirlərini bölüşüb.  O, çıxışında "kreativlik",  "kreativ konseptlər" anlayışlarının mahiyyətinə toxunaraq dünyada   kreativ iqtisadiyyatların inkişaf tempindən və Azərbaycanın bu kontekstdə mövqeyindən danışıb. 
 

Daha sonra Mədəniyyət Nazirliyinin Aparat rəhbərinin müavini,  Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə "Yaradıcı sənayelər: qlobal trendlər və yerli imkanlar" mövzusunda çıxış edib.
 

Mədəniyyət Nazirliyinin Beynəlxalq layihələr və innovasiyalar sektorunun müdiri Ramil Abbəkirov “Kreativ Azərbaycan” portalı haqqında təqdimatla çıxış edib. Onun sözlərinə görə, portalın yaradılması istiqamətində iki il iş aparılıb və 15 ölkənin təcrübəsi öyrənilib. Portalda müxtəlif növ xəbərlər, tədbirlər, bu sahədə fəaliyyət göstərən şirkətlər və fərdlər haqqında məlumatlar əks olunub, həmçinin yaradıcı sənaye iştirakçılarının şəbəkələşməsinə dəstək göstərilib. Qeyd edib ki, portalın yaradılmasında məqsəd, həmçinin Azərbaycanın yaradıcı məhsullarının “Kreativ Azərbaycan” brendi altında təşviqidir.

 

Təqdimat mərasiminin ardından müvafiq dövlət qurumlarının rəhbərləri, eləcə də kreativ sektorun təmsilçiləri olan ekspertlərin iştirakı ilə “Yaradıcı sənayelər: dayanıqlı inkişaf və məşğulluq üçün yeni imkanlar” mövzusunda panel sessiya  keçirilib.
 

Panel sessiyada çıxış edən Təhsil naziri Ceyhun Bayramov təhsil sistemində  aparılan islahat və yeniliklərin ölkəmizdə  yaradıcı sənayenin inkişafındakı mühüm töhfəsindən danışıb. Təhsil naziri cari tədris ilindən ölkəmizin 42 ümumtəhsil məktəbində 6500 şagirdin cəlb olunduğu STEAM layihəsinin icrasına başlanıldığını və gələn tədris ilindən layihənin əhatə dairəsinin genişləndiriləcəyini və təhsilalanların sayının 20 minə çatdırılacağını diqqətə çatdırıb. Təhsil naziri bu sahədə görülən işlərdən danışarkən məktəblərə 3D formatlı printerlərin verilməsi, müəllimlərin İsraildə STEAM əsaslı  təlimlərə qatıldığını bildirib.

 

Ceyhun Bayramov çıxışında  yaradıcı potensialın inkişaf etdirilməsində məktəblərdə  "Rəqəmsal bacarıqlar" layihəsinin uğurla davam etdirildiyini diqqətə çatdırıb. 
    

Müzakirələrdə çıxış edən Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Anar Quliyev, Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini Əli Abdullayev, "British Council" təşkilatının Azərbaycan üzrə ofisinin rəhbəri Samr Şah yaradıcı sənaye barədə fikirlərini bölüşüblər.


Daha sonra interaktiv formada davam edən panel sessiyada  tədbir iştirakçılarının  sualları cavablandırılıb.

 

Oruc MUSTAFAYEV



09.12.2019 | 15:26