“Türkiyədəki azərbaycanlı tələbələr dərslərə məsuliyyətlidir”

“Universitetimizdə tibb üzrə təhsil alan Azərbaycan vətəndaşı olan tələbələr çoxdur, onlar dərslərə məsuliyyətli yanaşır və bu, bizi çox sevindirir”.

 

Bu sözləri Türkiyədə keçirilən “Nümunəvi həkim olmağa doğru” VI Ankara Tibb Forumunun nəticələrini dəyərləndirən Hacettepe Universitetinin dekanı, professor Bülənt Altun deyib.

 

Azərbaycanda səhiyyə sahəsində əldə olunan böyük nailiyyətlər barədə geniş bilgisi olduğunu vurğulayan professor B.Altun bildirib ki, yeni xəstəxanaların inşası, ən müasir tibbi avadanlıqlarla təchiz olunması müstəqil Azərbaycan dövləti üçün misli bərabəri olmayan bir milli sərvətdir.

 

O deyib ki, Ankarada təşkil olunan ənənəvi forumların da məqsədi Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir:”Forum açıq fikir mübadiləsi auditoriyasıdır. Burada tibbi təhsil, bu sahədə elmin dərinliklərinə yiyələnən gənclərin gələcək həyatı və s. məsələlər müzakirə olundu. Türkiyə olaraq maraqlıyıq ki, bizim ölkədə, o cümlədən universitetimizdə təhsil alan azərbaycanlı tələbələr imkan daxilində ölkələrinə qayıdıb, ilk növbədə öz xalqlarına fayda versinlər”.



10.12.2019 | 18:30