Ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb

Ölkənin müxtəlif elm ocaqlarında, ali təhsil müəssisələrində ulu öndər Heydər Əliyevin anım gününə həsr edilmiş tədbirlər keçirilib.

 

                                                     ...

 

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fizika İnstitutunda keçirilən tədbirdə institutun direktoru,  akademik Nazim Məmmədov bildirib ki, Ulu Öndərin dövlətçiliyimizin inkişafı, qorunub saxlanması,  xalqın rifahının yaxşılaşdırılması sahəsində çox böyük rolu olub. O, Heydər Əliyevin elmə verdiyi yüksək dəyərdən danışıb, Ümummilli Liderin  “AMEA milli sərvətimizdir, onu qorumaq və saxlamaq lazımdır” sitatını xatırladıb.  

 

İnstitutun “Qeyri-kristallik yarımkeçiricilərin fizikası” laboratoriyasının rəhbəri, Qadınlar Şurasının sədri, AMEA-nın müxbir üzvü Səlimə Mehdiyeva Heydər Əliyevin 90-cı illərdə hakimiyyətə qayıdışı ilə ölkədə dövlətçiliyin bərpa olunmasından, onun Azərbaycan elminin inkişafı istiqamətində  gördüyü işlərdən bəhs edib. O, Ümummilli Liderin qadınların idarəetmə, qərar qəbuletmə, sosial həyatın bütün sahələrində irəlidə olmasına önəm verdiyini vurğulayıb:” Azərbaycanda qadın hüquqlarının qorunması, onlara yüksək imtiyazların verilməsi, qadınların dövlət siyasətinin həyata keçirilməsində iştirakı Heydər Əliyev siyasətinin ayrılmaz hissəsi idi”.

 

Tədbirdə çıxış edən institutun Həmkarlar Komitəsinin sədri Sitarə Bağırova qeyd edib ki, Heydər Əliyevin məqsədyönlü daxili və xarici siyasəti nəticəsində Azərbaycan dünyanın iqtisadi cəhətdən inkişaf etmiş ölkələrindən birinə çevrilib:” 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin çəkilməsi , bu ilin noyabr ayında TANAP xəttinin açılması Ulu Öndərin Azərbaycan iqtisadiyyatının inkişafı üçün gördüyü işlərin ən böyük nəticələrindəndir”.

                                                       ...

 

 

Bakı Mühəndislik Universitetindəki (BMU) tədbirdə universitetin rektoru, professor Havar Məmmədov  Azərbaycanın son otuz ildən artıq bir dövrünü əhatə edən tarixin Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. Onun sözlərinə görə, Ulu Öndər bu dövr ərzində Azərbaycanı zamanın ağır və sərt sınaqlarından çıxardı, sonrakı mərhələdə  xalqın ictimai-siyasi, mədəni həyatının bütün sahələrində dirçəliş baş verdi.

 

Rektor həmin dövrün Azərbaycan təhsilinin sürətli yüksəliş illəri kimi də yaddaşlara həkk olunduğunu diqqətə çatdırıb:” Bu dövrdə 15 mindən çox azərbaycanlı gənc keçmiş SSRİ-nin ən nüfuzlu ali məktəblərinə oxumağa göndərilib, ölkəmizin gələcəyi üçün güclü kadr potensialı formalaşdırılıb. Həmçinin, bütün pillələrdən olan təhsil müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilib”.

 

H.Məmmədov Azərbaycan xalqının israrlı tələblərindən sonra ikinci dəfə siyasi hakimiyyətə qayıdan Ulu Öndərin ölkəni vətəndaş müharibəsi təhlükəsindən, ictimai-siyasi pərakəndəlikdən xilas etdiyini vurğulayıb. Rektor bildirib ki, Heydər Əliyev öz parlaq siyasi zəkası və istedadı sayəsində yeni Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaradıb, ölkəmizi bütün sahələrdə gələcəyə aparan yolları müəyyən edib; Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yaranıb, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət qurulub.

 

Tədbirdə çıxış edən politoloq  Aydın Mirzəzadə ulu öndər Heydər Əliyevin təkcə Azərbaycan xalqının deyil, ümumilikdə bəşəriyyət tarixində böyük rol oynamış şəxsiyyət olduğunu diqqətə çatdırıb:”Heydər Əliyev ötən əsrdə sovet Azərbaycanına rəhbərlik edərkən, geridə qalmış ölkəmizi aqrar ölkədən, aqrar-sənaye ölkəsinə çevirib. 1969-1982-ci illərdə Azərbaycanda 250 yeni müəssisə tikilib, 5 yeni universitet, hərbi məktəb açılıb”.

 

A.Mirzəzadə  Heydər Əliyevin 1993-cü ildə yenidən hakimiyyətə gəlişi ilə Azərbaycan tarixində yeni bir səhifə açıldığını da deyib.

                                        

                                                   ...

 

 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) 2 nömrəli tədris binasındakı Heydər Əliyev Mərkəzində keçirilən anım mərasimində universitetin rəhbərliyi və Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova iştirak edib.

 

 

ADPU-nun rektoru, professor Cəfər Cəfərov deyib ki, xalqımızın böyük oğlu, nüfuzlu ictimai-siyasi xadim  Heydər Əliyevin vəfatından 16 il keçir:” Xalqımız hər il Ulu Öndərə vəfa borcunu layiqincə yerinə yetirir. Dahi şəxsiyyət Heydər Əliyevin parlaq dühası onu Azərbaycan xalqının Ümummilli Liderinə, dünya siyasətinin nəhənglərindən birinə çevirib. Ona görə də Azərbaycan xalqı bu böyük övladı ilə haqlı olaraq öyünür. Azərbaycan tarixinin Heydər Əliyev mərhələsi kimi qiymətləndirilən bu dövrdə Ulu Öndər tərəfindən görülən böyük işlərin, onun həyata keçirdiyi xilaskarlıq və quruculuq missiyalarının məntiqi nəticəsidir ki, bu gün xalqımız demokratik və hüquqi bir dövlətdə yaşamaq imkanı əldə edib, xoşbəxt gələcəyi üçün bütün təminatlar yaradılıb,  siyasi və iqtisadi müstəqilliyə nail olunub”.

 

Nərimanov RİH başçısının müavini İradə Mahmudova qeyd edib ki, Ulu Öndərin qətiyyəti və uzaqgörən siyasəti sayəsində ölkəmiz dünya məkanında öz layiqli yerini tutub.

 

Sonda “Əbədi Lider” adlı sənədli film nümayiş etdirilib.

 

Tarix və coğrafiya fakültəsinin tələbəsi Bilqeyis Abbasova tərəfindən Zəlimxan Yaqubun “Böyük ömrün dastanı” poeması əsasında hazırlanmış bədii kompozisiya  da təqdim edilib.

                                                        ...

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunda keçirilən toplantıda  institutun direktoru, akademik Yaqub Mahmudov bildirib ki, Azərbaycanın XX əsr tarixinin əlli ildən çox bir dövrü  Heydər Əliyev şəxsiyyəti ilə sıx bağlıdır. Tarixçi alim Heydər Əliyevi yeni Azərbaycanın qurucusu adlandırıb:” Ulu Öndər bu quruculuğa hələ XX əsrin 40-cı illərindən başlamışdı. O, qarşısına çıxan bütün maneələri və çətinlikləri dəf edərək, Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) sədri vəzifəsinədək ucaldı. DTK-nın azərbaycanlılaşdırılması və xalqımızın düşmənlərindən təmizlənməsi kimi son dərəcə çətin və şərəfli işə ilk dəfə - hələ sovet rejiminin ən güclü vaxtında, məhz Heydər Əliyev başlayıb”.

 

Akademik daha sonra deyib: “Mən Heydər Əliyevin unudulmaz bir vəsiyyətini dönə-dönə yada salıram: o, dəfələrlə deyirdi ki, biz son 200 ilin tarixini yenidən öyrənməliyik. Ulu Öndər XIX-XX əsrləri, xüsusən Gülüstan və Türkmənçay müqavilələrindən sonrakı tarixi nəzərdə tuturdu. Bu tarix Azərbaycanın ikiyə bölünməsi tarixi, xalqımızın məhv edilməsi siyasəti tarixi və soyqırımlar tarixidir. 2013-cü ildə elmi rəhbərliyim və ssenari müəllifliyimlə Azərbaycan Televiziyasının “Azərbaycan Telefilm” yaradıcılıq birliyində Ulu Öndərin 90 illiyinə həsr olunan “Dahi azərbaycanlı” sənədli filmi istehsal olunub”.

 

Tədbir çərçivəsində Heydər Əliyevin  həyat və fəaliyyətini əks etdirən videoçarx da nümayiş etdirilib.



10.12.2019 | 14:31