Strasburq Universitetinin tələbə biletləri təqdim edilib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) birinci kurs tələbələrinə Strasburq Universitetinin tələbə biletlərinin təqdimat mərasimi keçirilib.

 

Tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, Fransanın ölkəmizdəki səfiri Zakari Qros, Strasburq Universitetinin UFAZ üzrə elmi eksperti Filip Turek,  UFAZ-ın icraçı direktoru Vazeh Əsgərov, UFAZ-ın baş katibi Şarlotta Payen, tələbələr və media nümayəndələri iştirak ediblər.

 

UFAZ-ın icraçı direktoru, dosent Vazeh Əsgərov və baş katibi Şarlotta Payen artıq  4-cü dəfə Strasburq Universitetinin tələbələ biletlərinin təqdimetmə mərasiminin keçirildiyini bildiriblər.

 

Fransanın səfiri Zakari Qros UFAZ-ın inkişafı və tələbələrin yüksək səviyyəli təhsilə yiyələnmələri üçün hər cür dəstək göstərməyə hazır olduqlarını bildirib.

 

UFAZ tələbələrinin bilik və bacarıqlarından razı qaldıqlarını deyən Strasburq Universitetinin UFAZ üzrə elmi eksperti Filip Turek birinci kurs tələbələrinin daha təcrübəli olduqlarını vurğulayıb. 

 

Sonda UFAZ tələbələrinə Strasburq Universitetinin tələbə biletləri təqdim edilib.

 

Qeyd edək ki, bu il 141 nəfər tələbəyə Strasburq Universitetinin  tələbə biletləri təqdim olunub.



13.12.2019 | 18:29