“Ulu Öndər” filmi təqdim edilib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 50 illiyinə həsr olunan  “Ulu Öndər” sənədli filminin təqdimatı keçirilib.

 

ADMİU-nun professoru Rafiq Quliyevin quruluşçu rejissoru olduğu filmdə Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-cu ildən 2003-cü ilədək həyat və fəaliyyətinin müxtəlif dövrünü əhatə edən kadrlar öz əksini tapıb.

 

Universitetin rektoru, professor Ceyran Mahmudova filmin əhəmiyyətindən və bədii məziyyətlərindən danışıb. Bildirib ki, Heydər Əliyev müdrik və uzaqgörən siyasəti, unikal liderlik qabiliyyəti, milli iradəsi, vətənpərvərliyi ilə Azərbaycan xalqına nümunə olan görkəmli siyasətçi və qüdrətli dövlət xadimidir.

 

“Ulu Öndərin həyatına və fəaliyyətinə həsr olunmuş incəsənət əsərlərinin hazırlanması olduqca əhəmiyyətlidir. Çünki o, öz istedadını, zəkasını, bacarığını Azərbaycan üçün sərf etmiş və milli dövlətçilik ideyalarının formalaşması üçün misilsiz xidmətlər göstərmiş tarixi şəxsiyyətdir”-deyən  C.Mahmudova  Ümummilli liderin təhsilin, mədəniyyətin,   incəsənətənin inkişafı və beynəlxalq miqyasda tanınması üçün böyük işlər gördüyünü, intellektual nəslin yetişdirilməsi istiqamətində misilsiz xidmətlərini vurğulayıb. 

 

Sonra  Əməkdar incəsənət xadimi,  professor Aqşin Babayev və tarzən, Xalq artisti Zamiq Əliyev, professor Məryəm Əlizadə çıxış edərək, Azərbaycan tarixində misilsiz xidmətləri olan qüdrətli dövlət xadimi Heydər Əliyevin mədəniyyətimizə, milli-mənəvi dəyərlərimizə qayğısından söz açıblar. Qeyd edilib ki, ADMİU-da çalışan müəllimlərin əksəriyyəti Azərbaycanın görkəmli mədəniyyət və incəsənət xadimləri kimi Heydər Əliyevin mədəniyyətə göstərdiyi diqqət və qayğının canlı şahidləridir. 

 



12.12.2019 | 11:29