“Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsinə start verildi

Dekabrın 27-də “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsinə başlanılıb.

 

AZƏRTAC xəbər verir ki, bununla əlaqədar mətbuat konfransı keçirilib.

 

Müsabiqənin keçirilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin sədri, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva qeyd edib ki, “Yüksəliş” müsabiqəsində qarşıya qoyulan məqsədlərdən biri yeni nəsil idarəçilərin müəyyənləşdirilməsidir. Bu müsabiqə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən islahatlar kursunun bir halqasıdır.

 

Fərəh Əliyeva bildirib ki, kadr ehtiyatı bankının yaradılması üçün bu müsabiqə ən əlverişli müsabiqələrdən biri olacaq. Azərbaycanda idarəçilik vərdişləri olan və öz potensialına inanan hər kəs bu müsabiqədə iştirak edə bilər. Müsabiqə Azərbaycanda kadrların bilik və bacarıqlarının inkişaf etməsinə mühüm töhfə verəcək.

 

Təşkilat Komitəsinin sədri əlavə edib ki, dövlət qulluğunda namizədlər elan olunmuş konkret vakansiyalara malik olduqları biliklərdən istifadə etməklə mübarizə aparırlar. “Yüksəliş” müsabiqəsində isə seçim beynəlxalq aləmdə qəbul olunmuş kompitensiyaların aşkarlanmasına yönəlib: “Biz idarəçiləri axtaranda təkcə onların intellektual səviyyəsini deyil, həm də onlarda hansı kompitensiyaların olduğunu öyrənirik. Bu sahədə kifayət qədər beynəlxalq təcrübə öyrənilib. Bu kompitensiyalar kadrla işləmək bacarığı, şəxsi, mənəvi-etik keyfiyyətlərdir. Müsabiqənin saytında həmin kompitensiyalar barədə kifayət qədər məlumat olacaq. Ola bilər ki, “Yüksəliş” müsabiqəsinə hazırda dövlət qulluğunda işləyən, müəyyən sahələrdə çalışan insanlar qatılsınlar. Bu müsabiqədə iştirakın onların karyerasına hər hansı mənfi təsiri olmayacaq”.

 

Prezident Administrasiyasının rəsmisi qeyd edib ki, indiyə qədər imtahanlar test üsulu ilə keçirilib. Bu imtahanlarda insan qiymətləndirməsi olmayıb. “Yüksəliş” müsabiqəsində isə insan amili var. Belə ki, yarımfinal və final mərhələsində iştirakçıları ekspertlər, psixoloqlar, idarəçi şəxslər qiymətləndirirlər. Bundan başqa, xaricdən dəvət olunmuş mütəxəssislərin iştirakı ilə treninqlər də keçiriləcək. Bu formatın özü bizim üçün yenidir: “Bu prosesin şəffaf, obyektiv keçirilməsinə nəzarəti bizdən başqa media nümayəndələri də həyata keçirəcəklər. Biz media nümayəndələrini dəvət edəcəyik. Onlar prosesi müşahidəçi kimi izləyə biləcəklər”.

 

Fərəh Əliyeva vurğulayıb ki, “Yüksəliş” müsabiqəsində qarşıya qoyulan məqsədlərdən biri yeni nəsil idarəçilərin müəyyənləşdirilməsidir. Şöbə müdirinin sözlərinə görə, kadr ehtiyatı bankının yaradılması üçün bu müsabiqə ən əlverişli müsabiqələrdən biri olacaq.

 

Təşkil Komitəsinin üzvü, Gənclər və İdman naziri Azad Rəhimov “Yüksəliş” müsabiqəsinin kadr potensialının yaradılmasında böyük rol oynayacağını vurğulayıb. O, müsabiqəyə 21-51 yaşlı insanların dəvət edilməsinin təsadüfi olmadığını söyləyib. Bildirib ki, 21 yaşlı gənclər çox fəaldır, dövlət və ölkə üçün önəmli işlər görməyə çalışırlar: “51 yaşa gəlincə, insanlar var ki, bu yaşa qədər özünü göstərə bilməyib, ancaq böyük təcrübəyə, biliyə malikdir. Ona görə də bu insanlara da şərait yaradılmasını nəzərdə tutmuşuq”.

 

Nazir qeyd edib ki, “Yüksəliş” müsabiqəsinin məqsədi Azərbaycanda yeni nəsil idarəçilərin ortaya çıxarılmasıdır. “Yüksəliş” çox maraqlı bir müsabiqədir və insanların qarşısında yeni imkanlar açacaq. İnsanlar bu müsabiqə vasitəsilə istədikləri vərdişlərə yiyələnə biləcəklər.

 

Gənclər və İdman nazirinin müavini Fərhad Hacıyev müsabiqənin şərtləri ilə bağlı məlumat verib: “Müsabiqənin beş ay davam etməsi nəzərdə tutulub, iyun ayında onun başa çatacağını düşünürük. Müsabiqədə 20 qalib olacaq və onların hər birinə 20 min manat veriləcək. Məbləğin 10 min manatı həmin şəxsin təhsili, 10 min manatı isə şəxsi xərc üçün nəzərdə tutulacaq”. Nazir müavini bildirib ki, bu cür müsabiqələr dünyanın bir çox ölkələrində var: “Bunun üçün biz dünya təcrübəsini öyrəndik və belə bir layihə ortaya çıxdı. Biz, eyni zamanda, bu layihəni sınaqdan keçirmişik”.

 

Təşkilat Komitəsinin digər üzvü, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib ki, “Yüksəliş” müsabiqəsi kadr potensialının yaradılması üçün keçirilir. Müsabiqədə daha çox namizədlərin keyfiyyətləri yoxlanılacaq. Müəyyənləşdiriləcək ki, insanlar hansı dərəcədə kreativliyə malikdirlər, onların hansı ayrı xüsusiyyətləri var. Yəni, onlar həmyaşıdlarından, bu sahədə iştirak edən insanlardan hansı xüsusiyyətlərinə görə seçilirlər. Müsabiqədə psixometrik testlər də istifadə ediləcək və bu testlərin nəticəsində insanlara məsləhətlər veriləcək.

 

“Biz bu proseslərdə ən müasir alətlərdən istifadə edəcəyik. Azərbaycanda 20 il ərzində topladığımız təcrübə bizə bu məsələdə kömək edəcək. Bizim bütün insan potensialımız və ekspertlərimiz bu proseslərə qoşulacaqlar. Hər bir addımımız ictimaiyyətə çatdırılacaq”, - deyə Direktorlar Şurasının sədri bildirib.

 

Sonra “Yüksəliş” müsabiqəsinin tanıtım çarxı nümayiş olunub.

 

Daha sonra suallar cavablandırılıb.



27.12.2019 | 14:12