Almanların Azərbaycanda məskunlaşmasının 200 illiyi

Prezident İlham Əliyevin “Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında” Sərəncamına uyğun olaraq,  Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda “Tarixin izi ilə” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

 

Konfrans iştirakçıları almanların Azərbaycanda məskunlaşma tarixi ilə bağlı Tarix İnstitutunun nəşr etdirdiyi kitabların sərgisi ilə tanış olublar.

 

Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov Azərbaycanın Avropa, o cümlədən Almaniya ilə siyasi və mədəni əlaqələrinin tarixi, ölkəmizə səyahət edən xarici səyyahların əsərləri, XIX əsrdə Azərbaycanın qərbində salınan alman məskənləri haqqında geniş məlumat verib. “Tarix İnstitutu Almaniyanın arxivlərində - Berlin şəhərinin Bundesarxivində, Xarici İşlər Nazirliyinin Siyasi Arxivində və Prussiya Mədəni İrsinin Gizli Dövlət Arxivində saxlanılan Azərbaycan tarixinə dair bir sıra sənədlərin kataloqlarını ölkəmizə gətirib”, - deyə akademik Yaqub Mahmudov bildirib.

 

Qeyd edək ki, almanların Azərbaycanda məskunlaşmasının 200 illiyinə həsr olunan beynəlxalq konfransın digər təşkilatçısı Alman-Azərbaycan Cəmiyyətidir.

 

Alman-Azərbaycan Cəmiyyətinin sədri, professor Çingiz Abdullayev Azərbaycan-alman xalqları arasında əlaqə və münasibətlərin dərin kökləri olduğunu bildirib: “1817-1818-ci illərdə Almaniyanın Vürtemberq vilayətindən alman kəndliləri Rusiya çarı I Aleksandrın razılığı ilə Qafqaza köçürülərək, Gürcüstanla Azərbaycan ərazilərində məskunlaşdırılıb. Bir ildən sonra ölkəmizdə ilk alman koloniyası kimi tanınan Yelenendorf (Helenendorf - bugünkü Göygöl şəhəri) salınıb”.

 

Konfrans çərçivəsində almaniyalı professor Oskar Valter Yaqub Mahmudova Azərbaycan-Almaniya elmi əlaqələrinin inkişafındakı böyük xidmətlərinə görə Alman-Azərbaycan Cəmiyyətinin “Dostluq” medalını təqdim edib. Alimlərdən Mais Əmrahov və Oskar Valterə isə Alman-Azərbaycan Cəmiyyətinin “Körpü” diplomu təqdim olunub.

 

Konfransa Azərbaycan tarixçiləri ilə yanaşı, Türkiyə, Rusiya, Gürcüstan, Özbəkistan və Almaniyadan olan alimlər də öz məruzələrini təqdim ediblər.



11.12.2019 | 18:24