Əbədiyaşar lider

Ulu öndər Heydər Əliyevin anım günü ilə bağlı müxtəlif ali təhsil müəssisələrində tədbirlər keçirilib. 

                                                                                  ...

 

 

AMEA-nın Naxçıvan Bölməsində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilən tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev ictimai-siyasi xadim  Heydər Əliyevin ölkəmizin hərtərəfli inkişafında, müstəqil Azərbaycanın dünya birliyində layiqli yer tutmasında müstəsna xidmətlərindən danışıb.

 

 

Heydər Əliyev şəxsiyyətinin böyüklüyünə, fenomen keyfiyyətlərinə nəzər salan alim bildirib ki, həm Azərbaycanın, həm də onun ayrılmaz tərkib hissəsi Naxçıvanın gündən-günə inkişafı Heydər Əliyev siyasətinin nəticəsidir: “Ölkədə uğurla həyata keçirilən bütün tədbirlər müstəqilliyimizi möhkəmləndirir, dövlətçiliyimizi qüdrətləndirir və beynəlxalq aləmdə Azərbaycanın nüfuzunu artırır”.

 

Sonra bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru Fəxrəddin Səfərlinin “Heydər Əliyev-əbədiyaşar lider” mövzusunda məruzəsi dinlənilib.

                                                                                   ...

 

Azərbaycan Texniki Universitetində (AzTU) keçirilən tədbirdə rektor Vilayət Vəliyev bildirib ki, ümummilli lider  Heydər Əliyev ölkənin və xalqın taleyində, uğurlar qazanmasında təhsilin rolunu və əhəmiyyətini hər zaman yüksək qiymətləndirib. Onun sözlərinə görə, bu gün Azərbaycan təhsilində əldə olunan uğurlar, savadlı kadrların yetişməsi məhz Ulu öndərin siyasətinin uğurla davam etdirilməsinin nəticəsidir. Bakı Dövlət Universitetinin “Qafqaz xalqları tarixi” kafedrasının müdiri, Heydər Əliyev haqqında ilk doktorluq dissertasiyasının müəllifi İradə Hüseynova bildirib ki,  məhz onun doktorluq dissertasiyasının müdafiəsi ilə elmin yeni istiqaməti – Əliyevşünaslıq elminin əsası qoyulub. O, Azərbaycanın bugünkü zəngin elmi, siyasi, iqtisadi, mədəni, kadr potensialının təməlində Heydər Əliyevin apardığı milli quruculuq işlərinin dayandığını vurğulayıb.

                                         

                                                                              ...

 

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) ulu öndər Heydər Əliyevin anım gününə həsr olunan tədbirdə öncə onun  həyat və fəaliyyətini əks etdirən video süjet nümayiş olunub.

 

ADNSU-nun rektoru, professor Mustafa Babanlı dahi şəxsiyyət Heydər Əliyevin  Azərbaycanın müstəqillik qazanmasında, eyni zamanda ölkənin ictimai-siyasi, iqtisadi və digər mühüm sahələrindəki əvəzsiz rolundan bəhs edib.

 

ADNSU-nun kafedra müdiri, texnika elmləri doktoru, professor Hüseynbala Mirələmov çıxışında  dahi şəxsiyyətin həyatından söz açaraq, Ulu öndərin milli dəyərlərə bağlı əsl lider kimi yaddaşlarda daim yaşayacağını qeyd edib, onun həyatının və vətənə bağlılığının gənc nəsilə hər zaman örnək olduğunu vurğulayıb.

                                                                            ...

 

Azərbaycan Dillər Universitetində (ADU) keçirilən tədbirdə ali məktəbin rektoru, akademik  Kamal Abdulla Heydər Əliyevin Azərbaycan xalqının tarixinə əbədi olaraq yazılmış ad olduğunu deyib. O bildirib ki, Heydər Əliyevin  millət, vətən, dövlət üçün etdiyi şücaət, qəhrəmanlıq unudulmazdır:” Çünki yox olmaq astanasına gəlib çıxmış ölkə öz gələcək nicatını, yaşamını onun fəaliyyəti ilə qazandı... Azərbaycanda elə bir vəziyyət idi ki, küçəyə çıxmaq olmurdu, gələcəyə ümid yox idi, bununla bərabər insanların qəlbində böyük azadlıq mücadiləsi, azadlıq həsrəti var idi. Bu azadlıq həsrətini Ulu öndər addım-addım xalqa qaytarmağa başladı. Bu gün Azərbaycanın adı harada çəkilirsə, çox gözəl şəkildə onu tanıyırlar, onun mənafeyini, gələcəyə gedən yollarını aydın şəkildə görürlər. Bu, son dərəcə böyük zəhmətin hesabına başa gəlmişdir. Yadımdadır, Ulu öndər fəaliyyətinin ilk illərində ölkə liderləri ilə görüşəndə hər dəfə xəritə qarşısında əlində çubuqla Azərbaycanın coğrafi mövqeyinin, mənafeyinin nəyi tələb etdiyini bir-bir izah edirdi”.

 

Rektorun sözlərinə görə, Heydər Əliyevin ilk dəfə Naxçıvanda üçrəngli bayrağı qaldırmağı böyük siyasi cəsarət idi: ” Ulu öndər Azərbaycanda yaşayan bütün millətlərin prezidenti idi. Bütün millətlərin bir bayraq, bir himn altında birləşməsi Ulu öndərin ən böyük arzularından biri idi. O, Azərbaycan multikultralizminin siyasi bazasını formalaşdırıb müxtəlif sərəncamlarla milli azlıqlara xüsusi diqqətin göstərilməsini təmin etdi”.

                                                                               ...

 

AMEA-nın Milli Azərbaycan Ədəbiyyatı Muzeyindəki tədbirdə muzeyin direktoru, akademik Rafael Hüseynov "İstiqlal tariximizdə həmişə yaşayacaq ad" mövzusunda məruzə ilə çıxış edib.

 

O, Heydər Əliyevin zəngin dünyagörüşü və uzaqgörənliyi ilə qısa müddətdə taleyüklü məsələlərin öhdəsindən  bacarıqla gəldiyini, Azərbaycan iqtisadiyyatında, sənayesində və kənd təsərrüfatında mühüm nailiyyətlər əldə olunduğunu bildirib.

 

R.Hüseynov Heydər Əliyevin Azərbaycanın ədəbiyyatına və mədəniyyətinə xüsusi diqqət yetirdiyi, şair və yazıçılarımızın yubileylərinin UNESKO səviyyəsində qeyd edildiyi, "Nəsimi", "Babək", "Dədə Qorqud" və digər milli filmlərin çəkildiyini xatırladıb. Böyük şəxsiyyət tərəfindən atılan bu addımların milli yaddaşın bərpasına, azərbaycançılıq ideyalarının cəmiyyətdə təbliğinə və güclənməsinə xidmət etdiyini deyib.

                                                                           ...

 

 

Bakı Slavyan Universitetində (BSU) keçirilən tədbirdə universitetin rektoru, professor Nurlana Əliyeva bildirib ki, Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə ölkəmizin hərtərəfli inkişafı, xalqımızın mənəvi-mədəni təkamülü, milli-mənəvi dəyərlərinin qorunub gələcək nəsillərə ötürülməsi üçün fədakarlıqla fəaliyyət göstərib.

 

 

“Birinci dəfə 1969-cu ildə Azərbaycana rəhbər seçilən Heydər Əliyevin əzmkarlığı, vətənpərvərliyi, təşəbbüskarlığı sayəsində ölkəmiz sürətli inkişaf yoluna çıxmış, iqtisadiyyat, elm, təhsil, mədəniyyət sahələrində əsaslı dönüşə nail olunmuşdur. Heydər Əliyev Azərbaycanda milli oyanışın, iqtisadi və sosial tərəqqinin banisidir”-deyə rektor 1993-cü ildə hakimiyyətə qayıdan Heydər Əliyevin Azərbaycan üçün etdiklərini yada salıb, müstəqil Azərbaycanı onun şah əsəri kimi xarakterizə edib.  

 

Sonda  Heydər Əliyevin həyat və ictimai-siyasi fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

 



12.12.2019 | 16:29