“Tövrat”ın orijinaldan Azərbaycan dilinə tərcüməsi

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Teymur Sadıqov ilk dəfə “Tövrat”ı orijinaldan Azərbaycan dilinə tərcümə edib.

 

Kitaba “Ön söz”ü Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin müəllimi, professor Nəsrulla Məmmədov və mərhum akademik Vasim Məmmədəliyev yazıb. Yeni nəşrin məsləhətçisi Azərbaycan Dağ Yəhudiləri Dini İcmasının ravini Avraam Yakubov, rəyçisi BDU-nun Şərqşünaslıq fakültəsinin müəllimi, dosent Gülnarə Abdullayeva, redaktoru isə professor Nəsrulla Məmmədovdur. Kitab Şərqşünaslıq İnstitutunun Elmi Şurasının qərarı ilə çap olunub.

 

Teymur Sadıqov bildirib ki, “Tövrat” dünyanın bir çox dillərinə tərcümə olunub. Lakin Azərbaycan dilində “Tövrat”ın ibri dilindən orijinal mətni ilə müqayisəli şəkildə tərcüməsi mövcud deyildi. Akademik səviyyədə yerinə yetirilən bu tərcümədən sonra Azərbaycan şərqşünaslıq elmində yeni-yeni müqayisəli elmi mövzular və tədqiqat işləri meydana çıxacaq.

 

Qeyd edək ki, müqəddəs “Tövrat”ın tərcüməsinə mütərcim tərəfindən 2014-cü ildən başlanılıb. Tərcümə 2019-cu ildə  tamamlanıb.



10.12.2019 | 15:39