Gənc alim və mütəxəssislərin əməkdaşlığı

AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzi ilə müəssisənin gənc alim və mütəxəssisləri arasında əməkdaşlıq əlaqələrinin gücləndirilməsinə həsr olunan elmi-praktik konfrans keçirilib.

 

Aqrar Elm və İnnovasiyalar Mərkəzinin direktor müavini, dosent Fərman Kərimov, AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri Famin Salmanov və Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Fərid Mustafayev çıxış edərək, bu kimi tədbirlərin gənc tədqiqatçılar arasında elmi əlaqələrin inkişafına zəmin yaratdığını qeyd ediblər.

 

Konfransda “Aqrar sahənin inkişafında gənc alim və mütəxəssislər qarşısında duran vəzifələr”, “Pestisidlərdən istifadə və onların torpaqda yaratdığı fəsadlar”, “Abşeron yarımadasında daş karxanalarının təsiri ilə pozulmuş torpaqların deqrodasiyaya təsiri”, “Beynəlxalq standartlara əsaslanan şərab istehsalı”, “Heyvandarlığın intensiv inkişafında yem bazasının rolu”, “Meyvə bitkiləri calaqaltılarının mikroklonal üsulla çoxaldılması” və digər mövzularda məruzələr dinlənilib.

 

Daha sonra institutun Gənc Alim və Mütəxəssislər Şurası ilə Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurası, eləcə də Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu arasında əməkdaşlıq memorandumu imzalanıb.



12.12.2019 | 13:41