Xüsusi məktəbdə bayram tədbiri

Bakıdakı 268 nömrəli xüsusi məktəbdə 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram tədbiri keçirilib.

 

Tədbirdə BŞTİ-nin müdiri Rəşad Tağıyev, müdir müavini İlhamə Abdullayeva, məktəbin pedaqoji kollektivi, şagirdlər, valideynlər və qonaqlar iştirak ediblər.

 

Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbiri giriş sözü ilə açan məktəbin direktoru Seyfəddin Mustafayev xüsusi təhsilin inkişafı istiqamətində ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirildiyini bildirib. Çıxışı zamanı direktor xüsusi təhsil məktəbinin fəaliyyəti haqqında məlumat verib. Bildirib ki, 268 nömrəli xüsusi məktəb 2017-ci il sentyabrın 11-də əsaslı təmirdən sonra Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. Məktəb direktoru təhsil ocağında sağlamlıq imkanları məhdud, xüsusi qayğıya ehtiyacı olan 852 şagirdin təhsil aldığını, onlardan 231-nə məktəbdə, 621-nə isə evlərində fərdi qaydada dərs keçirildiyini qeyd edib.

 

Çıxış edən BŞTİ-nin müdiri Rəşad Tağıyev Dünya Azərbaycanlılarının Həmrəylik Gününün tarixi və əhəmiyyəti barədə geniş məlumat verib. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə təsis edilmiş Dünya Azərbaycanlılarının Həmrəylik Gününün respublikamızda və müxtəlif ölkələrdə geniş qeyd olunduğunu vurğulayan idarə müdiri həmrəylik gününün dünyada yaşayan soydaşlarımız arasında birlik yaratmaq baxımından mühüm rol oynadığını diqqətə çatdırıb.

 

R.Tağıyev ölkəmizdə sağlamlıq imkanları məhdud və xüsusi qayğıya ehtiyacı olan uşaqlara göstərilən diqqət və qayğıdan da danışıb. İdarə müdiri xüsusi qayğıya ehtiyacı olan insanların sosial müdafiəsinin gücləndirilməsi, bu kateqoriyadan olan uşaqların tədris şəraitinin yaxşılaşdırılması, təhsil problemlərinin həlli istiqamətində son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə əhəmiyyətli addımlar atıldığını diqqətə çatdırıb. Həmçinin R.Tağıyev Heydər Əliyev Fondu tərəfindən sağlamlıq imkanları məhdud, kimsəsiz, valideyn himayəsindən məhrum olan, cəmiyyətin diqqətindən kənarda qalan uşaqların təhsilinin təşkili, onların təhsil aldığı müəssisələrin maddi-texniki və tədris bazasının möhkəmləndirilməsi istiqamətində məqsədyönlü işlər görüldüyünü, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat məktəbləri və xüsusi məktəblərin əsaslı təmir edildiyini və ya yenidən qurulduğunu bildirib.

 

İdarə müdiri çıxışı zamanı sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsini gücləndirmək məqsədilə “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın uşaqların cəmiyyətə inteqrasiya olunması və təhsil almaları üçün əlverişli mühit yaratdığını da qeyd edib.

 

Sonra çıxış edənlər tədbir iştirakçılarını qarşıdan gələn 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yen il münasibətilə təbrik edərək onlara gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıblar. Bildiriblər ki, ölkəmizdə sağlamlıq imkanları məhdud uşaqların hər birinin sağlamlığına və yaşam tərzinə qayğı ilə yanaşmaq təkcə dövlətin yox, hər kəsin vətəndaşlıq borcudur.

 

Tədbirdə şagirdlər Vətənə, həmrəyliyə və Yeni ilə aid şeirlər, mahnılar səsləndirib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.

 



27.12.2019 | 15:52