Yağıntı rejiminin dəyişmələri haqqında məruzə

AMEA Coğrafiya İnstitutunun növbəti elmi seminarında İqlim və aqroiqlimşünaslıq şöbəsinin aparıcı elmi işçisi, coğrafiya üzrə elmlər doktoru  Səid Səfərov “Abşeron yarımadasında yağıntı rejiminin müasir dəyişmələri” mövzusunda geniş  təqdimatla çıxış edib.

 

Sumqayıt, Bakı, Maştağa və Pirallahı, həmçinin Neft Daşları və Çilov hidrometeoroloji stansiyalarının müşahidə məlumatlarına əsasən,  yağıntı rejimini tədqiq edən alim son 10-15 il ərzində temperaturun artmasının  daha böyük sürətlə getdiyini, Azərbaycanda yağıntıların bəzi yerlərdə azalmasını, digər yerlərdə isə artmasını diqqətə çatdırıb.

 

Tədqiqatçı yağıntıların artmasının səbəblərini qlobal istiləşmə nəticəsində hava dövranı xarakterinin dəyişməsi, dəniz səth suları temperaturunun artması ilə əlaqədar buxarlanmanın intensivləşməsi, əhalinin artması, şəhər sahəsinin kəskin genişlənməsi, havanın çirklənməsi və s ilə izah edib.  Bildirilib ki, payız-qış aylarında yağıntıların belə kəskin artması nəqliyyatda hərəkət intensivliyinin azalmasına,  avtomobil yollarının vaxtından əvvəl dağılmasına,  ərazilərin, zirzəmilərin su ilə dolmasına, qrunt sularının səviyyəsinin yuxarı qalxmasına  və s. bu kimi bir sıra problemlərin yaranmasına səbəb olur.

 

Elmi seminarda belə bir fikir də səslənib ki,  Bakı şəhərində aparılan tikinti, o cümlədən şəhərsalma işlərində yağıntı rejiminin kəskin dəyişməsi mütləq nəzərə alınmalıdır.



11.12.2019 | 19:38