Professorun ustad dərsi

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Sosial və humanitar məsələlər üzrə prorektoru, filologiya üzrə elmlər doktoru, professor Fikrət Rzayevin “ Ədəbi əlaqələr və bədii tərcümə məsələləri” mövzusunda ustad dərsi keçirilib.

 

Professor F.Rzayev XIX əsr rus ədəbiyyatı, onun dirçəlişinin səbəbləri, klassiklər, ədəbi mühit, Qafqaz, Şərq rus ədəbiyyatının maraq dairəsində, Azərbaycan mövzusu, azərbaycanlıların rus şərqşünaslığına verdiyi töhfələr, rus ədəbiyyatının realist prinsiplərə keçməyində Qafqaz mövzusunun rolu, XIX əsr rus ədəbiyyatının klassikləri, Lev Tolstoy yaradıcılığı, bədii tərcümə məsələləri, Lev Tolstoy yaradıcılığının Azərbaycan dilinə tərcüməsi, bədii tərcümə ilə bağlı araşdırmaların bəzi nəticələri, yazıçının fərdi üslubi xüsusiyyətləri haqqında dinləyicilərə məlumat verib.

 

O bildirib ki, bədii tərcümə ədəbi yaradıcılıq növü, bir dildəki bədii əsərin başqa dilə çevrilməsidir:” Bədii tərcümə başqa tərcümələrdən orijinal bədii yaradıcılıqla bilavasitə bağlılığı ilə seçilir. Bədii tərcümədə  söz estetik mahiyyət kəsb edir. Buna görə də bədii tərcümə problemləri bədii yaradıcılığın spesifik qanunlarına daxildir. Bədii tərcümə orijinal yaradıcılıqdan tərcümə obyektindən asılılığı ilə fərqlənir. Tərcümə elə bir yaradıcılıq sahəsidir ki, orada sadəcə, bir dildən başqa dilə sözləri mexaniki çevirmək,  sətri tərcümə kifayət etmir. Bəzi hallarda tərcümələri birbaşa etdikdə onlar məna etibarilə çox kobud alınır. Bu səbəbdən tərcümə zamanı estetik zərifliyi qabartmaq üçün daha alternativ sözlərdən istifadə olunur. Xüsusilə də müstəqillik dönəmində edilən tərcümələr o qədər də ürəkaçan deyil. Bəzən görürsən ki, kompüter texnologiyasının verdiyi imkanlardan istifadə edib texniki tərcümələr edirlər. Bu da qeyri-məntiqi mətnin meydana gəlməsinə səbəb olur. Mətnin həqiqi gözəlliyi bu tərcümədə itib-batır və estetik təsir gücünü itirir. Oxucu belə tərcümələri axıra qədər oxuya bilmir”.

 

Ustad dərsinin sonunda professor F.Rzayev müəllim və tələbələri maraqlandıran sualları cavablandırıb, ən maraqlı sual sahibinə isə kitab hədiyyə edib.



10.12.2019 | 19:15