Azərbaycan Dövlət Pedaqoji Kolleci 100 illiyini uğurlarla qarşılayır

Kollecimiz Mektebgushesi.az internet portalının növbəti sorğusunda da qalibiyyət qazanmışdır. Bu, heç də təsadüfi deyildir. Qazanılan qalibiyyət  böyük bir əməyin bəhrəsidir.

 

Bu qalibiyyət Kollec rəhbərliyinin ölkə Prezidentinin təhsil sahəsində apardığı siyasəti əsas tutaraq qarşısına qoyduğu məqsədlərə, həyata keçirdiyi islahatlara verdiyi səmərəli fəaliyyəti ilə töhfəsidir.

 

Bu islahatlar müxtəlif sahələrdə özünü göstərir. Bura tədris planlarında edilən dəyişiklikləri, müəllimlərin bacarıqlarının artırılması üçün keçirilən təlim və seminarları  (Müəllim - şagird münasibətlərinin inkişafı; Tələbə nailiyyətlərinin qiymətləndirilməsi və qiymətləndirmə texnologiyaları; Təqdimat bacarıqları; Effektiv kommunikasiya; Emosional-peşəkar tükənmə, zehni tükənmə; Münaqişələrin təhlili; Müəllimlərin kommunikasiya bacarıqlarının inkişafı; Müəllim bir psixoloq kimi), tələbələr üçün təşkil olunmuş təlimləri -Türkiyənin “ES Akademi” şirkəti Dr. Erdem Söylemezin “Peşəkar müəllimlik” - 3 səviyyədən 14 mövzudan ibarət təlim modulu (Etkin dinləmə; Öyretmenlik mesleği eğitimi; Bədən dili; Müəllim və tələbə arasında ünsiyyət, idarəetmə və liderlik;  XXI  əsr gəncinin təhsilində müəllimin rolu, tədris prosesində vaxtın idarə olunması, qiymətləndirilmə və s.), bacarıqların artırılması istiqamətində keçirilən tədbirləri (“Prezidentin sosial-islahatlar paketi”nə istinadən təşkil edilmiş tədbir; “LEAD Education” Təhsil və İnnovasiya Mərkəzi - MİQ imtahanına hazırlaşmaq istəyən tələbələri maarifləndirmə proqramı; “Azərbaycan İqtisadçılar İttifaqı” ilə birgə Dayanıqlı İnkişaf Məqsədlərinin təbliği, “Ömür boyu təhsil”  aid etmək olar.

 

Ekskursiya və səfərlərin təşkil edilməsi, vətənpərvərlik mövzusunda keçirilən tədbirləri,  tələbələrin asudə vaxtının, sosial bacarıqlarını aşılayan layihə, yubileylərin və s. təşkilini, sosial məsələlər üzrə aparılan işləri də bu istiqamətdə həyata keçirilən mühüm tədbirlər kimi qeyd etməliyik.

 

Sözügedən təlim və tədbirlər tələbələrin bir insan kimi formalaşmasında, vətənpərvər ruhda yetişməsində,  dünyagörüşlərinin artmasında, müxtəlif yeni məlumatlar əldə etməsində böyük rol oynayır.

 

Bu inkişaf özünü imtahan prosesində də göstərmişdir.Belə ki, 2018/2019-cu tədris ilinin imtahan sessiyasının nəticələrinə diqqət yetirsək, görərik ki, payız sessiyasında müvəffəq qiymət alanların sayı 853 nəfər olduğu halda, yaz sessiyasında bu rəqəm 1769-a yüksəlmişdir. İmtahandan qeyri-kafi qiymət alanların sayı payız sessiyasında 1965 nəfər olduğu halda, yaz sessiyasında bu rəqəm 1454 olmuşdur.

 

Fənn kreditinin 25%-ni ödəmək şərti ilə yenidən imtahan verən tələbələrin nəticələrinə  nəzər salsaq, payız sessiyasında 1548 imtahana buraxılan tələbədən 1056-nın akademik borcunu ləğv etdiyini, 492 tələbənin isə yenidən qeyri-kafi qiymət aldığını, yaz imtahan sessiyasında isə 655 tələbədən 461-nin akademik borcunu ləğv etdiyini, 194 tələbənin isə qeyri-müvəffəq nəticə əldə etdiyinin şahidi olarıq. 

 

İmtahan prosesində şəffaflığı təmin etmək üçün çarpaz yoxlama üsulundan da istifadə edilmişdir. 2018/2019-cu tədris ilinin yaz semestrinin imtahan sessiyasında İmtahan Qərargahı nəticələri çox yüksək və ya çox aşağı olan qruplardan seçmə yolu ilə 100 işi çarpaz yoxlamaya vermişdir. Nəticə etibarilə 16 işdə qiymətlərin çox şişirdildiyi, 16 işdə qiymətlərin çox azaldıldığı, 57 işin nisbətən düzgün qiymətləndirildiyi, 11 işdə isə qiymətlərin üst-üstə düşdüyü müəyyənləşdirilmişdir.

 

İmtahanlarda şəffaflığın təmin olunması üçün ADPU-nun İctimai Şurasının üzvləri hər sessiya zamanı ən azı 2 dəfə imtahanları izləyir, valideyn və tələbələrlə görüşür, təklif və rəylərini bildirirlər. Həmçinin, imtahanı bitirib zaldan çıxan tələbələr üçün Kollecin həmkarlar təşkilatının dəstəyi ilə sorğu təşkil olunmuş, tələbələr imtahanların gedişi ilə bağlı fikirlərini, rəy və istəklərini bildirmişlər.   

 

Dövlət  Attestasiya imtahanında da Pedaqoji Şuranın qərarı ilə dəyişiklik edilərək 2 və ya 3 imtahan birləşərək 1 imtahan şəklində keçirilmişdir. Bu da tələbələrin əksəriyyətinin imtahandan müvəffəq qiymətlər əldə etməsi ilə nəticələnmişdir.

 

Kollecdə gedən inkişaf  imtahan sessiyası zamanı yaradılmış İmtahan Qərargahına olan müraciət və şikayətlərin sayında da özünü göstərir. Belə ki, 2018/2019-cu tədris ilinin payız imtahan sessiyasında 173 müraciət olduğu halda , yaz imtahan sessiyasında bu rəqəm 26-ya enmişdir.

 

Kolleci bitirən tələbələrin MİQ  imtahanlarında göstərdikləri yüksək nəticələr də  Kollecdə aparılan islahatların özünü doğrultduğunun göstəricisidir.

 

Bütün yuxarıda qeyd edilənlərdən göründüyü kimi, kollecin Mektebgushesi.az internet portalında keçirilən sorğuda I yeri qazanmasının arxasında əslində böyük bir əmək durur. Bu, həm müdiriyyətin, həm müəllim kollektivinin, həm də tələbələrin əməyidir.

 

Bu barədə kollecin direktoru İsrayil İsgəndərov da qeyd etmişdir:

 

“43 kollec arasında “Hansı kollecdə yay imtahan sessiyası şəffaf keçirilir?” sorğusunun qalibi olmağımız həyata keçirdiyimiz islahatlara verilən dəyərdir. Həmçinin kollecimizdə gedən proseslərin ölkənin təhsil siyasətinin, Təhsil Nazirliyinin, ADPU-nun rektoru Cəfər Cəfərovun apardığı təhsil islahatlarına uyğun qurulmasının nəticəsi olduğu bir daha təsdiqini tapdı. 100 yaşlı kollecimiz bu gün də öz əhəmiyyətini bu şəkildə qoruya və müasirləşmənin, təkmilləşmənin önündə ola bilirsə, bu təbii ki, bizim üçün böyük uğurdur. Üstəlik, Mektebgushesi.az internet portalının keçirdiyi virtual sorğularda ikinci dəfə önə çıxmağımızı kollektivin səmimiyyəti və keyfiyyətli təhsil konsepsiyası üzərində cidd-cəhdlə çalışmasının məntiqi nəticəsi hesab edirəm”.

 

Aytən HƏSƏNOVA,

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Azərbaycan dili və ədəbiyyat müəllimi, Pedaqoji Şuranın katibi



13.12.2019 | 13:54